Qurban Qurbanov Prezidentin dediyi kimi etdi...

qurban-qurbanov-prezidentin-dediyi-kimi-etdi
Oxunma sayı: 19939

Tarix boyu ölkə olaraq haqsızlıqla üzləşmişik. İstər siyasətdə, istərsə də digər sahələrdə, bu, həmişə belə olub. Elə buna görə də, ana laylası eşitmədən atasının qucağında Qarabağdan didərgin salınan uşaqlar, özləri övlad sahibi olacaq yaşa gələnədək ATƏT-in, onun-bunun nağıllarını eşidib. 30 ilə yaxın müddətdə beynəlxalq arenada təklənmişik, qardaş Türkiyəni çıxmaq şərtilə, kimsə haqq sözümüzə dəstək verməyib, əksinə, səsimizi boğmağa çalışıblar. Başlarına Qarabağ boyda daş düşüb...

Bu, idmanda da belə olub. Yaddaşıma çox da güc vermədən, təkcə “Qarabağ” futbol klubuna qarşı avrokuboklarda edilən bir neçə haqsızlığı, ədalətsizliyi xatırlayıram. Bakıda İtaliya nəhəngi “İnter”ə ana südü kimi halal qol vururuq, çexiyalı hakim saymır. Avropanın göbəyində, İsveçrədə top “Bazel”in qapısından az qala Zəfər yolunun uzunluğu qədər keçir, amma hakim yenə korluğuna salır, yenə haqsızlıq, yenə ədalətsizlik...

Bu, heç şübhəsiz ikili standartın, qərəzin nəticəsidir. Amma 44 günlük Vətən Müharibəsində şanlı qələbə qazanmaqla düşmənə, onun havadarlarına necə dərs keçmişdiksə, idmandakı ikili standarta da o cür cavab verdik. Özü də tarixi, illərlə unudulmayacaq cavab! “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ifasında, onun sayəsində...

Ötən gecəki oyunda “Marsel”ə qol vurmaq bizə hava-su kimi lazım idi. Oksigenlə hidrogeni matçın 33-cü dəqiqəsində tapırıq. İbrahima Vadji vacib qol vurur, hakim mərkəzi göstərir, fransızlar isə etiraz edir. Əslində, qonaqlar etiraz etməkdə haqlı idi, afrikalı futbolçu topu qapıdan əllə keçirmişdi. Elə əfsanəvi Maradona kimi... 

Bir anlıq düşünürük, bəlkə bu da “Tanrının əli” idi? 1986-cı ildə  Maradonanın əllə vurduğu qol sonradan Argentinanı növbəti mərhələyə daşıdığı, çempionluğa apardığı kimi, bəlkə oxşar qol “Qarabağ”ı da bir üst tura aparacaqdı? Təbii ki, bu sualın cavabını qol qeydə alınacağı halda öyrənə bilərdik. 

Amma Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjini yanına çağıraraq ondan qolu əllə vurub-vurmadağını soruşur. Hücumçu isə öz növbəsində topu əllə qapıdan keçirdiyini etiraf edir, bundan sonra baş məşqçinin göstərişi ilə futbolçu hakimə yaxınlaşaraq həqiqəti söyləyir. Beləcə, Qurban Qurbanov təkcə özünün yox, Azərbaycanın ədalətini göstərir. Haqqı nahaqa necə qurban vermək lazım olmadığını bütün dünyaya nümayiş etdirir. Bu, əslində, indiyədək “Qarabağ”a qarşı edilən bütün haqsızlıqların ən layiqli cavabı idi, şillə kimi cavab!

Artıq o “respect”dən sonra “Qarabağ”ın mərhələ adlayıb-adlamaycağı ilə bağlı narahatlığım arxa plana keçdi, qələbə və ya məğlubiyyət bir o qədər önəmli deyildi. 
Bu, üç qola da dəyər, beşinə də, yüzlərlə qələbəyə də! Bu, ən böyük qələbə idi! Avropa əsl azərbaycanlını, əsl Azərbaycanı gördü!

Prezident İlham Əliyevin də ötən ilin dekabrında UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ”ın üzvlərini qəbul edərkən dediyi kimi: 

“Mən bilirəm ki, “Qarabağ” klubu, rəhbərlik, məşqçilər, həmişə özlərini çox ləyaqətlə aparırlar, bəzi başqa məşqçilər və klub rəhbərləri kimi hay-haray salmırlar, qalmaqal yaratmırlar, əl-qol açmırlar. Mən bunu təqdir edirəm. Güclü insan həmişə özünü nizamlı aparır, həmişə gücünü lazım olan halda işə salır və bunu mən alqışlayıram”.

Düzdür, Qurbanov əllə qol vuran və həmin an milyonlarla insanı aldatmağı bacaran Maradona kimi dünya səviyyəsində tanınan güclü futbolçu olmayıb. Amma kim nə deyir desin, Qurbanov dünən gecə milyonların önündə, lazım olan anda əsl gücünü, ləyaqətini və ədalətini göstərdi. Ədalət hər şeydən üstündür!

Emin Səfərov