Sabirabad niyə abad olmur?

sabirabad-niye-abad-olmur
Oxunma sayı: 833



Kür çayı 2010-cu ilin yazında daşdı. Bir neçə rayonun ərazisində, əsasən də İmişli Sabirabad, Salyan rayonlarının ərazilərində problemlər yaşandı, əhali qaçqın düşdü, kəndlər su altında qaldı. Ölkədə Qarabağ müharibəsindən sonra ilk dəfə böyük miqyaslı çadır düşərgələri quruldu. Və Kür daşqınları Azərbaycanın bir nömrəli problemi kimi gündəmə gəldi. Həmin vaxt əlaqədar qurumların hazırlıqsız olmaları, insanları qəfil daşan Kürün qabağında əliyalın, aciz qoydu və o vaxt baş verənləri yəqin ki, heç kəs unutmayıb.

Lakin Kür bir neçə həftəlik kürlük eləyib geri çəkiləndən sonra Azərbaycanın prezidenti də başda olmaqla, ölkə rəhbərliyinə daxil olan şəxslər, nazirlər vaxtaşırı hadisə yerində oldular. Yaranmış problemin aradan qaldırılması istiqamətində addımlar atıldı. Məsələnin görünən tərəfi odur ki, Kür qaçqınları üçün yeni evlər tikildi, əhaliyə kompensasiyalar ödəndi, Kürdə suyun səviyyəsi qalxan zaman yeni daşqınların yaranmaması üçün çayda bəndlər vuruldu. Yəni belə demək mümkünsə, ilk baxışdan hökumət baş vermiş hadisə ilə bağlı üzərinə düşənləri yerinə yetirdi... Lakin məsələ, yaranmış problem aradan qaldırıldımı? Bu sualın cavabı əslində hər kəsə aydındır. Qeyd etdiyim kimi Kürdə suyun səviyyəsinin qalxmasından və enməsindən 2 ilə qədər ötməsinə baxmayaraq, kürqıraqlıların baş qaldıran kürlüyü hələ də sakitləşmək bilmir. Söhbət daşqınlardan sonra həmin rayonlarda, xüsusi ilə də Sabirabaddakı əhali narazılıqlarından gedir. Kür daşqınlarından sonra demək olar ki, hər həftə, hər ay Sabirabadda insanlar etiraz aksiyaları keçirir, daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərdən narazılıq edirlər. Onlar konkret olaraq kompensasiyaların verilməsindən, qəzalı evlərin təmirindən, ümumiyyətlə görülən işlərin obyektiv aparılmamasından şikayətlənirlər. Qeyd etmək lazımdır ki, bu narazılıqlar təkcə Sabirabadda deyil, İmişli və Salyanda da baş verib. İnsanların narazılıq ünvanları isə rayon icra hakimiyyətləri və bu məsələ ilə birbaşa məşğul olan Fövqəladə Hallar Nazirliyi (FHN) olub. Camaat tələb edir ki, bölgü ədalətli aparılsın, icra başçıları, FHN rəhbərliyi sakinlərlə görüşsün.

İnsanların qaldırdıqları tələblər yerinə yetirilirmi? Yetirilirsə, nəyə görə iki ildir etiraz aksiyaları bitmək bilmir? Ümumiyyətlə indiyə kimi hansı işlər görülüb kür daşqınları ilə bağlı?

Ötən il “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bu müddət ərzində həyata keçirilən tədbirlər və həmçinin mövcud problemlərlə bağlı hesabat hazırlamışdı. Həmin hesabatda qeyd olunurdu ki, Kür- Araz daşqınları ölkənin 30- a yaxın rayonunda 20 mindən çox yaşayış binasının, 110 min hektar əkin və örüş sahəsinin sel suları altında qalması ilə təxmini hesablamara görə 100 mindən artıq insana, eləcə də müxtəlif səpkili təsərrüfatlara, iaşə və məişət obyektlərinə, həmçinin tədris- təhsil, dini və səhiyyə ocaqlarına, infrastruktura böyük həcmdə ziyan vurub.

Hesabatda vurğulanırdı ki, aparılan istisadi araşdırmalar nəticəsində məlum olub ki, 2004- 2010- cu illər ərzində ölkədə su təsərrüfatı sisteminin qurulması, idarə və inkişaf etdirilməsi, meliorasiya işləri üçün dövlət büdcəsindən 1,1 milyard manat vəsait xərclənib. Bu istiqamətdə beynəlxalq qurumlardan isə 200 milyon ABŞ dolları həcmində xarici kredit alınıb.

Məlumat üçün qeyd etmək lazımdır ki, daşqınların baş verdiyi ilk günlərdə dövlət başçısı tərəfindən 19 may 2010- cu il tarixdə sərəncam imzalanıb. Sərəncamda daşqınlar nəticəsində dəyən ziyanın hər tərəfli və obyektiv qiymətləndirilməsinin zəruriliyi qeyd olunub. Həmçinin sənəddə daşqınların nəticələrinin aradan qaldırılması, eləcə də dəyən ziyanın müəyyənləşməsi, insanların mülkiyyət hüquqlarının bərpa olunması, onların yeni evlərlə təmin olunması, həmçinin evlərinin bərpa olunması və kompensasiya verilməsi qərara alınıb. Dövlət başçısının sərəncamı ilə bu işlərin həyata keçirilməsi üçün hökumət komissiyası yaradılıb və hökumətə tapşırıq verilib ki, müvafiq addımlar atılsın. Nazirlər Kabineti tərəfindən bu sərəncamdan irəli gələn işləri yerinə yetirmək üçün 09 iyul 2010- cu ildə 197 s saylı sərəncam imzalanıb və dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. Vəsaitin əsas xərclənmə təyinatlarından biri daşqınların təsirinə məruz qaldığı müəyyənləşmiş 3205 evin tikilməsi, 3222 evin təmir olunması, 700 evdə isə bərpa gücləndirmə işlərinin aparılması idi. Bunun üçün ümumi vəsaitdən 202,3 milyon manat vəsait ayrıldı və bu işlərin həyata keçirilməsi Fövqaladə Hallar Nazirliyinə tapşırıldı. FHN- nin məlumatına görə ötən müddət ərzində daşqın bölgəsində 3143 ev tikilib.

Daşqınlar nəticəsində dəyən ziyan və buna görə sakinlərə ödənilən kompensasiyalarla baqli FHN- nin rəsmi internet səhifəsində yerləşdirilmiş digər məlumatlarda isə qeyd olunub ki, “20 aprel 2011-ci il tarixinə təbii fəlakət nəticəsində evlərinə ziyan dəymiş 8986 ailəyə 8608,7 min manat yardım ödənilmişdir. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq göstərişi ilə Sabirabad rayonunun Əsgərbəyli, Muradbəyli, Qasımbəyli və Yuxarı Axtaçı kənd sakinlərinin əkin sahələri və əmlaklarına dəymiş ziyana görə 1065 ailəyə 1120,0 min manat məbləğində birdəfəlik maddi yardımlar ödənilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 2011-ci il tarixli 71s nömrəli Sərəncamına əsasən Kür və Araz çaylarının daşması nəticəsində əhalinin əkin sahələrinə dəymiş ziyana görə 13177 ailəyə 6004170 manat məbləğində birdəfəlik yardım ödənilmişdir...

Yekun olaraq 2010- cu ildə Kür Araz daşqınlarının baş verməsi və qrunt sularının səviyyəsinin qalxması ilə ziyan dəymiş 23211 ailəyə 15732854 manat həcmində vəsait ödənilmişdir” .

Hesabatda həmçinin, bildirlir ki, evlərin tikilməsi üçün nə qədər vəsaitin xərcləndiyi məlum deyil. Nazirlər Kabinetinin 09 iyul 2010- cu il tarixli 197 saylı Sərəncamında 3205 evin tikilməsi üçün (infrastrukturla birlikdə) 202,3 milyon manat vəsait ayrılıb. Bu isə bir evin tikilməsi üçün təxminən 63 min manat vəsait deməkdir. Bir evin tikilməsi üçün realliqda bu qədər vəsaitin xərclənməsi bəzi suallar doğurur. Aidiyyatı qurumlar isə evlərin (və ya ayrıca bir evin) tikintisi üçün xərclənən vəsaitin konkret həcmini açıqlamır. “Kür” Qərargahının yerli mütəxəssislərlə birgə apardığı araşdırmalara görə isə rayon yerlərində (işçi qüvvəsinin nisbətən ucuz, torpaq sahəsi pulsuz, inzibati müdaxilə olmayan və s.) 2 və ya 3 otaqlı bir evin tikilməsi maksimum 18- 20 min manata başa gəlir.

Hesabatdan da göründüyü kimi daşqınlar baş verəndən sonra hökumət məsələ ciddi şəkildə yanaşıb, problemin aradan qaldırılması üçün kifayət qədər vəsait ayrılıb. Bütün bunlar azmış kimi pezident İlham Əliyev martın 29-da, yəni cəmi bir neçə gün əvvəl Kür-Araz daşqınları nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncamda da qeyd olunur ki, təxirəsalınmadan bu istiqamətdə görülən işlərin davam etdirilməsini təmin etmək məqsədi ilə Fövqəladə Hallar Nazirliyinə 50 milyon manat vəsait ayrılsın.

Dövlət başçısının məlum sərəncamından sonra nazir Kəmaləddin Heydərov bölgədə toplantı keçirərək icra başçıları ilə məsləhətləşmələr aparıb, görüləcək işləri müzakirə ediblər.

Lakin bütün bunların ardından Sabirabadın Minbaşı kəndinin sakinləri növbəti mitinqi keçiriblər. Camaat yenə də eyni problemləri qaldıraraq görülən işlərdən narazı qaldıqlarını, icra başçısı ilə, FHN rəhbərliyi ilə görüşmək istədiklərini deyiblər.

Maraqlıdır ki, nəyə görə dövlət büdcəsindən ayrılan bu qədər vəsait Sabirabad camaatının narazılığını yatırtmağa çatmır? Nə baş verir ki, sakinlər etiraz aksiyası keçirirlər? Nəyə görə icra başçısı onların pulsuz başa gələn ən adi tələblərini yerinə yetirmir. Başçı olduğun rayonun camaatı narahatdırsa, onlarla lap elə hər gün görüşmək, dərdləşmək, problemlərini dinləmək, izahat vermək, başa düşməyən oldusa bir də aydınlıq gətirmək olmazmı? Yoxsa nə baş verir ki, bir tərəfdən dövlətin pulları gedir, prezidentin sərəncamları ilə milyonlar ayrılır, digər tərəfdən camaat aksiya keçirtməkdə davam edir? Demək bu məsələdə ortada nəsə düzgün olmayan bir iş var. Və bu düzgün olmayan nədirsə mütləq ciddi şəkildə fəsad verəcək. Hər halda, Sabirabadda baş verənlər ciddi şəkildə təhlil olunmalı, hər bir şəxsin narazılığı ayrı-ayrılıqda öyrənilməli və ölçü götürülməlidir. Bu yəqin ki, sözün bir çox mənalarında ölkənin fövqəlnaziri Kəmaləddin Heydərovun əlində o qədər də çətin şey olmamalıdır. Bu işin görülməsi üçün mütləq Sabirabadda fövqəladə halmı yaşanmalıdır?.. Bu məsələdə kürlüyü kim eləyir?

Elbrus Ərud