“Silk Way West Airlines” Qırğızıstandan Azərbaycana yak daşınmasını uğurla həyata keçirib

silk-way-west-airlines-qirgizistandan-azerbaycana-yak-dasinmasini-ugurla-heyata-kecirib
Oxunma sayı: 1771

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan “Silk Way West Airlines” Qırğızıstandan Azərbaycana 116 yakın daşınmasını uğurla həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu missiya Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında Kəlbəcərdə heyvandarlıq proqramını gücləndirmək məqsədilə həyata keçirilib və aviaşirkətin kənd təsərrüfatının dayanıqlı inkişafına dəstəyini nümayiş etdirir.

Azərbaycanın kənd təsərrüfatı biomüxtəlifliyi üçün önəmli olan yaklar Bişkek Manas Beynəlxalq Hava Limanından Gəncə Hava Limanına “Boeing 747-400F” təyyarəsi ilə 2000 kilometrdən artıq məsafə qət ediblər. Ən yüksək standartları təmin etmək üçün yaklar zədə və stressdən qoruyan xüsusi hazırlanmış qəfəslərə yerləşdirildi. Səyahət boyu optimal şərait üçün təyyarə qabaqcıl havalandırma və temperatur nəzarət sistemləri ilə təchiz olunmuşdur.

Uçuşdan sonra yaklar ehtiyatla Kəlbəcərin gur otlaqlarındakı yeni evlərinə çatdırıldı. Orada onlar yerli kənd təsərrüfatına töhfə verəcək və bölgədəki mal-qaranın genetik müxtəlifliyini artıracaqlar.

“Silk Way West Airlines” heyvanların daşınmasında mürəkkəb əməliyyatlarının idarə edilməsində çoxillik təcrübəyə malikdir. Şirkətin portfelinə alpaka, kenquru, it, at və Avropa bizonu kimi müxtəlif növ heyvanların təhlükəsiz daşınması daxildir və bu, onun geniş imkanlarını və heyvanların qorunmasına olan sadiqliyini nümayiş etdirir.

“Silk Way West Airlines” aviaşirkətinin MDB və Mərkəzi Asiya üzrə vitse-prezidenti Vüqar Məmmədov şirkətin bu təşəbbüsdəki rolundan qürur duyduğunu bildirib. “Diri heyvanların peşəkarcasına daşınması vasitəsilə dayanıqlı kənd təsərrüfatının və biomüxtəlifliyin dəstəkləməsindən şərəf duyuruq. Kənd Təsərrüfatı Nazirliyi ilə uğurlu əməkdaşlığımız yerli ekosistemləri gücləndirmək və qlobal davamlılıq səylərinə töhfə vermək öhdəliyimizi vurğulayır”, - deyə cənab Məmmədov bildirib.

Bu layihə “Silk Way West Airlines”ın ekoloji davamlılığa dəstək və yerli icmaların inkişafına yardım kimi geniş korporativ sosial məsuliyyət məqsədlərinə uyğundur.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir “Boeing 777F”, “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.

Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, “Silk Way West Airlines” 2030-cu ilə qədər donanmasını dörd “Boeing 777F”, iki “Boeing 777-8F” və iki “Airbus A350F” daxil olmaqla müasir yük təyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsilə qlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.