Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin ilk günü iştirakçılara Azərbaycan dili təlimi təşkil edilib.
Bu barədə “Qafqazinfo”ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Təlimi Azərbaycan Dillər Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi Səbinə Əliyeva tədris edib. Təqdirəlayiqdir ki, düşərgə iştirakçıları, xüsusilə də xaricdə doğulub böyüyən gənclər arasında doğma dilimizi mükəmməl bilənlər olsa da, 115 nəfərin hər biri Azərbacan dili təliminə qatılıb.
Proqram “Azərbaycan diasporu və dövlət gənclər siyasəti” və “Dövlət Qurumları ilə ictimai əlaqələrin qurulması” mövzularında panellərlə davam edib.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəblinin moderatorluqları ilə aparılan panel işlaslarında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, “Teknofest Azerbaijan” Aerokosmik və Texnologiya Festivalının qalibi Rauf Heydərli, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev çıxış ediblər.
Panel iclaslarında Azərbaycan dövlətinin diaspor və gənclərlə iş sahəsində gördüyü işlər barədə ətraflı məlumat verilib, diaspor gənclərinin xaricdə ölkəmizin qeyri-rəsmi səfirləri olduqları, beynəlxalq tədbirlərdə tarixi vətənlərini ləyaqətlə təmsil etdikləri vurğulanıb. 44 günlük Vətən müharibəsi dönəmində xalqımızın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə fədakarlıqla çatdıran gənclərimizə minnətdarlıq ifadə edilib. Müstəqil Azərbaycan dövlətinə qarşı yönələn təhdidlərin və məqsədyönlü təxribatların önünün alınmasında gənclərin roluna diqqət cəlb edilib və bu istiqamətdə fəallıq göstərilməsi yollarından danışılıb.
Düşərgə gənclərinin ilk günü Şuşa turu və əyləncəli proqramla başa çatıb.
Son xəbərlər
Son Xəbərlər