Terror oldu, Rafiq Əliyev sağ-salamatdı

terror-oldu-rafiq-eliyev-sag-salamatdi
Oxunma sayı: 824

Akademik Rafiq Əliyevin rəhbəri olduğu Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış İdarə Sistemləri kafedrasında terror hadisəsi baş verib. Xoşbəxtlikdən kafedra müdiri sağ-salamatdı.

Hadisə belə olub: Rafiq Əliyev cəmiyyətdə ziyalılığın çəkisi artsın deyə, gələcəyin işıqlı olması amacı ilə yaradılan Ziyalılar Forumunun toplantısına tələsdiyi vaxt Akademiyanın rektoru əmr imzalayır.

Bunu deyim sonra: Siyavuş Qarayevin imzası bir vaxtlar mənim də əmrimdə olub. İmzası ilə rektor olanı o vaxta qədər imzası ilə tanımamışdım. Amma imzasını tanıdım.

4 illik həqiqi hərbi xidmətdən qayıdanda axşam şöbəsi gündüzləri də axşama oxşayan təhsil sisteminin qaranlığında ərimişdi. 11 fərq imtahanı verməliydim. Rektorun imzası bunu təsdiqləyirdi. Bu adam, əlbəttə Siyavuş Qarayev, yaddaşıma birinci dəfə tələbələrə fərq qoyan rektor kimi ayaq basdı, çox keçmədi onun işə gələndə binanın adamsızlaşdırılması bacarığına malik obrazı da şüuraltıma keçdi. Əvvəlcə tələbə gənclər təşkilatının idmançı formasına malik idmandan xəbəri olmayan bir neçə fəalı dəhlizə daxil olaraq sağa-sola səpələnir, adamsızlığın vəziyyəti müəyyənləşəndən sonra rektor içəri daxil olur.

Əminəm ki, bu dəfə də Siyavuş Qarayev ADNA-nın əsas binasına elə daxil olub, əmri belə imzalayıb və Rafiq Əliyevə elə-belə təqdim edib. Bilməyib ki, imzasını terror hadisəsinə səbəb olacaq sənədə atıb.

Terror hadisəsi baş verəndə Rafiq Əliyev Beynəlxalq Mətbuat Mərkəzində «Milli Birliyin şərtləri və yolları» mövzusunda keçirilən foruma sədrlik edirdi. Çiyindaşları arasında terrora məruz qalmayan təkcə o idi. Rüstəm İbrahimbəyovun Kinematoqrafçılar İttifaqı yoxa çıxdı; Eldar Namazovdan sonra dövlətin müşavirlik vəzifəsi ləğv edildi; Şahlar Əsgərovun Boloniya sisteminə keçid layihəsi mandatsızlığın qurbanı oldu; Ramiz Rövşən titulsuz qaldı; Gültəkin Hacıbəylini terrorun havası uzağa itələdi; Prezident İlham Əliyevin etimad göstərdiyi vəkil Aslan İsmayılov Vəkillər Kollegiyasının töhmətinə tuş gəldi.

Rafiq Əliyevçünsə bu günə hesablanmışdı. Terrordan öncə tamaşa etməyə toplaşan Azərbaycan xalqının hər bir nümayəndəsinə paylanan kağız parçasından oxuyuruq: «İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddə) əmək müqaviləsi ləğv olunur».

Rafiq Əliyev barəsindəki yazılarımın birindən: Türk dünyasında cəmi bir Nobel mükafatı var. Yazıçı Orxan Pamuk alıb. Hələ də danışılır ki, onu siyasi mövqeyinə görə şərəfləndiriblər. İkinci Nobeli Rafiq Əliyev ala bilər. Və bir kimsə deməz onu siyasi mövqeyinə görə mükafatlandırıblar. Deməli, birinci mükafat - layiqli Nobel mənim, sənin, bizim müəllimimizə, Azərbaycan türkünə veriləcək. Rafiq Əliyevin nəzəriyyəsi dünya elmində yenilikdi, hadisədir.

Rafiq Əliyevə qarşı terror da yenilik oldu, tarixi hadisəyə çevrildi. Proqnoz verirəm: “Əmək müqaviləsi ləğv olunur” adı altında tarixə əbədilik həkk olunacaq hadisə Siyavuş Qarayevin rektoru olduğu ADNA-nın yeni korpusunda 2009-cu ilin 30 aprelində yaşanan tələbə qətliamından daha heyrət və dəhşət doğuracaq. Birinci hadisəyə terrora tez-tez məruz qalan Avropa və Qərb ölkələri etinasız yanaşdılar, ikinci hadisə isə nəhəng-nəhəng avropalı və qərbli elm adamlarını məhz Azərbaycan hakimiyyətinin yürütdüyü cəmiyyət siyasətinə qarşı etiraza qaldıracaq. Ölkə rəhbərliyinə məktublar yazılacaq, gülməli də olsa, bizim rəhbərliyə Rafiq Əliyevin kimliyi izah ediləcək.

Qeyri-səlis məntiqin dünyəvi banisi, Azərbaycanın gözünün ağı-qarası, prezidentimizlə iki dəfə görüşən Lütvi Zadə görəsən elmi varisi Rafiq Əliyevə keçən il yazdığı məktubu birinci şəxsə göndərsə, birinci şəxs sonuncu terrorun Azərbaycanın olub qalan imicini də param-parça edəcəyini heç olmasa intuisiyası ilə hiss edəcəkmi?

Həmin məktub: “Göndərdiyin elmi hesabat monumental bir işdir. O, qeyri-müəyyənlik çərçivəsində qərar vermə sahəsində indiyədək görülən bütün işləri xeyli üstələyir. Fikrimcə, bu iş əsasında iqtisadiyyat üzrə Nobel mükafatına namizəd olmalısınız”.

Qeyri-müəyyənlik çərçivəsində qərar vermə sahəsinin banisi Rafiq Əliyev özünün əmək funksiyasını kobud şəklidə pozub? Siyavuş Qarayev, indi nə deyirsən, prezident Lütvi Zadəyə belə cavab versin?

...Sualın ağırlığından sol əlimlə alnımı sıxıram. Sağ əlimin 3-cü barmağı ilə səhifəni endirib, yuxarıda bir abzasından istifadə etdiyim “Rafiq Əliyev! Rafiq Əliyev! Rafiq Əliyev!” yazısını açıram. Sonuncu abzası ordan götürüb bu yazıya yerləşdirirəm. Oxuyun:

Mənim müəllimim! Qeyri-səlis məntiqin elmi tərəfini öyrənməyə başım olmasa da, fəlsəfi tərəfini öyrəndim. İndi dəqiq bilirəm: "hə" və "yox" cavabı arasında xeyli cavablar var. Daha qərarsızlıq içində vurnuxmuram. "Hə" də düz gəlməyəndə, "yox" da, onların arasında o xeyli cavablardan birini tapıram. Qeyri-müəyyənlıkdən qurtulmaq həyatdı. Siz mənə həyat verdiz. Az qalıb, əvvəl xaricdən, sonra daxildən eşidəcəyik: Siz bizə həyat verdiz, Rafiq Əliyev. Nə yaxşı olardı, əvvəl daxil, sonra xaricdən səs çıxardı. Xaric daxildən öncə dillənəndə harmoniya itir.

Peşmanam. Gərək daxilin dillənməsini heç istəməzdim. Əksi baş verdi. Daxil dilləndi harmoniya pozuldu. Harmoniyadan sonrakı mərhələdəyik. XAOSDU. Rafiq Əliyevin nəhəngliyini dərk etməyənlərin həyata keçirdikləri terrorun ardından cəmiyyətdə yalnız bir mütləq hakim olar bilər – XAOS!


P.S Avtomatlaşdırılmış İdarə Sistemləri kafedrasındakı kabinetinizin yanında keçəndə səsli-küylü biri olmağıma baxmayaraq, ayaqlarımı sürüyürdüm və sakit-sakit danışırdım. Uşaqlar səbəbini soruşanda deyirdim, Rafiq müəllimə mane olmaq istəmirəm. Mən də onu belə qorumağa çalışıram.