Ötən gün Şəki şəhərində baş verən yol qəzasının bəzi təfərrüatları məlum olub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Holavar kəndində "Mersedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub.
Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə İbrahim Ağalarovla nişanlısının Bakıdan rayona qayıtdıqları vaxt baş verib.
Belə ki, paytaxtda işləyən gənclər məzuniyyət götürərək iyunun 19-da Balakəndə keçiriləcək toylarına hazırlaşmaq məqsədilə yola çıxıblar. Onlar iyunun 10-da işdən çıxdıqdan sonra Bakıda bəzi işlərini həll edib gecə saatlarında doğmalarının yaşadığı Balakənin Hənifə kəndinə yola düşüblər. İyunun 11-də gecə saat 3-4 radələrində İbrahim Ağalarovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili magistral yolun Şəkinin Aşağı Küngüt kəndindən keçən hissəsində qəzaya uğrayıb. İdarəetmədən çıxan avtomobil yolun kənarındakı ağaca çırpılıb və hadisə yerinə cəlb edilən xilasedicilər İ.Ağalarovun meyitini maşından çıxarıblar.
Nizam Rza


Son xəbərlər
Son Xəbərlər