Umbakıda yeni cəzaçəkmə müəssisəsi istifadəyə verilib

umbakida-yeni-cezacekme-muessisesi-istifadeye-verilib
Oxunma sayı: 6460

Bu gün paytaxtın Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleks istifadəyə verilib, yaradılan şəraitlə tanışlıq olub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə iştirak edən ədliyyə naziri Fikrət Məmmədov penitensiar sahədə aparılan islahatlardan, məhkumların saxlanma şəraitinin, tibbi təminatının yaxşılaşdırılması, sosial adaptasiyası ilə bağlı görülən ardıcıl tədbirlərdən danışıb.

Komplekslə tanışlıq zamanı məlumat verilib ki, beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan – cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir. Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaqdır.

Ümumi saxlanma limiti 1.300 nəfər olan kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub. Kameralarda hər cür şərait yaradılıb, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb.

Həmçinin, müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub.

Saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün kompleksin ərazisində Tibb-sanitar hissələri üçün müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur.

Məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün kompleksdə xüsusi otaqlar da nəzərdə tutulub.

Bildirilib ki, məhkumların sosial adaptasiyası məqsədilə onların ailələri ilə zəruri məişət avadanlığı ilə təchiz edilmiş studio-mənzil tipli uzunmüddətli görüş otaqları, habelə qısamüddətli görüşlər üçün kabinələr quraşdırılıb.

Eyni zamanda məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, televizor otağı, idman meydançaları, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb, bərbərxana, dərzi xidmətləri təşkil edilib.

Həmin gün kompleksin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycan ədliyyəsinin 105-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilərək ərazidə yeni ağaclar əkilib.