Xəzərin sahilində yeniləşən Astara - Fotolar

xezerin-sahilinde-yenilesen-astara
Oxunma sayı: 5416

Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları paytaxt Bakı şəhəri ilə yanaşı bölgələrdə də böyük canlanmaya səbəb olub. Respublikanın bütün rayonlarında sürətlə aparılan tikinti-quruculuq və abadlıq işləri ilə şəhər, qəsəbə və kəndlərimiz gözəlləşir, insanların firavan yaşayışı üçün ideal şərait yaranır.

“Qafqazinfo”nun məlumatına görə, Astara rayonunda da son illərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir. Bu məqsədlə cənab Prezidentin imzaladığı Sərəncamlarla ayrılan vəsait hesabına rayonun şəhər, qəsəbə və kəndlərində çoxlu tikinti-quruculuq, abadlıq işləri görülmüş, yüzlərlə yeni iş yerləri açılıb. Bu quruculuq işləri rayonun hüsnünə misilsiz gözəllik verir. Azərbaycanın dilbər guşələrindən biri olan Astaramız təbiətin bəxş etdiyi nadir gözəllikləri ilə yanaşı, insan əməyi ilə yaranan gözəllikləri ilə də fəxr edir. Son beş-altı ildə görülən işləri sadalamaqla qurtaran deyil.

Astara şəhərinin mərkəzində  ən müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzi, Gənclər evi, Astara Olimpiya-İdman kompleksi, Astara Boks Mərkəzi,  40-dan çox yeni tikilmiş, yaxud  əsaslı təmir olunaraq istifadəyə verilmiş məktəblər, yenidən qurularaq əsaslı təmir olunan Astara Rayon Mərkəzi xəstəxanası, yeni tikilmiş inzibati idarə və yüksək səviyyədə təmir edilmiş ictimai yaşayış binaları, 10 kilometrlərlə şəhərdaxili və kənd ara yolları, Astara şəhərinə çəkilən içməli su şəbəkəsi, rayon ərazisindən keçən çaylarda aparılan sahilbərkitmə işləri... Bundan əlavə, Astara şəhərinin prospekt və küçələrinin yenidən qurularaq müasir işıqlandırma sistemi ilə təmin edilməsi, çoxmərtəbəli ictimai yaşayış binaların dam örtüklərinin dəyişdirilməsi, fasad və bloklarının təmir edilməsi son illər görülən işlərdir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonda aparılan bütün tikinti-quruculuq işlərinə şəxsən nəzarət etməsi, iş icraçılarına tez-tez baş çəkərək problemlərlə maraqlanıb tövsiyə və tapşırıqlarını verməsi həmin işlərin daha keyfiyyətlə və vaxtında icrasına səbəb olur.

Tikinti-quruculuq sahəsində rayonda həyata keçirilən ən böyük layihələrdən biri də Xəzər dənizi sahilində hektarlarla bataqlığa çevrilmiş kol və qamışların örtdüyü ərazinin qurudularaq abadlaşdırılması, ən müasir memarlıq üslubunda dənizkənarı park-bulvar kompleksinin salınmasıdır. Park-bulvarın şöhrəti nəinki respublikamızda, onun hüdudlarından kənara da yayılıb. Qonşu ölkələrlə yanaşı, hətta Avropa ölkələrindən hər il yaz-yay mövsümündə minlərlə turist və rayona gələn qonaqlar dənizkənarı park-bulvarda fəaliyyət göstərən kotteclərdə, hotellərdə və digər xidmət obyektlərində istədikləri kimi istirahət edə bilirlər. Hazırda park-bulvarın ətrafında müasir turizm infrastrukturları – mehmanxana və hotellər tikmək, idman-əyləncə  obyektləri yaratmaq, çoxmərtəbəli ictimai yaşayış binaları, iaşə obyektləri inşa etməklə yeni iş yerlərinin açılması üçün  tədbirlər planlaşdırılır.

Hazırda icrasına başlanmış ən böyük layihə cənab Prezidentin sərəncamı ilə Bakı-Astara dəmir yol xəttinin Xəzər dənizi sahilindən Ələt-Astara magistral yoluna paralel köçürülməsi işidir. Bununla dəniz sahili genişlənəcək və dənizlə sərhəd aradan qaldırılaraq ərazidə infrastruktur layihələr həyata keçiriləcək. 

Ölkəmizin gücünü, qüdrətini dünyaya göstərmək üçün heç bir sübuta ehtiyac yoxdur. Sadəcə paytaxtdan xeyli uzaqlarda ən ucqar kəndlərimizdə hər cür sosial qayğı ilə əhatə olunmuş, rahat, firavan həyat yaşayan sakinlərin məsudluğunu görmək kifayət edər.