XI sinif şagirdi niyə vəfat etdi? - Yenilənib

xi-sinif-sagirdi-niye-vefat-etdi
Oxunma sayı: 7054

Ötən gün İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Xəyal Bağıyev qəfildən vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı təhsil müəssisəsinin feysbuk səhifəsində paylaşım olunub. Şagirdin qəfil ölümü ciddi müzakirələrə səbəb olub. Yeniyetmənin qızdırmadan vəfat etdiyi deyilsə də, dəqiq ölüm səbəbi və xəstəliyi açıqlanmır. 

Faktla bağlı İsmayıllı Mərkəzi Rayon Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan hazırda ölüm səbəbinin dəqiqləşdirildiyi bildirildi: “Yeniyetmənin əvvəldən dalağı çıxarılıb, qızdırması olub. Xəstəxanaya ağır vəziyyətdə gətirilib, iki gün idi ki, yüksək hərarəti var idi. Hələ ölüm səbəbi məlum deyil. Hazırda bununla bağlı araşdırma gedir və bu barədə məlumat veriləcək”.

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə də (TƏBİB) sorğu ünvanladıq. Qurumdan dəqiqləşdirmələrdən sonra cavab veriləcəyi bildirildi. 

Qeyd edək ki, X. Bağıyevin valideynləri də həmin məktəbdə çalışırlar. Atası Vidadi Bağıyev məktəbin direktor müavini, anası Aynurə xanım isə müəllimdir. Təhsil müəssisəsi Xəyalın ölümü ilə bağlı yaydığı açıqlamada həmişə şagirdin uğurları ilə tanındığı qeyd edilib: "Bu gün bizimlə vidalaşmağını qeyd etmək çox ağırdır”.

***

İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, xəstə - 16 yaşlı Bağıyev Xəyal Vidadi oğlu 05.08.2021ci il tarixdə saat 22:10 radələrində təcili tibbi yardım stansiyasına müraciət edib: 

“İlkin olaraq xəstədə temperaturun 40.1°C yüksəlməsi, halsızlıq, ürəkbulanma, qusma kimi şikayətlər olub. Təcili yardım briqadası gələnə qədər xəstənin əzələ daxilinə evdə analgin, dimedrol, novokain qarışığı vurulub. Təcili yardım stansiyasının feldşeri venaya infuziya məhlulu qoşub və Mərkəzi Xəstəxananın Təcili Yardım bölməsinə gətirib. Bölmədə xəstə müayinə olunub, ilk yardım göstərilib”.

Yardım göstərildikdən sonra, saat 01:00-da xəstənin vəziyyəti stabilləşib, yaxşılaşıb və o, evə getməsini tələb edib. Lakin evdə xəstənin halı təkrar pisləşdiyindən onu şəxsi avtomobillə 04:15-də TTY bölməsinə gətiriblər:
“Gəldiyi zaman xəstənin vəziyyəti ağır olub, həkim briqadası reanimatoloq, pediatr, növbətçi həkim tərəfindən xəstəyə ilk yardım olunub lakin, aparılan müalicə tədbirlərinə baxmayaraq xəstə 06:30-da vəfat edib. İlkin diaqnoz dəqiqləşdirilməmiş pnevmoniya, ağciyər, ürək çatışmazlığıdır”.

Xəstəxanadan həmçinin bildirilib ki, xəstədən götürülən COVID-19 testinin cavabı neqativdir.

Gülnar Əliyeva