Yasamal rayonunda 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov hesabat məruzəsi ilə çıxış edib. 2019-cu ildə ölkədə həyata keçirilən iqtisadi islahatlar Yasamal rayonunun da iqtisadi göstəricilərinə öz müsbət təsirini göstərib. Bu dövrdə 404 106 200 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Nəqliyyat sektorunda xidmətlərin həcmi 1,4 faiz artaraq 2 506 964 400 manat, rabitə xidmətlərinin həcmi 5 faiz artaraq 718 650 700 manat olmuşdur. Əsas kapitala 905 354 800 manat məbləğində vəsait yönəlmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artım deməkdir.
Tikinti müəssisələrinin öz gücləri hesabına yerinə yetirdikləri podrat işlərinin həcmi 850 525 500 manat məbləğində qeydə alınmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 785 002 700 manata bərabər olmuşdur ki, bunun da 10,6 faizi dövlət müəssisələrinin payına düşmüşdür. İaşə müəssisələrinin dövriyyəsi 68 177 000 manata bərabər olmuşdur. Muzdlu işçilərin sayı 40,2 faiz artaraq 148 105 nəfərə, işçilərin orta aylıq əmək haqqı 686 manata bərabər olub.
Ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq Yasamal RİH rayon sakinlərinin sosial problemlərinin əsaslı surətdə aradan qaldırılması ilə bərabər məşğulluq məsələlərinin müsbət həllini prioritet vəzifələrdən biri hesab edir. Hesabat dövründə Yasamal rayon Məşğulluq Mərkəzinə 8720 nəfər vətəndaş müraciət etmiş, onlardan 8576 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınmış, 4332 nəfər daimi işlə, 2006 nəfər isə ötən ildən fəaliyyətə başlamış ilk DOST Mərkəzi tərəfindən sosial işlərlə təmin olunub.
Ötən ilin sonundan başlayaraq qanunsuz tikililərə qarşı mübarizə tədbirləri gücləndirilib, ümumilikdə 50-yə yaxın ünvanda zəbt edilmiş ərazilərin ətrafına çəkilmiş çəpər və hasarlar, qanunsuz tikililər sökülüb.
Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən “Pilot Layihə”lərin icrası ötən il uğurla davam etdirilib.
“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Prezidentin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən Yasamal rayonu ərazisində yaşayış evlərinin sənədləşdirilməsi sahəsində ümumi işin 70,4 faiz icrasının təmin olunması deməkdir.
“Sovetski” adlanan ərazidə əvvəlki mərhələdə sökülərək boşaldılmış ərazidə abadlıq işləri başa çatdırılmışdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Yasamal rayonu ərazisində yerləşən “Təzəpir” məscidinin qarşısındakı yeni parkın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak ediblər.
Yasamal rayonunda dövlət əhəmiyyətli daha bir tədbirin - Prezidentin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmış Prezident yanında “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Qanlı Göl”ün şimal hissəsində 11,6 hektar torpaq sahəsində yaşayış kompleksinin tikintisi başa çatdırılıb. Sentyabrın 16-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yaşayış kompleksində istifadəyə verilən 161 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.
Yasamal rayon Enerji Satışı və İstismarı İdarəsi, Su-kanal İdarəsi və Bakı Regional Qaz Departamentinin Mərkəzi Rayonlar üzrə Texniki İstismar Xidməti tərəfindən əhaliyə kommunal xidmətlər sahəsində ciddi problemlər müşahidə olunmayıb.
“Azəristiliktəchizat“ Açıq Səhmdar Cəmiyyətinin 8 və 14 saylı İstilik Sistemləri İstismar Sahələri tərəfindən istiliklə təmin olunmayan əhalinin, hüquqi və fiziki şəxslərin təchizatı sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işləri davam etdirilməlidir.
Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayon əhalisinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin profilaktikası istiqamətində bir sıra işlər görülmüş və rayonun epidemioloji durumu əsasən diqqət mərkəzində saxlanılıb.
Hesabat iclasında Prezidenti Administrasiyasının məsul işçisi T.Tağıyev, Yasamal rayonunun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Hesabat məruzəsi ətrafında çıxışlardan sonra qərar layihəsi müzakirə olunaraq qəbul olundu və Prezident İlham Əliyevə Yasamal rayon ictimaiyyəti adından müraciətin mətni təsdiq edildi.