Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirildi - Fotolar

yevlaxda-umummilli-lider-heyder-eliyevin-anadan-olmasinin-101-ci-ildonumune-hesr-olunan-tedbir-kecirildi
Oxunma sayı: 2071

Mayın 8-də Yevlax Şəhər İcra Hakimiyyətinin tərəfindən İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzinin akt zalında Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində Ulu Öndərin büstünün önünə gül dəstələri düzüb.

Sonra Ulu Öndərin şərəfli, hər birimizə örnək olan həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən geniş bəhs edərək bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Ulu Öndərimizin fəaliyyəti nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb. Beləliklə, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.

Şəhər rəhbəri Ulu Öndərin parlaq ideyalarını həyata keçirən, onun şərəfli adını daşıyan Heydər Əliyev Fondunun yaranmasından keçən 20 illik tarixdən,Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyialtında Fond tərəfindən təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, xalqımızın mənəvi irsinin qorunması və təbliği, keçmiş Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması sahəsində görülən əvəzolunmaz işlərdən, həmçinin Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrdən danışıb.

Daha sonra Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax Yevlax rayon Təşkilatının sədri Rafiq Əliyev çıxışlarında dünya şöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə danışıblar.

Tədbir çərçivəsində Ali Baş Komandan İlham Əliyevin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif etmiş Əhmədova Zərxanım Yusif qızına medalı təqdim olunub. Həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP fəalları və ümumrayon məktəbləri arasında keçilmiş “Dövlətçilyin xilaskarı, xalqın sevimlisi Ulu Öndər Heydər Əliyev”adlı inşa-yazı müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Tədbirin bədii hissəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında konsert proqramı nümayiş etdirilib.