“Evinizdən körpə səsi gəlsin!” - ailə quran cütlüklərə ünvanlanan ən gözəl arzudur. Övlad evin çırağıdır, nəsilin davamçısıdır. Yaxşı övlad-düzgün tərbiyə almış, savadlı, bilikli övlad həm də bütöv bir nəsilin, el-obasının, ölkəsinin fəxridir...
Övlad üzündən dağılan nə qədər ailənin faciəsinin şahidi oluruq... Nə qədər çıraqlar keçir, ocaqlar sönür. İki qonşu ailə tanıyırdım. Biri ziyalı kəsimə aid idi-maddi cəhətdən tam təmin olunmuş, qayğıdan, problemlərdən azad bir ailə. Yeganə problemləri övlad dhəsrəti çəkməkdi-20 il idi evli olmalarına baxmayaraq övladları olmurdu. Dünyanın ən nüfuzlu xəstəxanalarında müalicə kursu keçmişdilər, yenə də nəticəsi yox idi. Başlarını Avropa ölkələrinə səyahətdə keçirməklə qatırdılar. Zəngin həyatlarının gözqamaşdırıcı parıltısı arasından sönən bir ocağın közü isə aydınca sezilməkdəydi... Digər ailədə yeddi övlad vardı. Ata bazarda yük daşımaqla, ana küçə süpürməklə dolanırdılar. Uşaqlar kirin-pasın içində, ayaqyalın, başıaçıq küçələrdə böyüyürdülər. Gözümüzün önündəcə böyük övlad yeniyetmə vaxtı oğurluq üstündə tutuldu... Günlərin biri zəngin ailənin xanımı küçədə cır-cındır içərisində, əllərində yavan çörək oynayan uşaqlara baxıb köks ötürmüşdü: “Sənə qurban olum ay Allah, niyə bu uşaqlardan birini bizə qismət eləmədin, övlad qədri bilməyin necə olduğunu hamıya göstərəydik...”
***
Qadir Əliyev 1961-ci ildə Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra Rusiyada hərbi xidmətdə olub. O zaman ölkə hüdudlarından kənarda hərbi xidmətdə olan bir çox əsgərimiz ki, onun da əsgərlik “səhvi” olub. Bir rus qadınla ailə həyatı qurub və vətəninə qayıtmayıb. Qadirin bir oğlu dünyaya gəlib. Həyat yoldaşının atası da hərbçi olduğundan Qadirin arzularının səmti dəyişib: qayınatasanın köməkliyi ilə ali təhsil alıb və eyni zamanda hərbçi kimi fəaliyyətə başlayıb. Qarabağda döyüşlər başlayanda vətəninə gəlib. Müharibədə iştirak edib. Yaralanıb və yenidən müalicə üçün ailəsinin yanına dönüb. Geri döndükdə həyat yoldaşının başqa bir kişi ilə evləndiyinin şahidi olub. Yenidən Bakıya qayıdıb. Ailəsinin razılığı ilə Lerikin ucqar kəndlərindən birində yaşayan dayısı qızı ilə ailə qurub. Lakin övladları olmayıb. Həkimlər problemin qadında olduğunu bildiriblər. İrana, Almaniyaya müalicəyə aparılan qadına qəti şəkildə uşağının olmayacağı bildirilib. Qadir bu dəfə övladı ilə maraqlanmağ üçün Rusiyaya getməli olur. Gedib övladını tapır. Məlum olur ki, İlqar adı verdiyi oğlu uşaq vaxtından körpələr evinə verilib və sonradan adını dəyişib İqor ediblər. İqor artıq narkotika aludəçisi imiş. Bir dəfə narkotika qəbulu və satışı ilə məşğul olduğu üçün həbsdə də yatıbmış. O, oğlunu sağlam həyata qaytarmaq üçün Bakıya gətirir. Müalicə etdirir. Lakin həyat yoldaşı onu qəbul etmir. Qadir həyat yoldaşının qarşısında şərt qoyur: ya oğlunu qəbul etməlidir, ya da boşanmalıdır. Qadın İqoru qəbul edəcəyini desə də birgə yaşayış zamanı onu gözümçıxdıya salır. Tez-tez üstünə oğurluq yıxır; onu döydüyünü, təhqir etdiyini deyir. İqor isə and-aman edib qadının yalan dediyini bildirir. Günlərin biri İqor qadının qızıl boyunbağısını və bilərziyini götürüb yolpulu edərək evdən qaçır. Novosibirskdə yaşayan bir dostu ilə əlaqə saxlayıb onlara gedir. Atası bu hadisədən sarsılır. İqoru axtarmaq üçün necə deyərlər, ayağına dəmir çarıq geyir. Aylarla axtarışlardan sonra böyüdüyü uşaq evindəki dostlarından biri onun harda olduğunu öyrənir. Bədbəxt ata o zaman Novosibirskə çatır ki, İqor artıq məzarlıqda uyuyur. Artıq doza ilə qəbul etdiyi narkotika gəncin faciəli həyatının son nöqtəsi olur. Qadir kor-peşman Bakıya dönür. Qapının ağzındaca həyat yoldaşına endirdiyi zərbədən ikinci faciəni yaşamalı olur. Bir müddət xəstəxanalarda müalicə olan həyat yoldaşı dünyasını dəyişir. O, bu hadisədən sonra həyatdan küsür. Yenidən Rusiyaya üz tuan Qadir BOMJ həyatı yaşayır. Və günlərin biri Bryanskda tələbə yataqxanalarının birinin həyətində onun don atmış cəsədini tapırlar...
***
Alimə ilə Rəsul uzaq qohumdurlar. Ailələrin məsləhəti ilə, yəni sevgisiz ailə həyatı qurublar. Evlilikdən bir qızları dünyaya gəlir. Hər ikisi orta məktəb bitirdiklərindən, yəni heç bir sənətə, peşəyə yiyələnmədiklərindən uzun müddət maddi sıxıntı içərisində yaşamalı olurlar. Bir gün Rəsul çörək arxasınca Rusiyaya üz tutmalı olur. Sonra orda bir biznes-ledi ilə ailə qurduğu haqda söz-söhbət dolaşır. Amma o, bu deyilənləri böhtan adlandırır və ailəsinə tez-tez pul göndərir. Ərinin bir daha Bakıya dönməyəcəyini görən Alimə təsadüfən tanış olduğu evli bir kişiylə qeyri-qanuni yaşayır. Artıq qohum-əqrəba Alimənin yeni həyata başladığını bilir. Ortalıqda qalan Gülnar həyatının ən gözəl günlərini yüngül həyat keçirməyə həsr edir...
***
İki oxşar və fərqli taledən söz açdım. Oxşardır, ona görə ki, leytmotiv eynidir. Dağılan hər iki ailədə ən böyük bədbəxtliklə övladlar qarşılaşır. Etnopedaqogikanın tərbiyəvi əhəmiyyətini nələrə qadir olduğunu gələcəyin valideynləri olacaq gənclərə vaxtında aşılamaq lazımdır. Ailə müqəddəs ideyalara söykənir. Övlad ailənin təməl daşıdır. O daşların davamlılığı özül qoyulanda bəlli olur. Makarenko göstərirdi ki, bəzi ailələrdə valideynlər uşağa münasibət məsələsinə tam etinasızlıqla yanaşırlar: valideynlər və uşaqlar sadəcə bir yerdə yaşayırlar və valideynlər ümid edirlər ki, hər şey öz-özünə qaydaya düşəcəkdir. Belə valideynlərin nə aydın məqsədi, nə də müəyyən proqramı olur...
***
Psixoloq Kəmalə Niftiyeva, haqqında söhbət açdığım birinci ailədə günahı Qadirdə görür. Deyir ki, onun ailə başçısı və ata kimi iradəsi olmayıb: “Məhəmməd Füzuli deyirdi ki, tərbiyə vaxtında və düzgün verilməsə, insan ağlının ayinəsini pas basar və şəxs zərərli tikana, sərt daşa çevrilər. Bu talelərin hər iksində əsas problem uşaqlarla bağlıdır. Qadirin həyat yoldaşı bizim əksər qadınlara xas xüsusiyyətin-qısqanclığın qurbanı olub. Ərinin başqa qadından olan övladını qəbul etməməsinə səbəb həmin uşağın anasına olan qısqanclığı və özünün uşaq doğa bilməməsinə olan kompleksidir. Qadir, kişi kimi öz üzərinə düşən funksiyanı yerinə yetirə bilməyib. Kişilik tək fizioloji anlayış deyil, həm də psixoloji anlayışdır. Onun həyat yoldaşı eyni zamanda insanlıq hissindən məhrum olub. Ümumiyyətlə, bu cür kompleks və qısqanclıq sonsuz qadınların əksəriyyətində özünü büruzə verən xüsusiyyətdir. İkinci ailədə yenə də günah ailənin başçısındadır. Kişilər bir nüansa diqqət yetirməlidirlər: onlara övlad bəxş etmiş qadına daha diqqətlə yanaşmalıdırlar. Müşahidələr göstərir ki, övlad olmaması üzündən nə qədər ailə dağılır. Qadın da, uşaq da diqqəti sevir. Uşağa düzgün tərbiyə vermək lazımdır. Tərbiyə işində atanın da, ananın da öz funksiyası var. Bunu unutmamalıyıq. Öz həyatını yaşamaq naminə övladını oda atmamalısan...”
***
M. T. Sidqinin “Anaların bəzəyi” adlı hekayəsini söhbətə sözardıkimi diqqətinizə çatdırıram: “Dövlətli bir xanım qonşuluqda yaşayan kasıb qadının evinə gedir. Dövlətli xanımın bu gəlişində iki məqsədi var: həm qiymətli paltarını, üzüyünü, özünü yüklədiyi daş-qaşı, zərü-zibanı nümayiş etdirsin, həm də qonşu qadının bəzək şeylərinə baxsın.
Dövlətli xanım evə girən kimi kasıb arvada:
-Bəs sənin bəzəyin yoxdur?-deyə müraciət edir.
Ev sahibi “bir az səbr ediniz”,-deyir. Dövlətli xanım elə güman edir ki, indi sandıqlar açılacaq, qızıl bilərziklər, parıltısından göz qamaşan daş-qaş, ağır boyunbağılar, qat-qat mirvarilər ortalığa qoyulacaqdır.
Bu zaman ev yiyəsinin məktəbdən gələn iki uşağı otağa daxil olub, mərifətlə salam verir, ədəblə oturur.
Kasıb qadın balalarını göstərib fəxrlə deyir:
-Mənim bəzəyim bunlardır...”
P. S. Başınıza gələnlərin, yaşadığınız ailə-məişət problemlərinin işıqlandırılmasını istəyirsinizsə, bu ünvana yaza bilərsiniz: [email protected]