“Tüküm biz-biz olur, deyirəm İlahi, bu nədir?” - Tahir Kərimli

tukum-biz-biz-olur-deyirem-ilahi-bu-nedir-
Oxunma sayı: 8791

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimlinin “Qafqazinfo”ya müsahibəsi:

- Hazırda ölkə gündəmində iki ali məktəbin bağlanması məsələsi müzakirə olunur. Xüsusilə də “Qafqaz” Universitetinin bağlanması sosial şəbəkələrdə etirazla qarşılandı və bildirildi ki, dövlət universiteti kimi fəaliyyətini davam etdirməsi mümkün idi...

- Müstəqilliyin ilk illərində Azərbaycanda universitetlər bumu yaşandı. Xüsusilə də özəl universitetlərin sayı artdı. Ancaq bunların keyfiyyət göstəriciləri yüksək deyildi. Amma “Qafqaz” Universitetini digərlərindən fərqləndirərdim. O çox güclü müəllim, şagird heyətinə malik idi. Yaxşı da təhsil verirdi və özünü təsdiq etmişdi. Gülənçilərlə bağlandığına görə yəqin, aqibəti belə oldu. Təfəkkür Universitetinin bağlanması isə yəqin ki, görülən inzibati tədbirlərlə bağlıdır. Hər bir halda tələbələrin taleyi hamını narahat edir. Biz bunun örnəyini Beynəlxalq Universitetlə bağlı baş verən prosesdə gördük. İndiyə kimi hələ insanlar diplomunu ala bilməyib. Elə bizim partiyanın iki üzvü də hələ də diplomunu ala bilmir. Qorxuram ki, eyni aqibəti bu iki universitetin tələbələri də yaşayarlar. Tələbələrin yerləşdirilmə məsələsində də problem yaşana bilər. Əsas problem isə əvvəldən ali təhsil strategiyasının düzgün seçilməməsi ilə bağlıdır.

- Sizcə proses davam edə bilərmi və maliyyə məsələsi burada nə qədər rol oynayır?

- Davam etməsi gözləniləndir. Bir müddət xarici universitetlərin filiallarının bağlanılması prosesi baş verdi, hardasa 20-yə yaxın universitet qapandı. Maliyyə məsələsinin rol oynadığına inanmıram. Baxmayaraq ki, təsisçilərin qərarında da maliyyə məsələsi göstərilir. “Qafqaz” Universiteti siyasi məsələdir.

- Gülənçilərlə bağlıdırsa, həmin hərəkata xidmət edənləri uzaqlaşdırmaqla universiteti saxlamaq mümkün ola bilərdimi?

- Bizdə digər ölkələrdəki kimi gülənçilərin elə də güclü bazası yoxdur. Müəyyən qruplar neytrallaşdırılıb. Mənə elə gəlir ki, “Qafqaz” Universiteti fəaliyyətini davam etdirə bilərdi. Ümumiyyətlə isə, siyasi baxışlarına görə insanların təqib olunması doğru deyil.

- Təhsil sistemindən söz düşmüşkən, Azərbaycan məktəbləri son zamanlar təhsildən kənar əxlaq məsələləri ilə gündəmə gəlir. Şəmkirdəki orta məktəb direktorunun açıqlamaları ilə yəqin ki, tanışsınız. Məktəblərin adının bu cür qalmaqallarda hallanması ciddi narahatlıq doğurur. Siz bununla bağlı nə deyə bilərsiniz?

- Bir dəfə məhkəmədə ailə işinə baxmışdıq. Hələ indiyə kimi utandığımdan onu cəmiyyətə açıqlamamışam. O zamanlar əxlaqi məsələlər çox ciddi şəkildə qorunurdu. İndi o qədər bayağılaşıb ki, əxlaqsızlıq məsələlərinə insanların qulağı, gözü öyrəşib. İlahi, mən məəttələm. İnsanlarda pak sevgi duyğuları, inam itib. İndi yaşlamışam e, məni qınayacaqlar. Amma mən əsgərlikdə olanda mənə bir qız fotosu göstərmək istədilər. Nə qədər elədilər, baxdıra bilmədilər. Biz özümüzü elə qoruyurduq. İndi isə istəyirəm ki, internetdə oturam, nəyisə baxam, elə pis reklam gəlir ki. Tüküm biz-biz olur, deyirəm İlahi, bu nədir? Nə qədər ki, bizdə dövlət səviyyəsində bu məsələlərə ciddi nəzarət yoxdur, sabah Ağsuda da, başqa rayonlarda da eyni hal olacaq, qabağını almaq mümkün olmayacaq.

- SOCAR rəhbərliyi ölkədə qazın növbəti dəfə qiymətinin qalxacağı ilə bağlı siqnallar verdi. Bunun üçün əsas varmı?

- SOCAR rəsmisi manatın məzənnəsinə əsaslanaraq belə açıqlama verib. Azərbaycanda manatın məzənnəsini tam üzən məzənnəyə keçirmək olmaz. Biz buna hazır deyilik, inzibati nəzarət olmalıdır. İstehsal güclü deyil, manatın arxasında əmtəə duruşu kifayət deyil. Maliyyə bazarı da daim tənzimlənib. 4 milyard Neft Fondundan transfert olunub, yenə də manat ucuzlaşmaqda davam edir. Çünki manata inam itib. Psixoloji inam olmadığına görə manat çox ucuzlaşacaq. Buna görə təşkilatlar qiymətinin artırılmasını tələb edəcəklər. İndi SOCAR iddia edir ki, onlar həm də xaricdən qaz alırlar. Satışda xeyir götürməyib ziyana düşdüklərini qeyd edirlər. Əslində, bu ciddi məsələdir. Çünki indiyə kimi belə məsələlər səslənməyib. Adətən bu bəyanatlar Tarif Şurası ilə bağlı olardı. Biz məcburuq ki, ölkədə tənzimlənən məzənnnə olsun. Azad bazar iqtisadiyyatı kimi manatı buraxsaq, birdən-birdən məzənnə 3 manat olar. Onda biz nə günə düşərik? Rəsmi məzənnə 1.80 elan olunub. İndi 1.90- 2 manata satanlar var. Hələlik Palatanın nəzarəti var, banklar məhdud sayda bazara valyuta çıxarır. Azərbaycanda istənilən inqilabi dəyişiklik dərhal mənfi reaksiya doğurur.

- Azərbaycanda zaman-zaman bəzi məmurlar maraqlı açıqlamaları ilə gündəm yaradırlar. Məsələn, bu günlərdə Bakı meri dedi ki, jurnalistlər yağış yağanda gölməçəni çəkməkdənsə, arx qazsınlar. Jurnalistlər da bu məsələyə etiraz etdilər ki, onların işi problemləri göstərməkdir...

- Hacıbala müəllim yəqin zarafat edib. O bilir ki, jurnalistin vəzifəsi qazmaq deyil. Onu ciddiyə almaq olmaz. Ümumiyyətlə isə, Bakıda kanalizasiya məsələsini yenidən qurmaq lazımdır. Nə qədər ki, qurulmayıb, problemi bir- birimizin üstünə atacağıq.

- Rəqabət Məcəlləsinin 10 ildir ki, parlamentdə qəbul olunmamasına millət vəkilləri sərt təpki verdilər. Hamı “niyə” sualını verdi? Siz nə deyə bilərsiniz? Məcəllənin qəbul olunmasına nə mane olur?

- Düşünürəm ki, Prezident Administrasiyasında buna qiymət verəcəklər. Vaxtilə bu qanun layihəsi iki dəfə müzakirədən keçib. Nə üçün üçüncü oxunuşda saxlanıldı? Bu ən yüksək səviyyədə araşdırılmalıdır. Korrupsiyanın, inhisarçılığın kökünü kəsmək üçün mütləq Rəqabət Məcəlləsi olmalıdır. Azərbaycanda az qala əmtəələrin əksəriyyəti üzrə inhisarçılıq mövcuddur. Banandan tutmuş iri maşınlar da ayrı-ayrı inhisar sahiblərinə məxsusdur. Bu anormallığı aradan qaldırmaq üçün mütləq bu məcəlləni qəbul etmək lazımdır.

- Millət vəkilllərinin də təyyarələrdən tez-tez istifadə etdiyi üçün AZAL-dan şikayətləri çoxdur. Həm qiymət siyasəti, həm də digər məsələlərlə bağlı. Siz də həmkarlanızla razısınızmı?

- Nöqsan göstərmək asandır, bəs onun yerinə nə qoyasan? İndi təklif var ki, AZAL özəlləşdirilsin. Bəs sonra nə olacaq? Birdən bankrot oldu? Onda Azərbaycanın hava məkanında uçuşlar dayansınmı? O vaxt özəlləşdirmək olar ki, AZAL kimi bir neçə şirkətlər olsun.

- Ona da deyirlər ki, AZAL monopolistdir, digər şirkətlərin gəlməsinə icazə vermir...

- Bunun üçün də digər şirkətlərin ölkəyə gəlməsinə şərait yaradılmalıdır. Böyüyüb inkişaf etsinlər və AZAL-ı qiymət tənzimləməsinə məcbur etsinlər. Mən də millət vəkili olandan sonra bir neçə dəfə xaricə getmişəm. Deyiblər ki, diplomatik vəsiqən var, niyə ümumi yerdən gedirsən? Niyə növbədə dayanırsan? VİP-dən keç. Hələ deputat səlahiyyətlərindən istifadə etməmişəm, hamı necə mən də elə.

- Rusiya XİN başçısının “Qarabağ Azərbaycanın daxili işi deyil” deməsi Azərbaycan ictimaiyyətində etirazla qarşılandı. Gözlənilirdi ki, hökumət səviyyəsində də sərt reaksiyalar veriləcək...

- Mən sevinirəm ki, gizli niyyətlər aşkara çıxır. Həmişə mən narahat idim ki, niyə bizim jurnlaistlər Lavrovun mətbuat konfransında iştirak etmir, ona suallar vermir. Məgər biz bilmirdik ki, Lavrov Rusiyanın xarici siyasətini aparsa da, anası erməni olan şəxs kimi daim ermənilərə Azərbaycan əleyhinə təbliğatlarda müəlliflik edib? Erməni xislətini heç vaxt gizlətmir. Azərbaycan müstəqilliyinin ilk illərində antiterror əməliyyatlarını həyata keçirə bilərdi. Məsələ beynəlmiləlləşəndən sonra dedilər ki, sən dayan, artıq hərəkət edə bilməzsən. Qarabağ məsələsində erməninin üç ən böyük dəstəkçisi bizə həmsədrlik edir. Qoymur torpağımızı azad etməyə. Atəşkəsi pozmaqdan çəkinmək lazım deyil. İndi həyasızcasına deyirlər ki, monitoronq xəttində müşahidəçilərin sayını artırmaq lazımdır. Nəzarət elə ki, Azərbaycan torpağı əbədi işğalda qalsın?! Biz daha nə qədər itirəcəyik? Azərbaycan Qarabağla bütövləşməlidir. Hücum siyasətinə keçib bunları ifşa etmək lazımdır.

- Jurnalisti ittiham etdilər ki, sualın qoyuluşunda təxribat var...

- Niyə təxribatçı olur ki? Azərbaycanın öz ərazisində antiterror əməliyyatları həyata keçirmək hüququ var. Azərbaycanın bu hüququ BMT nizamnaməsi ilə təsbit olunub. Heç tutaq ki, qaydalar da yoxdur. Azərbaycan nə vaxta kimi öz işğalı ilə barışmalıdır ki? Biz hamımız xaricdə olanda xəcalət çəkirik. Heç birimiz ucadan danışa bilmirik. Hamısı deyir ki, torpağını itirmisən, bir qarışını da ala bilmirsən, hansı hünərdən danışırsan? Nə vaxta kimi Azərbaycan təhqir olunmuş vəziyyətdə dünyada gəzməlidir? Ona görə jurnalist sualı düzgün qoyub və davamlı olmalıdır. Qoy elə vəziyyət yaransın ki, heç jurnalistləri mətbuat konfransına buraxmasınlar. Jurnalistlər həqiqətləri üzə çıxarır. Lavrova sual verən jurnalistin gücü bəlkə də aprel döyüşləri qədərdir. Bəzən min əsgərin görə bilmədiyi işi bir sual görür.

- Jurnalistin gücünün nəyə qadir olduğu kontekstində yəqin ki, bir tək Bakı meri jurnalistə arx qazmağı təklif edə bilərdi...

- Bilirsiz, Türkiyədə hazırda iki filmi izləyirəm. “Diriliş Ərtoğrul” və “Anne” seriallarını. “Anne” serialında istintaqa heç kim yaxınlaşa bilmir, bir tək jurnalist istintaqdan məlumatları ala bilir. Bu hətta Türkiyənin özündə jurnalistin gücünü göstərir, nəinki Qərb dünyasında. Mən Ali Məhkəmənin sədrliyindən gedəndən sonra qəzetlərə müraciət etdim ki, mənə köşə yazmağa yer versinlər. İndi elə arzum yoxdur. O vaxt isə od tutub yanırdım. Jurnalistin həqiqəti demək imkanı çox böyükdür.

- Biz Tahir Kərimlini odlu-alovlu çıxışları ilə xatırlayırıq. Amma deputat seçiləndən sonra parlament iclaslarından da görürük ki, susqunlaşmısınız. Adi sosial problemlərə də toxunmursunuz...

- 1990- ci illərdə deputat olanda onillərlə qurduğumuz dövlət əldən gedirdi. O vaxt özümdən asılı olmadan nərə çəkirdim ki, dövlət əlimizdən getməsin. Biz aclıq elan etmişdik. Sovet əsgəri gəlib bizi aparmışdı. Onun buna ixtiyarı yox idi. Azərbaycan serjantı isə bizi döyürdü, təhqir edirdi. Mən o zaman bir Allahı, bir də özümü görmüşəm. Bilirdim ki, hüquqşünasam hüququ pozmaram, bir də əxlaqsız söz danışmaram. İndi isə müstəqil dövlətimiz qurulub, mən 60 yaşımı keçmişəm. İndi əsasən qanunlarla bağlı çıxış edirəm. Bu yaxınlarda Respublika Prokurorluğunun göndərdiyi qanunlarla bağlı çıxış etdim, hamı səs verdi, tək qaldım. Bəyəm mən bunu özüm üçün deyirəm? Özümü həmin qurumlarla pis elədim. Cəmiyyət umur ki, göz önündə olasan. Mən indi deputat seçildiyim rayona gedirəm. Bir nəfərə şəxsi mənada hörmət edirsən, səni necə tərifləyir. Amma ümumi iş görürsən heç nə deyən yoxdur. Ancaq şəxsi problemlər qaldırılır. Yol çək deyən yoxdur.

- Deputatların bəziləri müxtəlif aksiyalarda iştirak edir. Məsələn, şəhid ailələrini ziyarət edirlər. Sizi belə aksiyalarda görmürük. Məsələn, nəşi hələ də qaytarılmayan Çingiz Qurbanovun ailəsini ziyarət etmisiniz?

- Yox, getməmişəm. Özüm şəhid dayısıyam. Şəhidlik dərdi həmişə mənim ürəyimdə yaşayır. Ola bilər nöqsanımdır, getməmişəm. İndi maraqlanaram, həmkarlarımdam kim getsə, mən də gedərəm. Şəhid dəfnlərində iştirak etmişəm.

- İntiharların yoxsullaqla əlaqəsi varmı ? Həmkarınız bu faktorun az rol oynadığını qeyd edir...

- Yoxsulluqla da, digər məsələlərlə də əlaqəsi var. Qızı istədiyinə vermirlər, gedib özünü asmır. Amma əhəmiyyətli dərəcədə yoxsulluq təsir edir. İnsanlarda çox ciddi əsəb, depressiya yaradır. Gənclər alışıb yanırlar. Necə ailə qursunlar? Necə cehiz, ev alsınlar. Çox çətin ağrılar yaşayırlar.

- Müxalifət partiyalarının cəmiyyətin indiki həyatında rolunun azalmasını necə izah edərdiniz?

- Proporsional seçki sistemi bərpa olunsa aktivləşmə yaranar. Amma müxalifət partiyalarında aktivləşməni gözləmirəm. Çünki müxalif fikrin güclü təşkilatlanması, hakimiyyətə gəlmək imkanları yoxdur. Bu möcuzə baş versə belə, dövləti idarə etmək üçün komandaları yoxdur. Ancaq məsələn, mənim partiyamda hamı istəyir ki, prezident olum. Ancaq bilirəm ki, mən dövləti idarə edə bilmərəm. Yalnız əqidə ilə dövlət idarə olunmur. Sabah Azərbaycanı Suriya, İraq halına sala bilərlər. Hakimiyyətə gücü çatmayan müxalifət zaman keçdikcə daxildə bir-birini parçalamağa başladı. Millətin dərdi qaldı qıraqda, ana müxalifət iddiasına düşdülər. Müsavat milli partiya idi, liberalizmi qəbul etdi, özünü itirdi. Bu gün onların az-çox özünü qoruyub saxlamasının səbəbi keçmiş ideologiyaları ilə bağlıdır. Partiyaların adlarını yadından çıxarıblar. Qəbul eləməlisən ki, hakimiyyətə gücün çatmır.

Günel Türksoy