Bakıdan Qusara qədər piyada aksiya -

bakidan-qusara-qeder-piyada-aksiya-
Oxunma sayı: 1185


24 yaşlı Adil Məmmədli uzun müddət sağlam həyat tərzi keçirib, hər gün qaçışla məşğul olub. Lakin bir müddət siqaret çəkməyə başlayıb. Bu vərdişin onun sağlamlığına nə qədər ziyan vurduğunu anladıqda isə siqareti atmağa qərar verib və bunu hər kəsə çatdırmaq üçün xüsusi aksiya keçirmək istəyib. 

Adil dostu Rüfətlə birlikdə Azərbaycanın şimal sərhədinədək qaçaraq yolda hər kəsi siqaretdən imtinaya dəvət etmək fikrinə düşüb. Azercell şirkəti də böyük məmnuniyyətlə təşəbbüsü dəstəkləyib. Gənclər “Siqaretsiz həyat” şüarı ilə Azərbaycanın şimal sərhədinədək yürüş keçiriblər. Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində marafon qaçışı edən gənclər bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb olan siqaretdən uzaq durmağa çağırıblar. 

Xatırladaq ki, Azercell Telekom ötən il də öz əməkdaşları arasında eyniadlı sosial layihə həyata keçirib. “Azercell-lə həyat daha gözəldir” deyən şirkət əməkdaşları bir günlərini “Siqaretsiz həyat daha gözəldir” kampaniyasına həsr ediblər. Onlar  #siqaretsiz həyat həştəqindən istifadə edərək öz tanışları və həmkarlarını da sosial şəbəkələr vasitəsilə siqareti tərgitməyə dəvət ediblər. 

“Azercell təşəbbüsümüzü dəstəkləməyə dərhal razılıq verdi”

Adil də bu kampaniyanı dəstəkləyərək həmin təbliğatın davamı kimi rayonlara yürüş keçirib. Bu qeyri-adi aksiyanın səbəbləri, piyada səyahət zamanı üzləşdikləri maraqlı məqamlar və çətinliklər haqqında Adilin özü bizə məlumat verir:

- Uzun müddət idmanla məşğul olmuşam. Amma arada idmanı buraxdım və siqaret çəkməyə başladım. Sonradan siqaretdən imtina etməyi bacardım və yenidən qaçmağımı bərpa etdim. Adətən, dostlarımızla dənizkənarı parkda qaçırıq. Amma bu dəfə təbiət qoynunda, rayonlara qaçmaq qərarına gəldik. 

Əvvəlcə fikrimi kimə deyirdimsə, bəyənmirdilər, deyirdilər ki, mümkün deyil, çox çətindir. Amma mən geri çəkilmədim, dostum Rüfətlə Qubaya qədər qaçmağa qərar verdik. 

Bilirdim ki, Azercell şirkəti daim sağlam həyat tərzini təbliğ edən layihələri dəstəkləyir. Ona görə şirkətə müraciət edərək, belə bir təşəbbüsümün yarandığını xəbər verdim. Azercell dərhal mənim müraciətimə reaksiya verdi və aksiyanın keçirilməsində öz yardımını təklif etdi. 

Azercell şirkəti bu təşəbbüsün telekommunikasiya dəstəkçisi oldu. Biz aksiya zamanı sərbəst şəkildə hər kəslə əlaqə saxlaya bildik – çünki bizə istədiyimiz qədər danışıq vaxtı hədiyyə olunmuşdu. Həmçinin, GPS və mobil internetin digər xidmətlərindən yararlanmağa yardım etdilər. Lazımlı yardımlardan biri də mobil telefonun daim enerji ehtiyatının olmasını təmin edən batareyalar idi ki, bu da yolda olan adamın işinə çox yarayır. 

- Beləliklə, aksiyaya qərar verildi. Start nöqtəsi hara oldu? 

- İyulun 24-də Bakıdan – Azercell-in baş ofisinin qarşısından aksiyaya başladıq. Birinci gün dayanmadan və kifayət qədər yüksək – 20 km/saat sürətilə 50 km qaçdıq. Sonra bir saat piyada gedib Sumqayıtı keçdik. Sonradan anladıq ki, fasiləsiz qaçmaqla ayaqlarımızı yorsaq, lazımi distansiyanı çox uzun müddətə gedib çıxacağıq. Ona görə də sürətli yeriş və qaçışı növbələyərək hərəkət etmək qərarına gəldik. 

Nəhayət, gecə saat 4-də Beşbarmağa çatdıq. Orada gecələməyi planlaşdırmışdıq. Lakin bildiyiniz kimi bu ərazi açıq çöllükdür. Yerli adamlar deyirdilər ki, gürzələr  gecə ikən çıxır və onların yatan adamı sancması ehtimalı daha çoxdur. Ona görə də bu plandan vaz keçib iki saat da qaçıb Quba yaxınlığından bir yerdə çadır qurub yatdıq. 

Özümüzə söz vermişdik ki, sutkada 3 saatdan çox yatmayaq. Qubanı keçəndən sonra iti yürüşlə yolumuza davam etdik. Ayaqlarımız həddən artıq yorulmuşdu, demək olar, onları hiss etmirdik. Amma qrafikdən kənara çıxmaq istəmirdik, özümüzə dincəlməyə qadağa qoymuşduq. Elə bu qayda ilə sərhədə qədər yürüş edə bildik.  

- Aksiyanın məqsədlərindən biri də sağlam həyat tərzi, siqaretsiz həyatın nə qədər gözəl olduğunu təbliğ etmək idi. Bu məqsədinizə nə dərəcədə nail oldunuz? Keçdiyiniz yerlərdə əhali arasında bu şüara maraq oldumu? 

- Maraq hədsiz dərəcədə çox idi. Həm də biz əsasən ana yolun kənarı ilə qaçırdıq ki, marşrutu itirməyək. Ona görə görənlər, maraqlananlar çox idi. Əynimizdəki köynəklərə baxırdılar, gəzdirdiyimiz şüarların anlamını soruşurdular. Biz də sürətlə yeriyərək həvəslə onların suallarını cavablayırdıq. 

- Aksiya zamanı digər təhlükəli məqamlarla üzləşdinizmi? 

- Azərbaycanın şimal sərhədində ən sonuncu kəndi – Quruxobaya çatmışdıq. Həmin kənddən sərhədə qədər hələ 35 km yol var idi, biz də həmin məsafəni gecəykən qət edib qurtarmağı qarşımıza məqsəd qoymuşduq. Amma həmin kənd adamları buna icazə vermirdilər. Bizə dedilər ki, orada ayılar, çaqqallar, canavarlar çoxdur. Az qala zorla qarşımızı almağa çalışırdılar. Amma onları dinləmədik, birtəhər onları dilə tuta bildik. Amma ordan keçəndə kənd adamlarının həyəcanının səbəbini anladıq. Doğrudan da həmin ərazi çox təhlükəli idi. Gecə saat 3-dən sonra meşə arasında kiçik cığırla qaçırdıq, solumuzda isə canavarların gözləri işıldayırdı, çaqqalların ulaşmasını eşidirdik. Yaxşı ki, salamat Samur məntəqəsinə gedib çıxa bildik.  

- Deməli, “Siqaretsiz həyat” mesajını daha çox insana çatdıra bildiniz. Bəs bu kampaniya sizin özünüzə hansı təcrübə qazandırdı? 

- Mən bölgələrimizdə necə də gözəl insanların yaşadığını öyrəndim. Hər yerdə bizə çox hörmətlə yanaşırdılar. Xüsusilə, Qusarda çox mehriban insanlar vardı. Dəfələrlə yolda maşını saxlayıb bizə kömək təklif edirdilər. Hamı deyirdi ki, gəlin, sizi maşınla aparaq, qonağımız olun. Onlara izah edirdik ki, aksiyamızın mahiyyəti piyada gəzməkdir. Onda da söz verirdilər ki, heç kim bu haqda bilməyəcək, bunu sirr kimi saxlayacaqlar. Bu, çox xoşumuza gəlirdi. 

- Bu, uğurlu bir ilk oldu. Gələcəkdə belə bir aksiyanı yenidən təkrarlamaq haqda fikirlər varmı? 

-Yəqin ki, olacaq. Düzü, şəxsi təşəbbüsümün bu dərəcədə maraq doğuracağını düşünmürdüm. Yürüş haqqında məlumat Azercell-in səhifəsinə qoyulandan sonra çox mesaj aldıq. Bəlkə də 50-yə yaxın insan bu tədbirə qatılmaq istədiyini deyirdi. Artıq Azercell ilə birlikdə belə bir aksiyanı daha böyük miqyasda, daha çox iştirakçı ilə marafon formatında keçirilməsi haqqında təklif səslənib. Əgər təşəbbüs reallaşsa, yeni marşrutlar düşünə bilərik. Hətta, velosipedlə sərhəddən digər ölkəyə, məsələn Gürcüstana da keçmək olar. Hazırda müxtəlif variantları nəzərdən keçiririk.

- Sonda sağlam həyat tərzi keçirən bir gənc kimi siqaret çəkənlərə sözünüz nə olardı?

 - Siqaretin nə dərəcədə zərərli olduğunu hər kəs bilir. Bu, içkidən də pis vərdişdir, asılılıqdır. Kişilərdə fizioloji baxımdan problemlər yaradır.  Məni narahat edən odur ki, son vaxtlar siqaret çəkən qızların sayı artıb. Bu, həm də gələcək nəslin xəstəliyinə yol açır. Gənclərimiz sağlam həyat tərzinə maraq göstərsələr, yalnız fayda qazanacaqlar. Azercell isə daim onları bu işdə dəstəkləyəcək. 


“Qafqazinfo”