Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Bilik günü” keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov "Bilik günü" tədbir iştirakçılarını təbrik edib, liseyin qazandığı uğurlardan danışıb. Rektor liseyi bu il bitirən məzunların nüfuzlu ali məktəblərə qəbul olduğunu, onlardan 16-nın 600-dən yuxarı bal topladıqlarını, 4 nəfərin qızıl medala layiq görüldüklərini diqqətə çatdırıb.
“Gənc istedadlar” liseyinin 2012-2013-cü tədris ilində prezident İlham Əliyevin imzaladığı sərəncamla “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olduğunu deyən rektor bu il liseyin 5-ci sinfinə qəbul olmuş şagirdlərin də etimadı doğruldacaqlarının, universitetə şərəf gətirəcəklərinə ümid etdiyini bildirib. Yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdıran liseyin direktoru, professor Qasım Hüseynov lisey şagirdlərinin 2012-ci ildə Astana və 2013-cü ildə Daşkənd şəhərlərində keçirilmiş Beynəlxalq Mendeleyev Olimpiadasında, 2013-cü ildə Moskvada keçirilmiş Məktəblilərin Ümumdünya Kimya Olimpiadasında, 2011, 2013 və 2014-cü illərdə Bakıda keçirilmiş Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında qaliblər sırasında olduğunu vurğulayıb.
Son dörd ildə Bakıda keçirilən “Sabahın alimləri” Respublika müsabiqələrində I yerə layiq görülmüş şagirdlərdən 8 nəfərinin 2012, 2013, 2014 və 2015-ci illərdə ABŞ-da keçirilən Beynəlxalq müsabiqədə ölkəmizi təmsil etdiklərini qeyd edib. Tədbirin sonunda 2014-2015-ci tədris ilinin ilk zəngi səslənib.
Qeyd edək ki, 2007-ci ildən BDU nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində tədris Azərbaycan və rus dillərində aparılır.
Son xəbərlər
Son Xəbərlər