Ana dilimizin gözəlliyi, zənginliyi barədə nə qədər tərif etsək də, dilimiz öz böhran günlərini yaşayır. Bu vəziyyətə optimistcəsinə yanaşsaq da, fakt göz eşir. Tək şəhərin bir başından o başına getməklə əcnəbi adda obyektlərin bol olmasını görmək kifayətdir. Bərkgedən, güya xalis keyfiyyətli və əcnəbi mal təklif edən mağazalada da adamı çox vaxt rus dilində dindirirlər. Bu barədə dəfələrlə sizinlə fikirlərimi bölüşmüsəm. Məsələ ondadır ki, öz dilimizdə danışmaq istəyənlərimiz çox vaxt heç kəlmələri doğru səsləndirmirlər. Hələ doğru yazmağı demirəm. Hamının savadlı, ali təhsilli olması lazım deyil. Problem yenə camaatımızın oxumaqdan( daha çox kitab) çox eşitməyə adətkar olmasıdır. Bəzən danışmaqdan çox kimisə dinləmək lazım gəlir. Dərd orasındadır ki, dinləmək qabiliyyətimiz də babat deyil.
Dilimizdə elə sözlər var ki, onun son hərfi dəyişəndə, və ya ortasına bir hərf artırılanda başqa mənalı söz əmələ gəlir. Belə sözlərdən biri də qəbz sözüdür. Düzü, illərdir bu söz(ən çox da Sovet dövründə) el arasında rus dilindəki kimi “çek” kimi islədilib. Müstəqillik əldə olunandan sonra güya “dilimizə qayıtdığımız üçün” “qəbz” kəlməsindən istifadə etməyə başladıq. Amma bu gün nə yazılışda, nə də deyilişdə çoxluqla bu sözdən yalnış istifadə edilir. Kommunal xidmət işçilərindən tutmuş siravi vətəndaşa kimi qəbz sözünə “qəbiz” deyilir. Yaxud da, əksinə. Halbuki ikincinin mənası hamıya bəllidir. Açıb-ağartmağa ehtiyac görmürəm. Və ya, telekanallarda efirə çıxan həkimlər və ona sual ünvanlayan kəslər, elə aparıcının özü çox halda “qəbiz” sözünü doğru səsləndirmir.
Xatırlayırsız, vaxtiylə mərhum psixiatr Ağabəy Sultanova da AZtv-nin aparıcısı(“savadlı”)belə bir sual ünvanlamışdı. “Ağabəy müəllim Hamburqer şəhərindəki konfransdan bir az söhbət açın.”. Bu aparıcı Almaniyanın Hamburq şəhərini sevdiyi hamburqerlə qarışdırmışdı. Nə olsun, o aparıcı bu rüsvayçılıqdan sonra da efirə çıxdı.
Yenidən bayaqki məsələyə qayıdıram. Bildiyimiz, “sənəd” və “sənət” sözlərinə baxaq. Dəfələrlə, küçə reklamlarındakı qeydlərdə, lap notariat idarəsinin özündə işləyən əməkdaşların özü də bu sözləri yerində işlətmirlər. Misal üçün, ev alqı-satqısıyla bağlı elanlarda çox vaxt “evin sənədi var” əvəzinə “evin sənəti var” yazılır, yaxud deyilir. O da var ki, çoxu “sənət” sözünu öz mənasında işlədən də tələffüz zamanı “t” hərfini “d” səsinə çevirir.
Digər bir misal. “Hərf” və yaxud “hərif” sözləri də bir hərfin artırılması ilə tamam müxtəlif mənaları verdiyi halda, bu da qarışdırılır. Elə ibtidai müəllimələrin demək olar ki çoxu şagirdlərinə əlifbanın hər yeni hərfini keçəndə kəlməni “hərif” deyə səsləndirirlər. Halbuki “hərif” leksikonumuzda “tanış gəlməyən”, “naməlum”, bəzən də “sadəlövh” mənasını verir.
Yeri gəlmişkən, sizə bir məzəli əhvalat da danışım. Bu yaxında Əhmədli istiqamətində gedən avtobusda bir qadın məni çox güldürdü. Orta yaşlı qadın 8-ci kilometrdə yerləşən “Diqlas” ticarət mərkəzinə çatana yaxın sürücüyə belə dedi: “Duqlasın yanında saxla da”. Bərkdən gülməmək üçün özümü güclə saxladım. Adama elə gəldi ki, o xanımı dayanacaqda hollivud ulduzu Maykl Duqlas gözləyir. Əmin oldum ki, bu xanım həm Maykl, ya da onun atası Kerk Duqlasin( “Spartak”ın özü) pərəstişkarıdır.
Onu da qeyd edim ki, ginekologiya sahəsində “duqlas” adlı tibbi termin də var.
Bir də jurnalistika sahəsində istifadə olunan müsahibə janrının çox vaxt “müsabiqə” ilə səhv salınmasıdır. Bildiyimiz kimi, bir vəzifə, iş üçün müsabiqənin “müsahibə” mərhələsi də ola bilər. Amma çox adam “müsahibə almaq və ya, götürmək”(jurnalistin) məsələsi gələndə, buna yenə “müsabiqə verdim”, “müsabiqə aldı” deyir. Bu da tanınmış, hörmətli şəxslərin dilindən daha çox eşidilir.
Haşiyə. Ən çox həllini arzuladığım məsələ isə “türkün sözü” ifadəsinin dilimizdən kənarlaşdırılmasıdır. Bunu ona görə istəyərdim ki, bəzi kəslər xalis dilimizdə öz mənasını verən sözləri vulqar kəlmələrə yozmağı tərgitsinlər. Unutmayaq ki, dil danişıq zamanı daha çox yarımçıq cümlələrdən( nəzəriyyədə də var), qısa ifadə və fikir bildirməyə üstünlük verir. “Türkün sözü”ndən tez-tez istifadə etməmək məcburiyyət deyil, amma dilimizə hörmətdir. Bu qədər…