Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin aprelin 22-də “Avropa” otelinin idman zalında öldürülən “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hadisəni əks etdirən videoya baxış keçirilib.
Videomaterial məhkəmə iştirakçılarına noutbukda təqdim edilib. Müdafiə tərəfi buna etiraz edib.
Təqsirləndirilən Mövlud Səfərovun vəkili Cavid Rzazadə bildirib ki, məhkəmə iştirakçıları bu halda videonu görə bilməyəcəklər: "Xahiş edirik, müvafiq texniki avadanlıqlar təmin edilsin".
Cavid Rzazadə

Hakim bildirib ki, istənilən avadanlıqların təmin olunması üçün imkan yoxdur.
Vəkil fasilə elan olunmasını istəyib və müdafiə tərəfinin həmin avadanlıqları məhkəməyə gətirə biləcəyini deyib: "Çünki vəsatətimiz əsasında məhkəməyə çağırılan zərərçəkmişlər və şahidlərə videogörüntülərə birgə baxış keçirilməklə suallar verməliyik".
Hakimlər kollegiyası isə bununla razılaşmayıb və bildirilib ki, videoya baxmaq istəyən şəxslər yaxınlaşıb baxa bilərlər.
Təqsirləndirilən Sənan Quliyev hakimlərin qərarına etiraz edib: "Özləri televizor gətirirlər də, sizin nə marağınız var ki, icazə vermirsiz?"
Vəkil Vasif İsrafilov vəsatət verərək məhkəməyə 15 dəqiqə fasilə verilməsini istəyib: "Biz məhkəmə tərkibinə etiraz vermək üçün yazılı vəsatət hazırlamaq istəyirik".
Vasif İsrafilov

Məhkəmə kollegiyası vəsatətə münasibət bildirməyib. Hakim bildirib ki, qərara görə öncə videoya baxış keçirilməlidir.
Bundan sonra müdafiə tərəfinin vəkilləri videoya baxış keçirib.
Baxış zamanı Cavid Rzazadə bildirib ki, ibtidai istintaq zamanı yazılan videoya baxış protokolunda yanlışlıqlar var: "Protokolda qeyd olunub ki, 18:51:34-də hadisəyə dair qeyd olsa da, fayl 18:51:18-də bitir. Xahiş edirəm, məhkəmə protokoluna qeyd olunsun".
Hakim Səbuhi Hüseynov bildirib ki, videoya baxışla bağlı bütün fikirləri çıxışda demək lazımdı: "İndi qeydlərinizi edin, çıxışınızda deyərsiniz, onda da protokola yazılar".
Videobaxış zamanı vəkil Cavid Rzazadə sual vermək üçün zərərçəkən Ruslan Əfəndiyevi görüntülərə baxmaq üçün dəvət edir. Bu zaman R.Əfəndiyevin vəkili Nadir Qəmbərov müdaxilə edərək müdafiə etdiyi şəxsə sual verilməsinə etiraz edib. Cavid Rzazadə isə məhkəmə qərarına əsasən R.Əfəndiyevin suallara cavab vermək vəzifəsi olduğunu deyib.
Cavid Rzazadə suallarına davam edib və R.Əfəndiyev cavab verməyərək yüksək səslə etiraz edib: "Mən nə bilim nə olub. Heç nə yadımda deyil. Sən mənlə belə danışma. Bir dəfə soruşusan demişəm. Mən susuram, dinmirəm deyə qışqırırsan".
Vəkilin zərərçəkən şəxsə etiraz etməsindən sonra məhkəmədə mübahisə böyüyüb.
Təqsirlənirilənlərlə zərərçəkən arasında etik normalardan kənar dialoq olub:
Ruslan Əfəndiyev: Gərək elə o vaxt sizi vurardım.
S.Q: Sən işverənsən!
R.Ə: Siz çıxandan sonra yaşamayacaqsız, çaqqallar. ... !
S.Q: Sən kişi deyilsən! ..., hərəniz bir tərəfə qaçdız.
Bundan sonra məhkəmədə fasilə elan olunub. Tərəflər sakitləşdirildikdən sonra proses davam etdirilib. Hakim vəkillərə bildirib ki, emosional suallar verməsinlər və bir qədər də diqqətli olsunlar.
Bundan sonra videoya baxış davam etdirilib və hadisəni əks etdirən görüntülər ümumi zal üçün nümayiş olunub.

Videodan görünüb ki, qeydiyyat stoluna tərəf əvvəlcə Mövlud Səfərov, sonra Sənan Quliyev gəliblər. Bu vaxta kimi sakitçilik olub. Sonra mübahisə başlayıb və onların üzərinə öncə Ruslan Əfəndiyev, sonra Azər Məmmədov, sonra Ceyhun Nağıyev, sonda isə Emin Həsənov gəlibər. Dəhlizdə Azər Məmmədov Sənan Quliyevin üzərinə gələrək yumruqla vurur, sonra ikisidə kameradan çıxırlar. Onların yanına isə Ceyhun Nağıyev gedib. Həmin vaxt Ruslan Əfəndiyev Mövlud Səfərovun üstünə gedərək onu vurur, sonra Emin Həsənov da onlara yaxınlaşıb davaya qoşulur. Bir qədər sonra Ceyhun Nağıyevin qaçaraq getməsi görünür. Bundan sonra Mövlud Səfərov yerə yıxılır, amma R.Əfəndiyevlə E.Həmidovun mübahisəsi davam edir.
Daha sonra Azər Məmmədov kənardan əlini sinəsinə tutub qaçır, Emin Həsənov onun yanına gedir. Mövlud Səfərovlə Ruslan Əfəndiyevin davası davam etdirilən an Sənan Quliyev bıçaqla Ruslan Əfəndiyevi vurur. Ruslan bıçaqlandıqdan sonra idman zalına tərəf gedir. Sənan Mövludu yerdən qaldırıb çıxıb gedirlər.

Videoya baxış tamamlanıb. Müdafiə tərəfinin vəkilləri zərərçəkmişlərin və şahidlərin kürsüyə dəvət edilməsini və onlara suallar verilməsini istəyib.
Hakimlər kollegiyası isə videobaxışla bağlı fikirlərini çıxışlarına bildirmələrini qeyd edib. Bundan sonra ittiham və zərərçəkmiş tərəflər məhkəmə istintaqına son verilməsinə razılıq veriblər. Müdafiə tərəfi isə hələ də suallarının olmasını bildirərək etiraz ediblər.
Hakimlər kollegiyası yerində müşavirə edərək məhkəmə istintaqının tamamlanmasına qərar veriblər.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi noyabrın 24-də davam etdiriləcək.
Xatırladaq ki, bu il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.
S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.
Qeyd: Vəkilin zərərçəkən şəxslə dialoqunda bəzi qeyri-etik kəlmələr işləndiyindən həmin hissə ixtisarla verilib.
Murad Əhməd