Ağcabədidəki yanacaqdoldurma məntəqəsi yandırılıbmış... - Video - Yenilənib

agcabedideki-yanacaqdoldurma-menteqesi-yandirilibmis
Oxunma sayı: 1811

Ağcabədidə yanacaqdoldurma məntəqəsi yanıb. 

“Qafqazinfo”nun xəbərinə görə, yanğın hadisəsi ötən gecə rayonun Təzəkənd kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə yanğın baş verməsi barədə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən ofisdə baş verdiyi və yanacaqla dolu çənlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çənlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 48 m² olan 3 otaqdan ibarət ofisin yanar konstruksiyaları yanıb. Yanacaq çənləri yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

Qeyd edək ki, ötən həftə də Ağcabədi rayonunun Avşar kəndi ərazisində qazdoldurma məntəqəsi yanmışdı.

***

İlkin ehtimala görə, yanacaqdoldurma məntəqəsi yandırılıb.  

Əldə etdiyimiz məlumata əsasən, rayonun Təzəkənd kənd sakini Vəliyev Xəqani Rəhim oğluna məxsus yanacaqdoldurma məntəqəsini onun qardaşı oğlu Vəliyev Bayram Tafiq oğlunun yandırdığı iddia olunur.

Belə ki, X. Vəliyev bir müddət Rusiyada yaşayıb və elə bu müddət ərzində də yanacaqdoldurma məntəqəsini onun qardaşı oğlu B. Vəliyev işlədib. X.Vəliyev Rusiyadan qayıdıb və yanacaqdoldurma məntəqəsini özü işlətməyə qərar verib. Qohumlar arasında baş verən mübahisə sonda yanacaqdoldurma məntəqəsinin yandırılması ilə nəticələnib.

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, yanğını törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Onun saxlanması istiqamətində tədbirlər görülür.

***

Yanğını törətməkdə şübhəli bilinən Bayram Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Ziya Əmirxanlı