“Alo, mən səni görürəm...” - Video

alo-men-seni-gorurem
Oxunma sayı: 3721

Bu gün Azərbaycanın tanınmış şairi, istedadlı qələm sahibi Əlisəmid Kür 71 yaşında vəfat edib.

“Qafqazinfo” belə bir gündə məşhur şairin “Alo, mən səni görürəm” şeirini öz dilindən təqdim edir:

Yuxarı mərtəbədən gələn mahnı

Ürəyimi göynədən vaxtda

əllərim qoynumda

uzanmışam çarpayıda.

Tavandan,divarlardan

Kədərli üzlər,

Dilxor maskalar asılır

Səni düşündükcə, qızım!

Hər oxunan nəğmə

Bir doğma anı yada salar,

Hər tanış səs bir doğma üzü

Canlandırar gözlərimizdə…

Telefon zəngi.

-Alo, Bakıyla danışın.

-Al-lo! Qızım, sənsənmi?!

-…

-Al-lo!

…2400 kilometrlik həsrətin içində

Qatar keçdi deyəsən.

Bir zahı bulud

Silkələdi telefon xətlərini.

Yüz saniyəlik sükutun arxasına

Sığdı bir insan ömrü.

-Alo! Alo!!

-A-ta! A-ta!

…Üzün yadımdan çıxır,

İlğım axır dalğa-dalğa

Yaddaşımın dörd olmuş gözündən.

Yuxu da yalanmış, fotoşəkil də yalan…

-Alo! Alo!

-Ata, məni eşidirsən?

-Al-lo, mən səni görürəm, qızım…