Azərbaycanda 3 milyardlıq təhlükə...

azerbaycanda-3-milyardliq-tehluke
Oxunma sayı: 2620


Əmanətlərin Sığortalanması Fondunun cari ilin 9 ayının yekunlarına əsasən yaydığı məlumata görə, fiziki şəxslərin cəmi əmanətləri 6,6 milyard manat təşkil edir. Onun 3,14 milyard manatı qorunmayan əmanətlər, 3,42 milyardı isə qorunan əmanətlərdir. Ümumilikdə, sığortalanan  əmanətlər isə 1,8 milyard manat həcmindədir. Beləliklə, sığortalanmayan əmanətlərin payı son bir ildə 34 faizdən 47,6 faizə yüksəlib.   Qorunan əmanətlərin 63 faizi manatın, 33 faizi ABŞ dollarının və 4 faizi Avronun payına düşür.

Məlumatda o da bildirilir ki, üzv banklar tərəfindən  6 347 min əmanətçiyə xidmət göstərilir ki, onların da 5 745 min (90,5 faiz) nəfəri qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,68 faizinin (5 726 min nəfər) əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanır. Qorunan əmanətçilərin 0,32 faizinin əmanəti qismən sığortalanır. Hazırda fondun sığorta ehtiyatları 88,5 milyon manat təşkil edir.

Fondun iştirakçısı olan bankların sayı 42-dir.

Rəşad Həsənov: "Əmanət qoyuluşu azalırsa, bu, qara bazarda sələmçiliyin inkişafına gətirib çıxaracaq"

“Qafqazinfo” xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Bizim Yol"a açıqlamasında portfeldə sığortalanmayan əmanətlərin həcminin yüksəlməsini gözlənilən hesab edir: "Sığortalanmayan əmanətlərin həcminin artması gözlənilən idi. O zaman sığortalanan əmanətlərin faiz dərəcəsi aşağı salınarkən izah edilirdi ki, bu, kreditlərin faiz dərəcələrinin aşağı salınmasına xidmət edəcək. Amma bank sektorunda kreditlərin ucuzlaşmasının şahidi ola bilmədik. Əks proseslər baş verdi. Əmanətlərin sığortalanan hissəsinin həcmi azalmağa başladı. Vətəndaşlar əllərində olan pulları daha yüksək faizlə təklif edən banklara qoymağa üstünlük verirlər. 

Nəzərə almaq lazımdır ki, ölkədə real sektorda mənfəətlik daha yüksək qiymətləndirilir. Biznes sektorunda mənfəətlilik təqribən 50-60 faiz, hətta 80 faizə qədər olur. Belə olan halda, vətəndaşlar üçün əllərindəki pulu 9 faizlə banka yerləşdirməsi əlverişli görünmür. İnflyasiyanı da nəzərə alsaq, o zaman insanların əldə edə biləcəyi gəlir illik 4-5 faizdən də aşağı düşür. Ona görə də banklara depozit  yatırmağa maraq azalıb".

R.Həsənov vəsaitlərin qara bazara yönələcəyinə ehtiyat edir: "Əmanət qoyuluşu azalırsa, bu, qara bazarda sələmçiliyin inkişafına gətirib çıxaracaq. Nəzərə alaq ki, bu bazarda aylıq faiz 4-5 arasındadır, illik isə 50 faizə qədərdir. Əlbəttə, vətəndaş əlindəki pulu daha yüksək gəlirli olan sələmə yönəltməyə üstünlük verəcək. Doğrudur, burada risklər də çoxdur. 

İkinci neqativ hal, daha yüksək faizli bank depozitlərinə meyllərin artmasıdır. Digər bir məqam isə sığortalanan əmanətlərin limitinin az olmasıdır. 30 min manatdan yuxarı əmanətlər sığortalanmır ki, bu da riskləri artırır. Bir çox bank müştəriləri isə, ümumiyyətlə, əmanətlərin sığortalanması haqda məlumata malik deyil. 

Əsas təhlükə yanvarın 1-də bağlanması gözlənilən 5-6 banka yatırılan əmanətlər ətrafındadır. Burada söhbət təqribən 100 milyon manata yaxın depozitdən gedir. Mərkəzi Bankın rəhbəri açıqlama verdi ki, həmin əmanətlər nəzarət altındadır, onların qaytarılmasında heç bir təhlükə yaranmayacaq".

Amma iqtisadçı hazırkı durumda sığortalanmayan əmanətlərin yüksək olmasında ciddi narahatlıq görmür: "Depozitlərin böyük həcmi məcmu kapitalı 50 milyondan yüksək olan, bazarda oturuşmuş banklara qoyulub. Eyni zamanda, qısamüddətli əmanətlər portfeldə daha çoxdur. Bütün bunları analiz etdikdə, sığortalanmayan əmanətlərdə ciddi problemlər görünmür". 

Samir Əliyev: "Fond  6,6 milyard manatlıq əmanətin 1,8 milyard manatına zəmanət verir"

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə media üçün hazırladığı təhlildə bildirir ki, əhali tərəfindən banklara yatırılan hər 100 manatın ancaq 52,4 manatı sığortalanır: "2014-cü ilin III rübü üçün açıqladığı hesabata əsasən, qorunmayan əmanətlərin həcmi 3,14 milyard manata çatıb. Halbuki 2013-cü ilin III rübündə onun həcmi 1,97 milyard manat olub. Qorunan əmanətlərin azalması kompensasiya olunmuş əmanətlərə də təsir edib. İl ərzində kompensasiya olunmuş əmanətlərin həcmi 105 milyon manat azalaraq 1,8 milyard manata düşüb. Qorunan əmanətlərin 53 faizi kompensasiya olunur.

Əmanətlərin Sığortalanması Fondunun son hesabatının təhlili göstərdi ki, artıq əmanətlərin sığortalanması mexanizmi səmərəli işləmir və onun təkmilləşdirilməsinə ehtiyac var. Ölkə üzrə əmanətlərin cəmi 30 faizi sığorta mexanizminin təsir dairəsinə düşür. Yerdə qalanları həm qorunmadıqlarına, həm də məbləği 30 min manatdan çox olduqlarına görə sığortadan kənarda qalırlar". 

S.Əliyev qeyd edir ki, ölkədə kredit faizlərinin aşağı salınması məqsədilə əmanətlərin sığortalanma faizlərinin mərhələlərlə 12 faizdən 9 faizə endirilməsi kredit bazarına ciddi təsir etməsə də, əmanət bazarında faizləri xeyli aşağı salıb: "Təbii ki, aşağı faizlər əmanət bazarının böyümə sürətini azaldıb. Təsadüfi deyil ki, 2013-cü ilin 10 ayı ərzində əmanət qoyuluşu 1,2 milyard manat artdığı halda, bu ilin müvafiq dövründə artım 2 dəfəyədək azalaraq 600 milyon manat təşkil edib. Əvvəllər gözləmə mövqeyi tutan əhali indi çəkinmədən əmanətlərini yüksək faiz verən banklara həvalə edirlər. Kompensasiya olunan əmanətçilərin yatırımlarının orta məbləği 314 manat olduğu halda, qorunmayan əmanətçilərdə bu göstərici təxminən 5216 manatdır. Əgər hökumət əmanət qoyuluşundan əldə edilən gəlirə tətbiq edilən güzəştin müddətini uzatmasa sığortalanmayan əmanətlərin payı daha da artacaq. Çünki "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" qanun bu il qüvvədən düşür. Deməli, güzəşt müddəti uzadılmasa, 2015-ci ildən başlayaraq əmanət faizlərindən gəlir vergisi tutulacaq. Bu isə əhalini yüksək faizli əmanət təklifinə yönəldəcək. Fond isə faktiki olaraq 6,6 milyard manatlıq əmanətin 1,8 milyard manatına zəmanət verir. Yəni banka qoyulan hər 100 manatın yalnız 30 manatının taleyinə 100 faiz zəmanət verir. Deməli, 4,8 milyard manatlıq əmanətin taleyi bankın gələcək fəaliyyətindən və onun maliyyə vəziyyətindən asılıdır".

"Dünyanın 100-dən çox ölkəsində tətbiq edilən əmanətlərin sığortalanması mexanizmi əhalinin bank sektoruna inamını artırmaq, bank sektorunda dayanıqlığı təmin etmək məqsədi daşıyır. Azərbaycan bəlkə də sığorta mexanizminin əmanətin faiz dərəcəsinə tətbiq edildiyi yeganə ölkədir. İlkin araşdırmanın nəticəsi bunu göstərir. Çünki digər ölkələrdə əmanət faizinə münasibətdə sığortalanma mexanizminin tətbiqi təcrübəsinə rast gəlinməyib. Azərbaycanın mövcud sığorta mexanizmi daha çox bankların mənafeyinə cavab verir, nəinki müştərilərin. Ancaq mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. Düzdür, faiz limiti götürülsə, banklar yenidən əmanətlərin faiz dərəcələrini qaldırmağa qaçacaqlar. Ancaq reallıq göstərdi ki, gözlənilənlərə rəğmən əmanət faizlərinin aşağı salınması kredit bazarına ciddi təsir göstərmədi. Əmanətlə kredit faiz dərəcələri arasındakı fərqin artması yalnız bankların qazancının artması ilə nəticələndi",-deyə ekspert vurğulayır.

S.Əliyev təklif edir ki, kompensasiya məbləğinin həcmi 30 min manatdan 50 min manata çatdırılmalıdır. Digər dəyişiklik sığortanın tətbiq edildiyi faiz limitinin (9 faiz) aradan qaldırılması ola bilər: "Bank nə qədər yüksək faizlə əmanət cəlb etsə, Fonda bir o qədər də yüksək sığorta haqqı ödəsin. Bu, bankları daha məsuliyyətli olmağa sövq edə bilər".