Azərbaycanda “beyin” yox, muskul erasıdır!

azerbaycanda-beyin-yox-muskul-erasidir
Oxunma sayı: 1184


İqtidar niyə sözə baxmır?

Baxımsızlığımızın 20 illiynə

Birinci hissə

Niyə baxsın ki? Hamı onun sözünə baxmalı deyilmi? O, İQTİDARdır! Amma biz o sözdən danışmırıq, bizim Söz dediyimiz bədii ədəbiyyatdır. Kəsəsi, demək istəyirik ki vur-tut 20 il bundan öncəkindən fərqli olaraq, iqtidar

- niyə ədəbiyyatı saya salmır?
- nə üçün ona diqqət vermir?
- nədən öz ilahi lütfünü ondan əsirgəyir?
Bir sözlə, Fatmagülün suçu nə?

Və bütün ədəbiyyat adamları adından dövlətin humanitar məsələlər üzrə siyasətinin birbaşa görəvlisi Fatma xanım Abdullazadədən soruşmaq istəyirik - söz adamları neyləyib, nə günah eləyib, nə səhv buraxıb?

Bir sözlə, Fatma, gülün suçu nə?

İlk ağla gələn cavab sovet dönəmiylə bügünün müqayisəsindən doğur.

Sovet hakimiyyəti indiyə qədər görünüb eşidilməmiş yeni dünya qurmaq iddiasını ortaya qoymuşdu! Yeni dünya quruculuğu yeni də ideologiya tələb edirdi. Bu yeni ideologiya kommunizm oldu!
Kommunizm möcüzəyə fanatikcəsinə inam istəyirdi! Komminzim insana Yer üzündə cənnət vəd edirdi! Kommunizm ateist din idi!


Bu allahsız dini beyinlərə yeritmək lazım idi! Moskva kommunizmin Məkkəsi olmalıydı! Kreml şimal Məkkəsinin Kəbəsinə çevrilməliydi! Bütün SSRİ Vladimirə, İliçə, Leninqrada, Leninabada, Leninkəndə çevrilməliydi!

Qılınc gücüylə inqilab artıq baş tutmuşdu, şüurlarda devrim zamanıydı! Şüurlarda devrim üçün sözdən qılınc tələb olunurdu! Sovet ədəbiyyatı kommunizmin on beş dilli Zülfiqarı idi! Sovet oxucuları qılınc kommnuistləri idi!

Leninin qışda at-eşşək belə getməyən ən ucqar dağ kəndlərinin kitabxanalarını da dolduran 55 cildliyi kommunizmin “Tövrat”ı, “Zəbur”u, “İncil”i, Quranı idi! Leninin hətta ən təsadüfi cızmaqaraları belə universitetlərdə “ayə-ayə” təfsir olunurdu. Yeddidən yetmişə hamı Lenini tum kimi çırtlayırdı. Leninin yazdıqları indi tumsatan qadınların karına gəlir!

Bütün poeziya kitablarının bismillahı Lenin, ya da Oktyabr idi! Leninə həsr olunmuş əsərlərdən ibarət özəl bir janr – Leniniana yaranmışdı! Leninə yazılanlar indi adamın arına gəlir!
Əşhədü ənla ilahə illəl Marks! Əşhədü ənnə Lenin-ənrəsul-ül-Marks! Əşhədü ənnə əmirəlkommunistən Stalinən-vəliyy-ül-Marks! Kommunizimin kəlmeyi-şəhadəti beləydi!
Sovet yazarı özünü “Ya qazi ol, ya şəhid!” deyən kommunizm əsgəri kimi dərk edirdi. Yazmaq ideoloji düşmənlərə qarşı döyüşmək – cihad sayılırdı. M.S.Ordubadi, S.Vurğun, S.Rüstəm, M.Rahim, M.Hüseyn kimi ən tipik sovet yazarları seyfül-stalinlər, sinələrində mərmi gəzdirən çapayevləriydi!

Hakimiyyət “haqqa” qail olanların bu dünyasını veriridi - Xalq şairi və yazıçısı fəxri adları, cild-cild kitabların dövlət hesabına dərci, ən yaxşı yerdə ev, bağ, pillə-pillə yüksələn vəzifə nərdivanı, deputat mandatı, təntənəli yubileylər, hər il SSRİ-nin ən yaxşı kurort yerlərində istirahət! Hakimiyyət sözəbaxanların o dünyasını da bu dünyada veriridi: Fəxri Xiyaban, ev muzeyləri, heykəllər, monoqrafik tədqiqatlar, anım gecələri... Sovetlərin Cənnəti bu dünyada idi!

Meretskayadan Leyla Bədirbəyliyə qədər aktrisalar bu Cənnətin “iri gözlü” huriləriydi! “Fətə bərəkallah əhsənül xaliqin!” Zıkinadan tutmuş Sara Qədimovaya qədər müğənnilər bu Cənnətin “iri döşlü” pəriləriydi! “Xəlq elədiklərinə eşq olsun, ilahi!”

Küfr yapanları, ayağını ideologiyanın çızdığı çevrədən azca kənara çıxaranları, SÖZə baxanları Müşfiq kimi Xalq düşməni adıyla güllələnmə, Cavid kimi Sibiryanın qarlı çölləri gözləyirdi. Sovetlərin Cəhənnəmi bu dünyada idi! Stalinin qəzəb oğulları - Beriya və Bağırov bu Cəhənnəmin qırmızıgöz, əli qamçılı malikləri idi!

Stalin, Beriya, Bağırov! Sovet xilafətini düz otuz il kommunist adı altında maskalanmış bu üç münafiq, bu üç yəhudi, bu üç əməvi yönəldirdi! Marksın, Engelsin gücü artıq plakatlardan baxıb uzun saqqallarını yelləməyə belə çatmırdı! Lenin heyrətdən yüz minlərlə heykələ dönüb bütün SSRİ-yə daşlokasiya olunmuşdu! Lenin daşlaşmışdı! Lenin daşlanmışdı! Lenin dışlanmışdı!

Stalin – Allah-ata idi! Beriya – Müqəddəs Ruh idi! Bağırov – Allah-oğul idi!

Yəhudi-semit troitsası xristianlığa qalib gəlmişdi! Kilsələri anbara çevirirdilər!

Yəhudi-semit troitsası islama qalib gəlmişdi! Məscidləri tövləyə çevirirdilər!
Yəhudi-semit troitsası kommunizmə qalib gəlmişdi! Marksı plakata, Lenini heykələ çevirmişdilər!

Şərqli üçün sözə mistik inam səciyyəvidir! Semit qafalı sovetlər Şərq imperiyası idi! Semit qafalı sovetlər sözə aşırı önəm verirdi.
Qorki, Mayakovski, Serafimoviç, Furmanov, Qladkovun, hətta Veresayev kimi menşevikin də əsərlərini Stalin, Lunaçarski, Dzerjinski kimi ali görəvlilər bir masa ətrafında oxuyub dartışır, sonra yayınlayırdılar.

Özü də blondin olmayan Stalin S.Vurğuna zarafatla Qarabala ayaması vermişdi! Qarabala “Bakının sayrışan ulduzlarından, çadrasız boyasız türk qızlarından” ellər atasının hüzuruna salamlar göndərirdi!

Stalin “türk” sözünü yasaqlayırdı! S.Vurğun “türk qızları”nı “el qızları” eləyirdi! Stalin təkcə Sov.KP MK-nın Baş Katibi yox, həm də sovet ədəbiyyatının Baş Redaktoruydu. H.Sultanov, A.Sultanova, R.Axundov, Q.Musabəyov - Stalin Azərbaycan inqilabçılarının qaymağını alır, milli siyasi elitanın başını kəsirdi! S.Vurğun “Xanlar” pyesində quldur Kobanın mətin inqilabçı obrazını yapırdı.

Xanların anası Qızyetər Azərbaycan səhnəsinin priması Mərziyə Davudovanın rus-tatar aksentli möhtəşəm səsiylə, -
Fələyin zindanı kürəyimdədir!
Zalımın zənciri biləyimdədir!
Qonağın (yəni Kobanın – Ə.C.) yerini soruşursunuz? Yarın ürəyimi, ürəyimdədir!!!”, -
deyəndə Vezuvi kimi püskürən alqış səslərindən Akademik teatrın divarları silkələnirdi...

Qızyetər bu sözləri çar jandarmlarına deyirdi! Mərziyə bu sözləri zala çatdırırdı! Səməd bu sözləri Stalinə deyirdi. Stalin bu sözü bütün SSRİ və dünyaya çatdırırdı: “Görürsünüz, xalq mənə öz ürəyinin içində yer verir”.

Qızyetər qonaqpərvər bir xalqın qızıydı! Mərziyə kobapərvər bir xalqın ulduzuydu! Alimlər xalqın beyninə stalinizm iynəsi yeridirdilər! Sairlər xalqın ürəyini yarıb Stalini ora şunturlayırdılar! Sovet elmi və sənəti virtual eksperimental cərrahiyyə örnəyiydi! Sovet cəmiyyəti tarixi eksperiment örnəyiydi!

M. S. Ordubadi, S.Rüstəm həftə səkkiz, mən doqquz Bağırovun kabinetindəydilər. Bu, hakimyyət və ədəbiyyat tragediyasının üst qatıydı! Şair hökmdarın hüzurundaydı! Qılınc və qələm əməkdaşlıq edirdi!

Kommunizmə çatmağa “bir addım” qalmış bir toplumun ən gözəl aktrisaları axşamı Cülyettanı, Katerinanı, Xuramanı oynayıb, gecəni Bağırovun bağ evinə dəvət olunanda bir-birindən birovuzluğa alt paltarı alırdılar. Bu, hakimiyyət və sənət melodramının alt qatıydı! Məşuq aşiqin qucağındaydı! Hakimiyyət və sənət ...əməkdaşlıq edirdi!

Və indi bunların heç biri yoxdur!

İkinci hissə


Yaxşı ki yoxdur! Amma axı biz də sovet toplumu kimi devrimlərdən doğulmuşuq! Leinin yox, Allahın iradəsiylə baş verən bir devrimdən! Biz də yeni toplum qururuq! Sovet toplumu yox, milli toplum!
Və, doğrudanmı, yeni Azərbaycanın müstəqil dövlət quruculuğunda bədii sözə ehtiyac yoxdur? Doğrudanmı, yeni Azərbaycanın açıq cəmiyyət çabalarında bədii söz daşıyıcıları autsayderlər olmalıdır? Axı bağımsızlıq, baxımsızlıq demık deyil!

“Əbləhlər, bilmirsiniz ki, indi sovet dönəmi deyil? Görmürsünüz ki, cızmaqaralarınız heç kəsə lazım deyil. Anlamırsınız ki, sovet dövrü klassikləri - S.Vurğun, Ə.Vəliev, M.İbrahimova diqqətimiz Heydər Əliyev ənənələrinə hörmətimizin ifadəsidir. Bizə diri ədəbiyyatı istəmirik. Gedin kərmənizi ayaqlamağa!” On il öncə Yeni Azərbaycan Partiyası qərargahında yazarlarla görüş zamanı bu sözləri Əli Əhmədovun qımışan dodaqlarından, gülən gözlərindən oxudum. Bunu Ə.Əhmədov demədi, bunu Ə.Əhmədov DEDİ! Bu mimika idi! Bunu oxuyan bəlkə də təkcə məniydim!

“Bu gün bizdə bir dənə də olsun ciddi ədəbiyyat nümunəsi – roman, dram, poema yoxdur”. Bu, Ramiz Mehdiyev cənablarının təxminən iki il öncəki silsilə məqaləsində ədəbiyyata həsr olunmuş üç cümlədən biri oldu! Bu, hakimiyyətin sözə münasibətinin artıq mimik yox, birbaşa - qrafik ifadəsiydi! Bunu yəqin ki hamımız oxuduq!

Bəyəm, Kamal Abdullanın Nobelə təqdim olunan “Yarımıçıq əlyazma” və təqdim olunmayan “Unutmağa kimsə yox” romanları roman deyil? Olsun! Bunu başa düşdük! İntellektual romançılıq “beyin erasının” iqtidarına lazım deyil. Onun estetik zövqü detektivdən o yana keçmir.

Bəyəm, Əli Əmirlinin dünya səhnələrini gəzib dolaşan, beynəlxalq festivallarda qızıl medallara layiq görülən “Varlı qadın”ı dram deyil? Olsun! Bunu da başa düşdük! Ümummilli xoşbəxtlik kosmetikasını üzümüzdən silən ekssentrik komediya iqtidara lazım deyil! Ona Tahir və Cabir İmanov qardaşlarının kosmetik tənqiddən başqa bir şey olmayan şouları bəs eləyir.

Bəs, Zəlimxan Yaqubun milli öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr olunmuş möhtəşəm “Əbədiyyət dastanı” dilogiyası necə, poema deyilmi? Bu, artıq olmadı! Amma bunu da başa düşdük! Kəpənəkçidən çıxmış xalq dühasına ayrı-ayrı iqtidar görəvlilərinin kəpənəyi qonmur. Zəlimxan rusdilli deyil! Zəlimxan rusbaşlı deyil! Zəlimxan mutant deyil! Zəlimxan millidir! Zəlimxan xəlqidir!

Mədhiyyəçilik hesabına divident qazanmaq üçün qələmini qədləyən yüzlərlə çızmaqarçıya AİLƏ haqqında yazmaq çox nəzakətlə qadağan olunub. Və demək, iqtidar tərifi istəmir. Öz adlarını əbədi sənət siyahısına yazmış Ramiz Rövşən və Vaqif Bayatlı Odər on beş yaşlı Mirbəhrama belə rəva görülən birillik Prezident təqaüdü siyahısından çıxarılır. Bəlli! Müaxlif siyasi yön üzündən. R.Rövşən və V.B.Odər sözəbaxan deyil. R.Rövşən və V.B.Odər SÖZə baxır.

Seyran Səxavət və Vaqif Nəsibə də dövləti-aliyyənin 300 manatlıq səxavəti nəsib olmur. Müstəqil hökumətimiz müstəqillik dönəminin ən istedadlı şairi Salamın belə salamını almır. Məlum! Müxalif siyasi yön üzündən. Salam sözəbaxan deyil. Salam SÖZə baxır.

Tofiq Həsənli siyasi satirada “tövfiq” olur - evindən çölə atılır. Mirzə Sakit sakit durmayıb Mirzə Sabirlik eləmək istəyir - içəri atılır. Və demək, Azərbaycan yazarları atılmışlardır. Və demək, hakimiyyət tənqidi də istəmir.
Bəs, nə istəyir?

“Nə sülh istəyirik, nə də müharibə. Ordunu isə buraxmaq lazımdır”. Bunu Brest sülhü öncəsi Trotski demişdi. “Nə tərif istəyirik, nə də tənqid. Yazarlar ordusuna isə boş vermək lazımdır”. Bunu hakimiyyət və ədəbiyyat döyüşü öncəsi R.Mehdiyev DEYİR. Axır ki hər şeyi başa düşdük!

Nəyi? Nəyi başa düşdük? Müasir Azərbaycan siyasi iqtidarının çağdaş Azərbaycan ədəbiyatına yönsüz münasibətinin 4 yönünü.

Sovetlər ədəbiyyata heç olmasa “kommunizm” ideologiyası naminə “qayğı” göstərirdilər. Müstəqil Azərbaycanın isə kosmetik azərbaycançılıq ideyasını bir kənara qoysaq, ümummilli ideologiyası yoxdur. Və avtomatik olaraq, hər şeyə milli yox, AİLƏ rakusrsundan baxılır. Əgər doğrudan da, azərbaycançılıq deyilən bir şey varsa, onda Azərbaycan ədəbiyyatına niyə belə yanaşılmalıdır? Bəyəm söz adamları bu milləti təmsil eləmir? Hər şey bir yana, axı bu azərbaycançılıq ideyasının banilərindən biri, bəlkə də birincisi “Anamın kitabı” pyesi və “Azərbaycan” məqaləsinin müəllifi Cəlil Məmmədquluzadə, yəni yazıçı olub! İdeologiyasızlıq! İdeyasızlıq! İdealsızlıq! Bu, ədəbiyyata məlum etinasız münasibətin iqtidarla bağlı birinci - ən ümumi, “obyektiv” yönüdür.

Avtoritar rejimlərdə bir adamın fərdi fikri, şəxsi zövqü hamı üçün qanundur. Birinci şəxs idmanı sevəcək – hamı futbol oynayacaq! Birinci şəxs muğama dəyər verəcək – hətta Aygün Kazımova da əlinə qaval götürəcək!

Heydər Əliyev heyrətamiz bədii-estetik zövqə malik bir lideriydi! Heydər Əliyrv teatrı, musiqini, ədəbiyyatı təkcə bir Prezident yox, həm də bir insan kimi gözəl duyur və qiymətləndirirdi! İlham Əliyev sadəcə bir Prezident kimi yox, bir insan kimi də idmana önəm verir.
Sənət ruh, idman bədənlə bağlıdır! Hazırda antik Yunanıstanda olduğu kimi, Azərbaycanda da bədən kultu hökm sürür. Hazırda Azərbaycanda güc ağıldan, qol ürəkdən yüksək tutulur! Hazırda Azərbaycanda “beyin” yox, muskul erasıdır!

Bu, iqtidarın ədəbiyyata etinasız münasibətinin birinci şəxslə bağlı ikinci – subyektiv yönüdür. Biz televizor, internet, mobil telefon dönəmində – informasiya ötürücülüyünün maksimum həddə çatdığı bir dövrdə yaşayırıq. Müsrtəqil Azərbaycan qapalı sovet cəmiyyəti deyil. Müstəqil Azərbaycan qlobal dünyanın tərkib hissəsidir. Və bu informasiya bolluğunda ədəbiyyatın səsi o qədər də eşidilmir. Və bu qlobal dünya məkanında Azərbaycan ədəbiyyatı o qədər də görünmür. Bu qlobal məkanda seçilmək üçün Markes istedadına, Eko və Pamuk intellektinə malik olmaq tələb olunur. Bu, iqtidarın ədəbiyyata etinasız münasibətinin ədəbiyyatın özüylə bağlı birinci – obyektiv yönüdür.
Müstəqil Azərbaycan sovet dövrünün ictimai təsisatalrından imtina edib. Müstəqil Azərbaycan yazarı sosialist realizminin ictimailik anlayışından imtina edib. İndi sosiloji düşüncə sovetdənqalma anaxronizm təsiri bağışlayır. İndi sosioloji düşüncə gülüş doğurur. Hər şey individuallaşıb. Hamı özünü, vəzifəsini, oğlunu, qızını, nəvəsini düşünür. Hər kəs özünə, oğluna, qızına, nəvəsinə, ən uzağı qohumuna bur gün ağlamaq istəyir. “Dinərəm, birdən məni işdən çıxararlar! Dinərəm, birdən məni deputat təyin eləməzlər! Dinərəm, birdən oğlumu səfir göndərməzlər, qızımı boşayarlar, nəvəmə ev verməzlər, unitazımı təmir eləməzlər!...”
Deputat mandatı taxmaq! Azərbaycan yazarının ən son idealı budur! R.İbrahimbəyov yalnız ÖZ barmağı qapı arasında qalanda dillənir. Ə.Əylisli Milli Məclisi kəskin tənqid edən “Ətirşah Masan” romanından ÖZÜ deputat seçiləndən sonra dolayısı ilə imtina edir, telemüsahibəsində romanı “ötəri bir ovqatın ifadəsi” adlandırır. Üstündən bir ay keçəndən sonra bunu ona xatırladanları “böhtançı” adlandırır. Qalanlar ümumiyyətlə susur. Azərbaycan ədəbiyyatı müsəlman sufiləri, hind yoqaları kimi SÜKUTun “müqəddəs” diliylə danışır. Hamı susur...

Susmaq! Azərbaycan yazarının nəzərində ən böyük qəhrəmanlıq budur! Və bu sükut içində Azərbaycan iqtidarı Saltıkov-Şedrinin “Mesenat qartal” hekayəsinin bütün xırda quşları qanadı altına alıb bir-bir yeyən qəhrəmanını – nəhəng qartalı xatırladır. Və bu sükut içində Azərbaycan yazarları Saltıkov-Şedrinin “Qumbalığı” hekayəsinin durnabalıqları qarşısında tir-tir əsən qəhrəmanını – balaca qumbalığını xatırladır.

Hətta Rafiq Tağının ölümü də Azərbaycan ədəbiyyatını dirldə bilmədi! Çünki R.Tağı da ÖZÜnü düşünürdü! R.Tağı özünü SÖZə qurban verməmişdi! R.Tağı özünü sözünə qurban vermişdi! R.Tağı kiçik həqiqətlər ardınca qoşurdu! R.Tağının talış kəndinin mollalarını tənqid etməkdən o yana keçməyən kiçik hekayələrinin böyük həqiqətlərlə ilişgisi yoxuydu! Publisitik yazılarının kəskin ictimai-siyasi xarakterinə baxmayaraq, R.Tağının ictimai idealı da yoxuydu. R.Tağı sovet dövründə heç cür nail bilmədiyi gecikmiş şöhrətə can atırdı! Və ona görə bütün respublikanın gözü qabağında tanınmış bir yazıçının qətli ictimai fakta çevrilmədi! Ona görə onun öldürülməsi adi bir kriminal hadisə olaraq qaldı! Ona görə Rafiq Tağının ardıcılları yetişmir! Sükut davam edir!

Və təkcə elə Yazıçılar Birliyi üzvlərindən ibarət iki minə yaxın söz partiyası üzvləri ictimai gücə çevrilmir! Azərbaycan ədəbiyyatı öz sosial kontingentini itirir! Aşağı artıq ona inanmır! Yaxşı eləyir inanmır! Yuxarı artıq onu saya salmır! Haqq eləyir saymır! Bu, iqtidarın Azərbaycan ədəbiyyatına etinasız münasibətinin ədəbiyyatın özüylə bağlı ikinci – subyektiv yönüdür.
İki səbəb yuxarı, ikisi aşağıdan! İki səbəb hakimiyyət, ikisi ədəbiyyatdan! İki dəfə ikin dörd eləyir! Vurma cədvəlinin bu sadə nəticəsi naminə Marksdan, Lenindən üzü bəri dünyanı bir-birinə vurmaq, bu uzundərə yazını yazmağa hacət varıydımı? Varıydı!

Çünki iqtidar-ədəbiyyat münasibətləri arabasının bu dörd təkərindən başqa baqajda bir təkər də var – beşinci təkər. Bu təkərin iki üzü var. Birincisi daxili üzüdür. Siyasi müxalifət iqtidarın etinasız yanaşdığı yazarları öz tərəfinə çəkməyə can atır. Müsavat Sabir Əhmədlidən patriarx yapmaq istəyirdi. “Xalq cəbhəsi” Murad Köhnəqaladan məliküşşüəra yapmaq istəyir. İsa Qəmbər hakimiyyətdən narazı yazarları başına yığıb rəsmi ədəbi qüvvələrə qarşı alternativ ədəbi cəbhə açmaq istəyir. Siyasi müxalifət hakimyyətə gəlmək istəyir. Siyasi müxalifətə ədəbiyyat öz məqsədləri üçün bir vasitə kimi lazımdır. Siyasi müxalifəti ədəbiyyat maraqlandırmır. Siyasi müaxlifət narazı yazarları iqtidara qarşı mübarizə vasitəsi kimi kullanır. Siyasi müxalifətin ədəbiyyata münasibəti siyasidir. Qoy olsun! Uzaqbaşı bir hakimiyyət digəriylə əvəzlənəcək! Bu, beşinci təkərin təhlükəsiz üzüdür.

Beşinci təkərin ikinci üzü xarici səciyyə daşıyır. Neft və Qarabağ – bu iki amil dünyanın Azərbaycana diqqətini artırır. Dünya gücləri Azərbaycanı kullanmaq istəyir. Dünya gücləri indi xarici müdaxilədən çox, daxili müdaxilədən istifadə edir. Dünya gücləri hər ölkəni öz içindən dağıldır. Bunun üçün bütün mümkün vasitələrdən – mətbuatdan, internet saytlarından, kitablardan istifadə olunur. Bu günkü imperiya siyasəti postmodern səciyyə daşıyır. Klassik metropoliyalardan fərqli olaraq, dünya gücləri bu gün torpaqları yox, beyinləri fəth etməyə üstünlük verir. Beyinləri fəth etmək üçün ən yaxşı təbliğat vasitəsi ədəbiyyatdır.

Xarici qüvvələrin maliyyələşdiryi “Azadlıq radiosu” saytı Bakı filialının antiazərbaycan, antimilli ədəbiyyat siyasəti məhz bu amillərdən doğur. “Azadlıq radiosu”nu ədəbiyyat maraqlandırmır. Ədəbiyyat onun üçün Azərbaycan mentallığına təsir etmək, onu istədiyi kimi idarə etmək, beyinləri formalaşdırmaq üçün sadəcə bir vasitədir. “Azadlıq radiosu” ədəbiyyat siyasətinin məqsədi Azərbaycanın içindən gələcəyin Salman Rüşdü, Orxan Pamuk və Xalid Hüseynilərini yetişdirməkdir. Lazım olanda kullanmaq üçün.

Və günlərin bir günü Azərbaycan Salman Rüşdüsü meydana çıxıb “Allah yoxdur, Quran şeytan ayəsidir” desə, qorxmayın. Bu, sadəcə olaraq, üçrəngli bayrağımızın yaşıl rənginə qarşıdır.

Və günlərin bir günü Azərbaycan Orxan Pamuku meydana çıxıb “Ermənilər bizi bağışlayın, Qarabağ da, hələ üstəlik “Sarı gəlin” də sizindir” desə, hürkməyin. Bu, sadəcə olaraq üçrəngli bayrağımızın göy rənginə qarşıdır.

Və günlərin bir günü Azərbaycan Xalid Hüseynisi meydana çıxıb “Azərbaycan haradır? Mənim vətənim Amerikadır” desə çaşmayın. Bu, sadəcə üçrəngli bayrağımızı başdan-başa qırmızı rəngə boyamaq arzsunun ifadəsidir.

Beşinci təkərin bu ikinci – xarici üzü artıq kifayət qədər təhlükəlidir. Dövlət öz istedadlarına sahib çıxmasa və günlərin bir günü bu təkər arabaya qoşulsa, ədəbiyyat hara gedəcək? Bax, bunu bilmirəm...

Əsəd Cahangir, xüsusi olaraq “Qafqazinfo” üçün