Bəlkə də elə həmin vaxtdan radarın təyinatı və əhəmiyyəti ilə bağlı sürücülər və polislər arasında fikir ayrılığı yaranmışdır: sürət həvəskarı olan bəzi sürücülər ona polisin qurduğu tələ kimi baxır, polis isə radarın çox mühüm bir nəzarət vasitəsi olduğunu isbatlamaqla məşğuldur.
Əgər xatırlayırsınızsa, bu mübahisə hətta Milli Məclisə qədər getdi çıxdı. Təəssüf ki, bəzi deputatlar da radara elə məhz tələ kimi baxaraq ondan qabaq xəbərdarlıq olmasını vacib saydılar. Nəticədə «Yol hərəkəti haqqında» Qanuna 6 aprel 2012-ci il tarixdə edilmiş dəyişikliyə əsasən radardan qabaq hər bir halda informasiya stendinin və ya maksimum sürətin məhdudlaşdırılması nişanının qoyulması ilə sürücülərin xəbərdar edilməsi nəzərdə tutuldu. Həmin dəyişiklik müzakirə olunanda bunu çox yanlış bir yanaşma saymışdım və əsaslandırılmış şəkildə öz fikrimi mətbuatda da bildirmişdim. Əsas arqumentim bu idi ki, radarın harada olduğunu qabaqcadan bilən sürücü radar olmayan yerlərdə rahatca şütüyəcək və yollarımızda ölənlərin sayı artacaq.
Təəssüf ki, həmin düzəlişdən keçən az vaxt bu arqumentin doğruluğunu təsdiqləməkdədir. Hətta o vaxt təəccüblənmişdim ki, DYP belə bir dəyişiklik layihəsini necə irəli sürə bilər? Axı məntiqlə belə bir xəbərdarlıq DYP-nin də mənafeyinə ziddir. Sonradan maraqlandıqda məlum oldu ki, bu düzəlişdən DYP-nin xəbəri yoxdur və qeyri-rəsmi məlumata görə bunu elə Milli Məclisin bəzi deputatları özləri irəli sürmüşlər. Bu zaman onlar belə bir xəbərdarlığı insan hüquqları mülahizəsi ilə əsaslandırsalar da, məqsəd özlərinin də canını tez-tez radara düşməkdən qurtarmaq olmuşdur.
Bəs radar nədir, nəyə lazımdır?
Əvvəla, çoxumuz gözəl bilirik ki, təkcə bizim ölkədə yox, bütün dünyada baş verən ağır qəzaların yarısına yaxınının səbəbi məhz sürət həddini pozmadır. Əslində digər səbəblərin (məsələn, ötmə qaydalarını pozmanın və s.) də ağır nəticələr doğurması çox vaxt qəzanın yüksək sürətlə əlaqəli baş verməsindən irəli gəlir.
Şəraitə uyğun olmayan sürət baş verən qəzanın ən ağır sonluqla – insan ölümü ilə nəticələnməsini şərtləndirir. Son illər ölkəmizdə baş vermiş bir neçə hadisə də göstərdi ki, minik avtomobili piyadanı 90 km/saat və daha yüksək sürətlə vurduqda onu sadəcə öldürmür, hətta parçalayır. Dünyanın aparıcı mütəxəssisləri hesablamışlar ki, planetin yollarında faktiki hərəkət sürətini cəmi 5 km/saat aşağı salmaqla yol-nəqliyyat hadisələrində ölənlərin sayını 20% azaltmaq olar. Qəza baş verməsə də belə, yüksək sürət insan sağlamlığına ziyandır. Mütəxəssislər müəyyən etmişlər ki, aşırı sürətlə hərəkət edən avtomobilin nəinki sürücüsü, hətta sərnişinləri də ağır stress səviyyəsində psixoloji gərginlik keçirirlər. Bunun dəfələrlə və uzun müddət davam etməsi isə insan psixikasında, ürək-damar və sinir sistemində ağır fəsadlar törədə bilər.
Yüksək sürət eyni zamanda daha çox yanacaq işlətmək deməkdir. Bu isə həm cibə ziyandır, həm də ətraf mühiti daha çox çirkləndirir.
Göstərilən səbəblərdən dünyanın bütün yollarında sürət məhdudiyyəti müəyyən edilib. Buna nəzarət üçün isə müxtəlif xarakteristikaya malik sürətölçən cihazlardan – radarlardan istifadə olunur. Heç kimə sirr deyil ki, sürət rejiminin nəzarətdə saxlanması müstəsna olaraq həmin radarların hesabına mümkün olur. Deməli, sürətin gətirə biləcəyi fəlakətləri nəzərə aldıqda radara “həyat sığortası” deməyə tam haqlıyıq.
Təəssüf ki, bu aydın həqiqəti heç də hamı dərk etmir. Amma belə yanlış yanaşma da təsadüfən formalaşmayıb. Çox da uzaq olmayan keçmişdə müəyyən vaxt peyda olub, bir müddətdən sonra yoxa çıxan sürət məhdudiyyəti nişanlarını və onlardan bir qədər sonra kol-kosun, yaxud köhnə tikilinin arxasında gizlədilmiş radarı çoxlarımız yaxşı xatırlayır. Yolun nisbətən rahat və maneələrsiz yerində qoyulan radarlar belə yanaşmanın formalaşmasında az rol oynamayıb.
Obyektivlik naminə qeyd edim ki, son vaxtlar belə hallar yox dərəcəsindədir. Amma sürət rejiminin nə olduğunu dərk etməyən, bütün gücü ilə qaza basan sürücülərimiz hələ də çoxdur. Bəziləri nəinki radarı, elə qaydaların özündə nəzərdə tutulan sürət məhdudiyyətini də qınayırlar və düşünürlər ki, maşın nə gedirsə, elə də sürmək lazımdır. Yox, hörmətli sürücülər, bu, mümkün deyil. Yol ictimai yerdir. Yolda hər kəsin ola bilməsi, ondan istifadə etməsi dəqiq müəyyən olunmuş qaydalar çərçivəsində baş verməlidir. Həmin qaydalardan kənara çıxılması bütövlükdə cəmiyyətin mənafeyini pozur, potensial olaraq hər kəs üçün təhlükə yaradır. Bu potensial təhlükənin ən qorxuncu da məhz sürətlə gedən avtomobilin daşıdığı öldürücü kinetik enerjidir. Gərək elə edək ki, həmin enerji daim bizim tam nəzarətimiz altında olsun. Bu isə yalnız yol şəraitinə uyğun, müəyyən olunan yuxarı həddi aşmayan sürət rejimi çərçivəsində hərəkət zamanı mümkündür.
Amma radarı tələ hesab edən yanaşmanın aradan qaldırılması üçün DYP-nin də üzərinə xeyli yük düşür. Bu münasibəti tam aradan qaldırmaq üçün ilk növbədə məsuliyyətin labüdlüyünü təmin etmək lazımdır. Bütün cəmiyyət əmin olmalıdır ki, heç kim radardan yan keçə bilmir və radar vəzifəsindən, sürdüyü avtomobildən, maddi imkanından asılı olmayaraq hər kəsi «tuta bilir». Cəmiyyəti inandırmaq lazımdır ki, radar qaydanı pozanları aşkar edərək cərimə almaq üçün yox, məhz təhlükəsiz sürət rejimini təmin etmək üçün lazımdır. Əsas hədəf intizamsızları cərimələmək yox, məhz təhlükəsizliyin təmin edilməsidir. Cərimə isə bu müqəddəs hədəfə çatılmasında sadəcə bir vasitədir.
Sürətlə bağlı sürücülərə başqa bir mühüm məqamı da xatırlatmaq istəyirəm. Yolda maksimum sürətin nəzərdə tutulması o demək deyil ki, məhz elə həmin sürətlə getmək olar. Hərəkət qaydaları təhlükəsiz hərəkət üçün sürətin ən mühüm amillərdən biri olmasını nəzərə alaraq müəyyən edir ki, sürücü hərəkət şəraitinə uyğun sürət rejimi seçməlidir. Ağır yol-nəqliyyat hadisələrinin statistikasına nəzər yetirdikdə məlum olur ki, sürət rejimini pozma dedikdə, daha çox şəraitə uyğun olmayan sürətin seçilməsi başa düşülür. Hörmətli sürücülər bilməlidirlər ki, bax bunu, yəni şəraitə uyğun olmayan sürəti hər hansı radarla ölçmək heç də həmişə mümkün olmur. Bunu sürücünün beyni, təfəkkürü, real yol şəraitini qiymətləndirmək qabiliyyəti müəyyən etməlidir. Deməli, sürət məsələsi hər bir sürücüdən daha intellektli, həssas, diqqətli, ölçülüb-biçilmiş yanaşma tələb edir. Göstərilən meyarları kənara atıb yalnız qaz pedalını sıxmaq isə ağıl kəmliyinə dəlalət edir. Bəli, məhz ağıl kəmliyinə.
Sonuncu ifadəni təsadüfən işlətmədim. Dünyanın bəzi dövlətlərində sürət rejimini əndazəsiz pozan sürücülər cərimə olunmaqla yanaşı, polis tərəfindən məcburi psixiatr müayinəsinə də göndərilir. Məsələn, qardaş Türkiyədə sürət rejimini pozmaqla cərimə ballarının maksimum miqdarını toplayanların sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır, lakin 6 aydan sonra həmin sürücü psixi sağlamlığı barədə arayış gətirə bilməsə, onun sürücülük vəsiqəsi ləğv edilir.
Beləliklə, hörmətli sürücülər, lütfən, radarı tələ yox, həyat sığortası sayın. Ən başlıcası, sürət rejimini pozmayın, radar tələ olsa da, həmin tələyə düşməzsiniz. Yox, əgər radarı tələ sanıb, radarsız yerlərdə var gücünüzlə qaza bassanız, bu sizi ya dəmir barmaqlıqlar arxasına, ya da morqa apara bilər.
Ərşad Hüseynov