“Azərbaycanın İT-şirkəti coğrafi informasiya sistemləri üzrə regional liderə çevrilir”

azerbaycanin-it-sirketi-cografi-informasiya-sistemleri-uzre-regional-lidere-cevrilir
Oxunma sayı: 2360

MDB məkanında coğrafi informasiya sistemləri üzrə həlləri və xidmətləri təqdim edən Datum şirkətiinin baş direktoru Camal İsmayılov ilə müsahibəni təqdim edirik. Azərbaycan şirkəti kimi Datum son illər uğurla fəaliyyət göstərərək ölkə daxilində və MDB məkanında mürəkkəb layihələri reallaşdırır və Vətənimizin insan kapitalı əsasında texnoloji ixrac potensialını artırmağa xidmət edir. 

- Azərbaycanın İT-şirkətlərinin son illər yüksək texnologiyalar sahəsində beynəlxalq aləmdə uğurları müşahidə olunur. Sizin fikrinizcə, Azərbaycan şirkətlərinin uğurlarının səbəbi nədir? 
- Düzdür, son illər ərzində şirkətlərimiz yüksək texnologiyalar sahəsində davamlı olaraq xarici bazarlarda uğur qazanmaqdadır. Hazırda, Azərbaycanın texnoloji  məhsulları 20-dən artıq ölkəyə ixrac olunur və aparıcı şirkətlərimiz olan RISK, BESTCOMP, SINAM, İDRAK. DATUM və digərləri öz təkmil həlləri və xidmətləri ilə xarici bazarlarda öz müştərilərini tapmaqdadır. Təqdirəlayiq haldır ki, Azərbaycan məhz yüksək insan intellekti tələb olunan sahədə uğurlara imza atır və bunun əsas səbəblərindən biri son 30 ildə Azərbaycan hökumətinin davamlı olaraq ölkə daxilində elektron hökümət istiqaməti üzrə həyata keçirdiyi müxtəlif layihələrdə yerli şirkətlərin iştirakıdır. Azərbaycanla birıikdə böyüyən İT-şirkətlərimiz öz həllərini uğurla tətbiq edərək, sonra öz təcrübəsini ixrac etməyə başlamışdır. Beynəlxalq aləmdə təsdiqlənən hər bir uğurumuzun arxasında Azərbaycanda reallaşan layihələr durur. 

Beynəlxalq təcrübə göstərir ki, qlobal müstəvidə uğurlu olan hər bir texnoloji şirkət ilkin mərhələdə öz ölkəsində etimad qazanır və sonra isə öz ekspertizasını ixrac edir. Buna görə hər bir olkədə müxtəlif layihələrin reallaşdırılmasında yerli şirkətlər prioritet sayılır və dövlət səviyyəsində onların həllərindən istifadə edirlir. Məsələn, Türkiyədə yerli tenderlərdə xarıcı İT-şirkətlər qalib gəlmir, məhz yerli həllər prioritet sayılır. Belə yanaşmanın milli maraqlar üçün bir neçə müsbət nəticəsi olur – dövlət büdcəsindən ödənilən məbləğlər ölkədə qalır, yerli şirkətin komandasının peşəkarlığı artır və şirkət öz həllini xarici ölkələrə ixrac edə bilir və nəticədə ölkəyə daha çox gəlir gətirir. Bu model Azərbaycanda İT-sektorda uzun illər tətbiq olunub və mən əminəm ki, bu yanaşma davam edəcək. 

Xüsusilə qeyd etməliyəm ki, Azərbaycan şirkətlərinin peşəkarlığı və yaratdığı həllər bazarda olan analoqlarından keyfiyyətinə görə geri qalmır və bununla yanaşı 2-3 dəfə xarici həllərdən ucuz olur. Nəzərə alsaq ki, ölkəmizdə əsas şifarşçi dövlət orqanlarıdır, daha az maliyyə birbaşa olaraq dövlət büdcəsinin qənaəti deməkdir. Bu artıq dəfələrlə sübut olunmuşdur və Azərbaycan şirkətlərinə qürurla öz həllərini həm daxili, həm də xarici bazarlarda təqdim etməyə imkan yaradır. 

- Rəhbərlik etdiyiniz "Datum" şirkəti bu bu ilin payızında Dünya Bankının dəstəklədiyi Moldovanın coğrafi informasiya sistemləri seqmentində tenderin qalibi elan olunub. Sizin bu uğurunuz da Azərbaycandan bəhrələnirmi? 

- Əlbəttə, bizim şirkətin inkişafı yalnız ölkə daxilində topladığımız təcrübə və reallaşdırdığımız uğurlu layihələr hesabına olmuşdur. Bildiyiniz kimi, biz əsasən cooğrafi  informasiya sistemləri sahəsində ixtisaslaşmışıq. Azərbaycanda keçən əsrin 90-cı illərin ortalarından başlanan torpaq islahatları bu istiqamətdə texnoloji həllərə tələbat yaratmışdır və məkan məlumatlarının toplanması və emalı ilə bağlı yeni biznes seqment yaranmışdır. Datum şirkəti bu istiqaməti prioritet sayaraq bu seqmentə 2008-ci ildə daxil oldu və cooğrafi informasiya sistemləri üzrə öz peşəkar komandasını formalaşdırdı. Dünya Bankının Azərbaycanda daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı layihələrində iştiraka başladıq. Fəaliyyət müddəti ərzində şirkətimiz Azərbaycanda müxtəlif dövlət qurumları üçün cooğrafi informasiya sistemləri istiqaməti üzrə müxtəlif layihələr həyata keçirmişdir. 
Bu ilin payızında isə şirkətimiz Dünya Bankının Moldovada həyata keçirdiyi “Torpaqların Qeydiyyatı və Əmlakın Qiymətləndirilməsi Layihəsi”nin “Texniki-Tikinti İnfrastruktur Obyektlərinin Dövlət Reyestri (ROİTE) İnformasiya Sistemi”nin təchizatı və quraşdırılması komponenti üzrə baş tutmuş beynəlxalq tenderin qalibi olmuşdur. Artıq müqavilə imzalanmış və işlərin icrasına başlanmışdır. ROİTE eyni zamanda texniki və kommunal infrastruktur obyektləri, onların struktur elementləri, həmçinin onlar üzərində mülkiyyət və digər əmlak hüquqları olan texniki və kommunal obyektlərin mühafizə zonaları, habelə mühafizə zonasına daxil olan torpaqlardan istifadəyə dair mövcud məhdudiyyətlər haqqında rəsmi məlumat mənbəyi olmaqla məlumatların toplanması, emalı, sistemləşdirilməsi, saxlanılması, istifadəsi və çatdırlması məqsədilə yaradılır. 
Qeyd etməliyəm ki, Moldova qanunvericiliyində kommunal kadastr obyektləri kimi avtomobil yolları, dəmir yolları, aerodromun və dəniz limanının ərazisində və akvatoriyasında yerləşən kommunal obyeklər, elektrik və təbii qaz şəbəkələri, içməli su təchizatı və tullantıların idarə olunması sistemləri, kanalizasiya, istilik enerjisi, işıqlandırma, işıqfor, elektrik nəqliyyat və elektron rabitə şəbəkələri, boru kəmərləri, neft məhsullarının saxlanması və satışı obyektləri, suvarma sistemləri, qurutma sistemləri və digər tikili və qurğular təsbit edilib. 

Bununla yanaşı, Afrika ölkəsi olan Qambiyada da rabitə xəttlərinin elektron kadastrının məlumat bazasının yaradılması layihəsini də reallaşdırmışıq. Artıq qeyd etdiyim kimi, uğurlu layihələr və peşəkar ekspertiza bizə öz fəaliyyətimizi qlobal səviyyədə miqyaşlandrımağa və öz fəaliyyət coğfrafiyamızı genişləndirməyə imkan verir. 

Kommunal kadastrların yaradılması praktikası qərb ölkələrində, o cümlədən, ABŞ, Böyük Britaniya, Kanada, İsveçrə və digərlərində mövcuddur. Əminəm ki, Azərbaycanda da bu istiqamətdə işlər görüləcək və ölkəmizin kommunal kadastrı yaradılacaqdır və biz Azərbaycan şirkəti olaraq öz təcrübəmizi həm də vətənimizdə reallaşdırdıra biləcəyik. 
Xaricdə reallaşan son layihələrdən biri də Tacikistanda yerləşən 5 min hektar sahəsi olan su anbarının 3D modelləşdirilməsidir. Şirkətmiz seçdiyimiz ixtisaslaşma üzrə yeni çağırışlara cavab verir və öz həllər paketini daimi olaraq genişləndirir. Bu yanaşma bizə coğrafi informasiya sistemləri üzrə regiondan və ölkədən asılı olmayaraq müxtəlif tenderlərdə iştirak etməyə və qalib olmağa imkan yaradır. 

- Azərbaycanda hansı son uğurlu layihələri misal gətirə bilərsiniz? 
- Fəaliyyət dövründə ölkə daxilində dövlət qurumlarının sifarişi ilə onlarla müxtəlif həcmli layihələr həyata keçirmişik. 2022-ci ildə şirkətimiz tərəfindən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişinə əsasən meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazası yaradılmışdır. Son layihələrimizdən “Azalternativenerji” MMC-nin sifarişinə əsasən bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin (BOEMİS) yaradılmasını da qeyd edə bilərəm. 

Yaxşı haldır ki, son vaxtlar yerli şirkətlər layihələrdə iştiral etmək üçün öz qüvvələrini birləşdirirlər. Bu da əsasən xarici şirkətlər qarşısında rəqbətədavamlı təkliflər hazırlamaqda effektli olur. Təəssüf ki, hər-hansı səbəbə görə bəzi dövlət qurumları “xarici həll daha keyfiyyətlidir” prinsipini üstün tutaraq, təcrübə və təklif qiymətinə baxmadan xarici şirkətlərə üstünlük verir və belə hallarda bir çox obyektiv faktorlar nəzərə alınmır. Hesab edirəm ki, belə praktika aradan qaldırılmalı və ədalətli yanaşma təmin edilməli və əgər yerli həllər tələblərə cavab verirsə və xidmət haqqı daha qənaətlidirsə, məhz yerli şirkətlərə üstünlük verilməldir. Yalnız belə yanaşma ilə biz milli texnoloji potensialımızı gücləndirə bilərik və bunun məntiqi davamı olaraq ixracı  artıra bilərik. Yerli şirkətlər seçim zamanı güzəşt yox, obyektivlik istəyindədir və bu həmçinin tam olaraq dövlət satınalmaları üzrə yerli qanunvericiliyə cavab verən istəkdir. 

Hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elan etdiyi kiçik bir ərazinin 3D kadastrının yaradılması tenderində digər yerli Sinam şirkəti ilə konsorsium şəklində iştirak edirik. Bu tenderdə biz Sifarişçiyə texniki cəhətdən müasir standartlara tam şəkildə cavab verən və şirkətlərin çoxillik təcrübəsi və komandalarımızın peşəkar səviyyəsi ilə təsdiqlənən və əlbəttə ki, maliyyə cəhətdən dövlət büdcəsi resurslarına qənaət olunmasını təmin edən sərfəli təklif təqdim etmişik. 

- Rəhbərlik etdiyiniz şirkət artıq nəinki Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda da nüfuz qazanmaqdadır. Azərbaycanın texnoloji ixrac potensialı olan şirkətlərinin sayının artırmaq üçün dövlətimiz hansı addımları atmalıdır? 

- Əminəm ki, Azərbaycanda mövcud lider şirkətlərin dəfələrlə böyüməsi ilə yanaşı kiçik və yeni yaranmış şirkətlərin də ixrac potensialı çox yüksəkdir. Son 30 ilin təcrübəsi göstərir ki, Azərbaycanda texnologiya sahəsində peşəkar kadrlar davamlı olaraq yetişir və yerli biznes mürəkkəbliyindən asılı olmayaraq müxtəlif səviyyəli layihələri reallaşdırmağa qadirdir. Lakin bəzi hallarda dövlət qurumları öz tapşırıqlarını Azərbaycan şirkətlərinə deyil, keyfiyyətdə fərq olmadığı halda belə xarici şirkətlərə həvalə edirlər. Zənnimcə, dövlət yerli biznesin inkişafında son dərəcə maraqlı olmalıdır və əgər keyfiyyətdə fərq yoxdursa, və yerli şirkət doğrudan da standartlara cavab verən həll təqdim edirsə, üstünlük yerli şirkətə verilməlidir. Bunun digər müsbət tərəfi də vardır. Belə ki, mürəkkəb və maraq doğuran layihələrin reallaşması yüksək səviyyəli mütəxəssisləri ölkədə saxlamağa imkan yaradır. 
Nəzərə almalıyıq ki, son illər dövlət İT sahəsində kadr hazırlığına diqqəti artırır və bunun sayəsində büdcə gəlirləri hesabına ölkədə yüzlərlə mütəxəssis yetişir. Amma əgər bu kadrlar peşəkar təcrübə ilə ölkəni tərk edirsə, bu halda insan kapitalına qoyulan investisiyalar özünü doğrultmur. Hamımız çalışmalıyıq ki, dəyərli mütəxəssislər ölkədə qalsın və Azərbaycanın “texnoloji kapitalizasiyası”nı artırsın. Bu istiqamətdə dövlətin və biznesin maraqları üst-üstə düşür və bu hədəfə çatmaq üçün yerli biznesə, “Made in Azerbaijan” texnoloji məhsullarına daha böyük inam olmalıdır. 

Bu ilin yanvarından İT-sektorda tətbiq edilən vergi güzəştləri şirkətlərimizə yaxın 10 il ərzində davamlı inkişaf etməyə münbit şərait yaradacaqdır. Dəstək sayəsində yaxın illər ərzində ölkəmizdə fəaliyyət göstərən kiçik İT-şirkətlərin bir hissəsinin böyüməsini və ixrac qabliyyətli həllərinin və xidmətlərinin formalaşmasını proqnozlaşdırmaq olar. Lakin biz bu uzun yola başlamaq istəyiriksə, ilk öncə ölkdə daxilində yerli şirkətlərimizə inanmalıyıq.