Azərbaycanla Türkiyə arasında sərbəst ticarət müqaviləsi təklifi

azerbaycanla-turkiye-arasinda-serbest-ticaret-muqavilesi-teklifi
Oxunma sayı: 1559

“Dövlət rəhbərlərinin 15 milyard dollarlıq hədəfi var. Bunun üçdə birinə yaxınlaşmışıq. Gələcək dönəmdə hədəfə nail olacağımızı, hətta onu keçəcəyimizi düşünürəm”.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bunu Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri Selçuk Akat deyib.

O əlavə edib ki, Azərbaycanla əməkdaşlıq edən qurum və təşkilatlarla əlaqələrini davam etdirirlər:

“Azərbaycanın təxminən 50 milyard dollarlıq bir iqtisadiyyatı var. Əhalisi 10 milyondur. Neft fondundakı ehtiyatları ilə Azərbaycan güclü və stabil iqtisadiyyata malikdir. Neft qiymətləri də Azərbaycanın lehinə işləyir. Azərbaycan nefti keyfiyyətinə görə normal qiymətlərdən baha satılır”.

Onun sözlərinə görə, Azərbaycan infrastruktur investisiyalarını tamamlayıb:

“Qarabağ zəfəri ilə yeni bir dönəm başladı. Qarabağın ən qısa zamanda Azərbaycanın digər ərazilərinin inkişaf səviyyəsinə çatması üçün böyük investisiyalar planlaşdırılır”.

S.Akat əlavə edib ki, Qarabağın inkişafı üçün Türkiyə şirkətləri də çalışacaq.

“Azərbaycan neft sənayesindən başqa sahələrin də böyüməsi üçün əmək sərf edir. Bakı – Tbilisi – Ceyhan boru xətti layihəsinin həyata keçirilməsinin iki vacib nöqtəsi var. Azərbaycan neftinin Aralıq dənizi ilə beynəlxalq bazara çıxarılması layihənin önəmindən xəbər verir. Ancaq ən mühüm məsələ bütün dünyanın Türkiyə və Azərbaycanın belə böyük bir layihədə əməkdaşlığını qəbul etməsidir”, - o vurğulayıb.

S.Akatın sözlərinə görə, Bakı – Tbilisi – Qars dəmiryolu və Naxçıvandan Azərbaycana keçid dəhlizi ilə daşınma qiymətlərində gələcəkdə ucuzlaşma yaşanacaq.

“Azərbaycan-Türkiyə arasında ticarət həcmi 4,5 milyard dollar civarındadır. Hədəf 15 milyard dollardır. Bu rəqəmə çatdıqdan sonra iki ölkə arasında sərbəst ticarət müqaviləsi imzalanmalıdır”, - o yekunlaşdırıb.