Beyləqanda qrossmeystr Namiq Quliyevlə görüş keçirildi - Fotolar

beyleqanda-qrossmeystr-namiq-quliyevle-gorus-kecirildi
Oxunma sayı: 2405

Avqustun 28-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə beynəlxalq qrossmeystr, Azərbaycan yığma komandasının üzvü, bir çox beynəlxalq turnirlərin qalibi, əslən beyləqanlı Namiq Quliyevin rayon ictimaiyyəti ilə görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl Heydər Əliyev parkında gənc şahmatçıların iştirakı ilə oyun təşkil olunub, qrossmeystr onlara peşəkar məsləhətlər verib.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şahmat məktəbinin yetirməsi və xeyriyyəçi iş adamı Rəşid Hüseynov, ziyalılar və şahmatsevərlər iştirak ediblər. Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi anılıb. Namiq Quliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edən N.Quliyev şahmatın inkişafı, beynəlxalq turnirlərdə qazandığı təcrübələr barədə fikirlərini bölüşüb. Rəşid Hüseynov və digərləri də çıxış edərək şahmatın Beyləqanda populyarlaşması üçün görülən işlərin əhəmiyyətini vurğulayıb və RİH başçısına bu sahəyə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Tədbirin yekun hissəsində çıxış edən Əziz Əzizov rayonun idman sahəsində əldə etdiyi uğurları qeyd edərək şahmatın gənclərin intellektual inkişafında mühüm rol oynadığını bildirib. O, Prezident İlham Əliyevin idmana və gənclərə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycanın idman ölkəsinə çevrildiyini vurğulayıb, “Qarabağ” futbol klubunun son oyunundakı qələbəsini ölkəmizin beynəlxalq arenadakı nüfuzunun göstəricisi kimi qiymətləndirib.

Sonda Namiq Quliyev və gənc şahmatçılar Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunublar.