Bir cüt ayaqqabı…

bir-cut-ayaqqabi
Oxunma sayı: 8468

Salam, ata, salam. Bilirəm, arxamdasan.

Məzarından cəmi əlli-altmış addım bu yanda dayanıb trolleybus gözləyirəm. Trolleybusa minib, sənin yanına gələnə qədər yaşamağa gedəcəyəm. Ömür bu imiş, ata? Gəldi...Salam trolleybus, əlvida ata...

 Xalqın şairi, Vaqif Səmədoğlu… Atası Səməd Vurğuna ünvanladığı bu şeiri yazanda hələ ömrünün 43-cü baharını yaşayırdı.

Görəsən, o, bu misraları kağıza tökəndə Vurğunun (red- Səməd Vurğun- Vaqif Səmədoğlunun atası) məzarından təxmini əlli, altmış addım bu tərəfdə yatacağını düşünmüşdümü?!

Yazdığı nəzmlərdə belə nəsrə yaxın sərbəstliyini qoruyan ədibin içində hayqıran azad ruhu indi sərbəstdirmi?!

Bu sualları öz-özümə ona görə verirəm ki, bu gün Vurğunun oğlu Vaqif atası ilə eyni yerdə, 1-ci Fəxri Xiyabanda uyuyur. Məzarının üstündə də heç vaxt unudulmayacaq misraları ilə:

“Məzarıma nə başdaşı qoyun, nə gül. Bir cüt ayaqqabı qoyun, ayaqyalın, geyinib getsin”.

Sinədaşının üzərində yazılan bu sətirləri şair 24 yaşı olanda qələmə alıb.

Deyirlər ki, özü çətin günlərdən keçən adamlar, başqalarının dərdinə şərik olmağı da yaxşı bacarırlar.

Kim bilir, bəlkə də Vaqif Səmədoğlu öləndə köməyə ehtiyacı olanları yaddan çıxarmasınlar deyə yazıb bu cümlələri..

Bir cüt ayaqqabıya ehtiyacı olanları heç olmasa onun məzarını görəndə yada salaq deyə.

Mən burdayam, İlahi” cümləsi isə sonuncu kitabının adıdır. Ondan soruşulanda ki, “Vaqif müəllim, siz haradasınız?”, belə cavab verib “Allahın olduğu yerdə...”.

Publisist həyatı və yaradıcılığı boyunca sosial problemləri, azadlıq ideyalarını işıqlandırıb.

Əsas diqqətimi çəkən isə budur ki, o əksər əsərlərində hansısa bir əşyanı özünə baş qəhrəman seçib. Bu bəzən bir cüt ayaqqabı olurdu, bəzən isə, bir üzük.

Məsələn həmin dövrün demək olar ki,  əsas problemlərini bir “Bəxt üzüyü”ndə toplamağı bacarmışdı.

İtən üzüyün hekayəsi xalq içində qısa zaman keçməmiş o qədər bəyənildi ki, ekranlaşdırıldı da.

Bir çoxlarının gülərək izlədiyi filmdə Səmədoğlu əslində ictimai-siyasi məsələləri tamaşaçıya çatdırırdı.

Amma publisist bütün çətinliklərə, maneələrə baxmayaraq nikbin sonu da görə bilirdi..

“Bəxt üzüyü”ndə itən üzük təkcə Saranın yox, bütün Azərbaycanın idi…

Dramaturq burada bir-birinə laqeyidləşməyə başlayan azərbaycanlıları yalnız həmrəyliyin vüsala çatdıracağına eyham edirdi.

İllər boyu görmək istədiyi Azərbaycanın bu gününü görə bilmədi Vaqif Səmədoğlu.

Azərbaycan uzun illərdən sonra yenidən həmin o “Bəxt üzüyü”nü tapmağı bacardı… İtirdiyi üzüyü elə taxdı ki barmağına indidən sonra gərək o barmağı kəsib sonra onu oğurlasınlar. Buna isə, nə azərbaycanlılar, nə Vurğunlar, nə də Səmədoğlular icazə verər.

Telli Minbir