Dönərdən kütləvi zəhərlənmənin səbəbi açıqlandı - Video - Yenilənib

donerden-kutlevi-zeherlenmenin-sebebi-aciqlandi
Oxunma sayı: 4559

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib.

“Həmin ərazidə bakterial çirklənmə baş verib. Sanitar-gigiyenik tələblərin pozulması səbəbindən qida məhsulunda zəhərlənmə halının yaranması nəticəsinə gəlmişik. Bu gün artıq qanunvericiliyə uyğun olaraq həmin obyektdə plandankənar yoxlama həyata keçirilib və obyektin fəaliyyəti məhdudlaşdırılıb”, - Agentlik rəsmisi vurğulayıb. 

***

AQTA Zaqatalada baş verən kütləvi zəhərlənmə ilə bağlı daha bir açıqlama yayıb.

Qurumdan bildirilib ki, zərərçəkənlərin ifadələri əsasında qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış keçirilib:

“İlkin araşdırma zamanı çiy dönərin müəssisənin daxilində hazırlandığı müəyyən edilib. Müəyyən edilib ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsi və ikincili çirklənməyə səbəb olmasıdır.

Monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar edildiyi üçün 2023-cü il 14 dekabrda “Şef Dönər” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib. Aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib”.

Qeyd edək ki, TƏBİB-in yaydığı son məlumata görə, zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılanların sayı 34 nəfərdir. Onlardan 15-i uşaqdır.