“Əgər bir universitetin həyətindən xadimə səhər 50 prezervativ süpürmürsə...” - Müsahibə

eger-bir-universitetin-heyetinden-xadime-seher-50-prezervativ-supurmurse-musahibe
Oxunma sayı: 2936






Azərbaycanın istedadlı yazıçısı Əli Əkbərin “Qafqazinfo”ya müsahibəsi

- “Sarı gəlini” necə satırsınız?
- Necə? Bakının ən tanınmış kitab mağazalarında satıram.

- Necə satılır?
- Pis deyil. Bir aya, tirajın üçdə biri gedib artıq. 1500 tirajdan 500-dən çoxu satılıb.

- Bir ay üçün çox yaxşı göstəricidir.
- Adətən yazarların gözləntiləri, iddiaları daha böyük olur. Bütün yazıçılara elə gəlir ki, tiraj qısa müddətdə tükənəcək, amma reallıq təəssüf ki, başqadır. Bu, əslində gülməli rəqəmdir, beş yüz tiraj nədir ki? Digər tərəfdən də, kitabları az-çox satılan yazarlar da elə bizim nəslin, düşərgənin yazarlarıdır. Kitabsızlıq azərbaycanlıların ümummilli bəlasıdır, fərdi problem deyil.

- “Sarı gəlin” ətrafında hələ də davam edən müzakirələri nəzərə alsaq məncə bütün tiraj satılacaq.
- Əlbəttə, əminəm ki, qalmayacaq. Bir-iki aya yəqin ki, növbəti tirajı vurmalı olacağıq.

- Bəs reaksiyalar necədir?
- Bütün kitablarıma olduğu kimi, bu romana da münasibət birmənalı olmadı. Doğrusu, çox ağır kitabdır. Böyük əziyyətlə yazmışam. Əsəri bitirdikdən sonra, azı bir həftə nəyi çıxarıb, nəyi əlavə etməliyəm deyə düşünmüşəm. İlk dəfədir ki, belə cəsarətsizəm. Başa düşülməməkdən ehtiyat edirdim. Auditoriyam ancaq gənclərdir və ümidimi də tam olaraq onlara bağlamışam. Onlar da normal qarşıladılar. Təəssüf ki, bu kitab orta, yaşlı nəsil, ümumiyyətlə isə hazırlıqsız oxucu üçün deyil. Yazıçının nə demək istədiyini başa düşməkdən ötrü heç olmasa Markiz De Saddan üzübəri, Lui Ferdinand Selin kimi yazarları da oxuyaraq, müasir rus ədəbiyyatını bilərək, dünya kinematoqrafından, məsələn Pasolinin “Salo ya da Sodomun 120 günü” kimi filmlərə baxaraq “Sarı gəlini” oxumaq lazımdır ki, şok keçirməyəsən. Çünki çox qəddar mətndir, açıq-saçıq səhnələrlə, qanla, irinlə müşayiət olunur.

- Səni nəinki gənclər, ictimai-siyasi mühitdə yaşlı nəsil də tanıyır və qəbul edənlər də var. Məsələn müxalifət liderlərindən yaxud digər tanınan şəxslərdən əsərlərinlə bağlı rəylər gəlir?
- Əlbəttə gəlir. “Amneziya” bu baxımdan daha rahat əsər oldu. Çünki o, Azərbaycan klişeləri ilə danışsaq “abırlı kitab” idi. Ona görə də reaksiyalar daha cəsarətli idi. Siyasilər, ictimai xadimlər sosial şəbəkələrdə, mətbuatda daha açıq şəkildə öz fikirlərini bildirirdilər. Üzvü olduğum partiyanın başqanı İsa Qəmbər “Amneziya” ilə bağlı öz müsbət fikrini yazmışdı. Həmçinin Arif Hacılı da.

“Sarı gəlin”ə gəldikdə isə əgər siyasilərdən kimsə oxuyub və açıq şəkildə fikrini bildirmirsə, mən bunu anlayışla qarşılayıram. Bir misal çəkim. Müsavat partiyasının qərargahında, partiya üzvləri üçün “Amneziya” romanının satışını təşkil etmişdik ki, kitabı almaq üçün əziyyət çəkib şəhər mərkəzinə gəlməsinlər. Əlli, üstəgəl iyirmi ədəd – toplam 70 ekzemplyar kitab bir aya satılmışdı. Amma “Sarı gəlin”in satışının qərargahda təşkilini özüm istəmərəm. Qadınlar, yaşlılar, hazırlıqsız gənclərin əlinə keçməsini istəmirəm...

- İsa bəyə təqdim etdiniz?
- İsa bəy ilk oxucum olub.

- Münasibəti necə oldu?
- Ümumən müsbət qarşılayıb. Biz dəfələrlə, saatlar boyu bu və digər əsərlər ətrafında müzakirələr aparmışıq və aparırıq. Yeganə siyasətçidir ki, ədəbiyyat, incəsənət kompetensiyası məni tam qane edir.

- Bəs o necə, açıq-saçıq səhnələrin əleyhinə olduğunu qeyd edib?
- Biri var evdə, kreslosunda oturan İsa Qəmbər, bir də var nəhəng partiyanın lideri İsa Qəmbər. İkinci statusu ilə “Sarı gəlin” romanı haqda fikir bildirməsi bir az çətindir. Çünki partiyada dindar da var, ateist də, mühafizəkar da, türkçü də... Bunların hamısı nəzərə alınmalıdır. “Sarı gəlin” haqqında onun nə düşündüyünü, necə qiymətləndirdiyini mətbuata mən açıqlamaq istəməzdim. Lazım bilərsə, özü edər.

- Son dövrdə Rafiq Tağının ölümündən sonra İctimai Palatada dindarlarla ateistlər arasındakı “soyuq müharibədə” İsa bəy neytral mövqe nümayiş etdirdi.
- İsa Qəmbər, belə bariz şəkildə tərəf tutmalı da deyil axı. Bu gün, müxalifətin iki aparıcı qəzetinin, xüsusən də “Yeni Müsavat” qəzetinin biabırçı mövqeyi kimi mövqe sərgiləyə bilərmi İsa Qəmbər? Ya da əksinə - qarşı tərəfin yanında ola bilərmi? Onda o, İsa Qəmbər olmazdı. Bir də ki, neytrallıq nəyə deyirsiniz?

- Elnur Aslanbəyli tələb edirdi ki, İsa bəy açıq şəkildə fikrini bildirsin. Məsələn, bildirməli idi ki, İP-da Rafiq Tağıya qarşı hörmətsizlik baş verib. Sayğı duruşundan imtinanı, dindarların bu məsələyə münasibətini nəzərdə tuturam. Elnur Aslanbəyli, Şahvələd Çobanoğlunun yazılarından elə hiss olunurdu ki, İsa bəy və Əli Kərimlinin tutduğu mövqe sizi qane etmir.
- Əlbəttə, liderlər bizimlə həmfikir olduqlarını bildirsəydilər, bu bizim çox xoşumuza gələrdi, xeyli məmnun olardıq. Onlar bunu etmədilər. Belə deyək, orta yolu tutdular. Ya da Elnur Astanbəyli demişkən “nala-mıxa vurdular”. Onları anlamağa çalışıram. Başa düşürəm ki, məndən fərqli olaraq elektorat qayğıları var, qosqoca partiyaları idarə edirlər. Mən azad insanam, İsa Qəmbərlə Əli Kərimli isə azad deyillər. Onlar öz elektoratlarının əsiridirlər. Eqoist olmaq lazım deyil. Həm də ki, heç dəxli var? Bəlkə məndə olmayan inanc, iman, etiqad onlarda var və biz, hardasa onların da dini hisslərinə toxunmuş oluruq?

- Mən bir şeyi başa düşmürəm ki, bəs siz niyə “Yeni Müsavat”ı İlqar İbrahimoğluna yaxın mövqedə olduğuna görə qınayırsınız?
- Qarşılıqlı sual verim - “Qafqazinfo” hansı mövqedən çıxış edir?

- Heç bir mövqedən. Bütün tərəflərə meydan veririk.
- Mənim də “Yeni Müsavat”dan gözlədiyim elə budur. Sizin sayt vasitəsi ilə öz nəşrimi reklam etmək istəmirəm, amma mənim Elmir Mirzəyevlə birgə işlətdiyim, rusca yayımlanan, tanınmış intellektualların yazarlıq etdiyi “Kultura.az” saytı var. Mən bu saytın rəhbəriyəm. Diqqət edin, bu mənim saytımdır və istədiyimi yaza bilərəm. Amma İP-dakı son hadisələrlə bağlı, İ. İbrahimoğlunun sədrliyindən, Aşura təklifindən ta bu günə qədər yaşanan hadisələrə dair saytımız bir cümlə belə yazmayıb. Halbuki mövzular həm də kulturoloji olduğuna görə, saytımızın tematikasına yaxın idi və bu məsələləri rahatca saytda işıqlandıra bilərdik. Amma etmədik. Mən öz saytımı şəxsi çəkişmələrimə həsr edə bilmərəm. Ora şəxsi intriqalar meydanı deyil.

Mənim “Yeni Müsavat” və “Azadlıq”ın köşə yazarlarının mövqeyi ilə bağlı bir iradım əsla yoxdur və olmayıb. Köşə yazarı istədiyini yaza bilər. Zatən o qəzetlərdən köşə yazarlarını çıxarın, yerdə böyük bir sıfır qalar. Yekə bir sıfır! Amma qəzetin hazırladığı reportajda, istehza ilə yazması ki, “54 nəfər Rafiq Tağının qatlini tapdı”... Bu ayıbdır. Bunun adı jurnalist lotuluğudur. Belə şeylər etmək olmaz. Bəyanatı dərc etməyən qəzet, bəyanata təkzibi dərc edir. Adama deyərlər, “Ay Rauf Arifoğlu, siz hallüsinasiya görürsünüz?”

- Qayıdaq sizin yaradıcılığınıza. Bayaq özünüz də qeyd etdiniz ki, əsər açıq-saçıq səhnələrlə boldur. Şərhlərdə təhdid, təhqirlər gedir bununla bağlı. Bu aqressiya daha da irəli gedə bilər. Bu haqda heç düşünmüsünüzmü?
- Düşünürəm. Mən öz qorxularımı, zəifliklərimi, göz yaşlarımı göstərməkdən çəkinən adamam. İstəyirəm hər zaman güclü, cəsarətli görünüm. Amma reallıq başqadır. Evə gec gedəndə, blokda hər dəfə stress, həyəcan keçirirəm. Qorxu ilə yaşamaq da bir şey deyil və çalışıram bu haqda düşünməyim. Bunlar insanı həvəsdən salan şeylərdir. Ona qalsa, Zamin Hacı demişkən, bu ölkədə hər bir azad insanın blok paranoyası var.

- Amma yenə də yazırsınız?
- Yazmağa davam edirəm. Mənim işim budur.

- “Sarı gəlin” əsərindən çox təsirləndim. Mənə elə gəldi ki, siz ölkədə pərdə arxası qalan prosesləri açıb göstərmisiniz. Bir qədər obrazlı və daha açıq-saçıq formada. Bu günkü Azərbaycanın bəlkə də 20 il sonra açılacaq modelini təsvir etmisiniz. Səhv etmirəm ki?
- Təbii ki, orada bədii priyomlardan da istifadə olunub, mübaliğə də var. Pasolini də özünün “Sodomun 120 günü” filmində xəyali bir cümhuriyyət qurmuşdu. Orada bir villaya hər cinsdən 8-10 nəfər toplamışdı. 4 fahişə, eləcə də 4 yüksək çinli məmur onlara işgəncə verir, zorlayır, nəcis yedizdirirlər. Pasolini faşizmə, nasizmə duyduğu nifrəti bu şəkildə ifadə etmişdi və filmdən iki ay sonra da öldürüldü. Çünki o dövr üçün, bu film başa düşülə bilməzdi.

“Sarı gəlin” də ağır əsərdir. Məsələn qaynanam oxumaq istədi, dedim oxuma. Hər gün üz-üzə gəlirik, bir az çətin olacaqdı mənim üçün. Çünki qayınanam, bayaq dediyim hazırlıqlı adamlardan deyil. Bu kitaba qədər oxumalı olduğu kitabları oxumayıb, bu janrla tanış deyil.

Amma Çingiz Hüseynov kimi bir dühanın, bu əsər haqda yüksək fikirdə olması, məni sevindirir. Sizə deyim ki, Çingiz Hüseynov mənə ədəbiyyata vəsiqə vermiş adamdır. Yeri gəlmişkən, məni ədəbiyyata gətirənlər Həmid Herisçi ilə Rasim Qaraca olublar. Məni cəsarətləndiriblər, “yaz, səndə alınacaq” deyiblər. Çingiz Hüseynov isə necə deyərlər son nöqtəni qoydu - “Sən artıq yazıçısan və yazmalısan”. Mənim üçün, bu sözlər tərifi imkansız stimul oldu. Onun əsərlə bağlı müsbət fikirlərindən sonra, artıq heç kəsin tənqidi, rəyi mənə maraqlı deyil doğrusu. Moskva Dövlət Universitetində ruslara ədəbiyyat öyrədən professorun, böyük yazıçının, canlı klassikin fikri, yüz minlərlə sarsaq şərh yazan adamın fikrindən təbii ki, mənim üçün qiymətlidir.

- Və sizi Pasolinin taleyi gözləyə bilər?
- Pasolininin taleyi hər birimizi gözləyə bilər. Kim deyə bilərdi ki, Rafiq Tağı kimi məsum, təmiz bir insan hədəf seçilə bilər? Elnurun, Şahvələdin öldürülməsi üçün daha çox əsas vardı. Biz də məhz buna görə bu qədər qəzəbliyik. Rafiq Tağı kimi, ömrü boyu xeyirxah işlər görən, heç kəsə pisliyi keçməyən bir insan hədəf seçildi. Hər kəs bilir ki, onun vitrinə çıxarılmasına səbəb ayətullahlar oldu. Onun 2006-da yazdığı “Laplandiya” hekayəsində hakimiyyətə çox sərt istehza, tənqidlər də vardı, razıyam. Mən bu faktı da istisna etmirəm. Ümumiyyətlə son zamanlar tərbiyəsiz bir tendensiyanın şahidi oluram. Guya bizə pul veriblər, sifariş veriblər ki, hədəfi sapdıraq, hakimiyyəti yox, İranı hədəfə çevirək. Necə olur ki, ay “Yeni Müsavat”da bunu yazan bədbəxt, hökumətdən 50 min manat pulu alan sən, amma sifariş yerinə yetirən mən?! Rahat olsunlar, bizə bu günə qədər bir qəpik pul verən olmayıb. Biz də heç kimdən pul istəməmişik.

- Götürməzsiniz də? Pula ehtiyacınız yoxdur?
- Götürmərəm. Ehtiyac deyəndə ki, mənim yaşayış minimumum təmin olunur, PR mütəxəssisi, tanınmış kopirayter kimi müxtəlif sifarişlər alıram və bu sifarişləri vicdanla yerinə yetirirəm. Heç kəs bilmir ki, şəhərdəki reklam bilbordlarının nə qədərindəki mətnlər, reklamın kreativ həlli mənə aiddir. Pul götürən adam heç vaxt əvvəlki cəsarətlə yaza bilməz. Götürənlərin sonrakı aqibətini görmüşük. Mənim dəsti-xəttim budur, o pulu götürsəm sabah güldən, çiçəkdən, dağların qoynunda bitən yovşandan yazmalı olacam. Janr dəyişdirə bilmərəm, mənim bir imicim var.

- Bu stildə də davam etmək niyyətindəsiniz?
- Bilmirəm stil nəyə deyirsiniz, amma mənim ədəbiyyat anlayışım, ədəbiyyata yanaşmam belədir.

- “Sarı gəlin”də biz hər hansı bir formada parlamentə düşən, jurnalistikaya gələn, biznesmenə çevrilən obrazları görürük. Bir az axtarış aparsaq onların kim olduqlarını belə təyin edə bilərik. Demək olar ki, onlar bizim obrazlaşdırılmış dostlarımızdır?
- Əsərdə 4-5 obraz var ki, konkret insanlardır və onlarla məzələnmişəm. Onların hamısı da, “tilpaşlıq”, “yekəbaşlıq” edən gənclərdir. Ümid edirəm ki, oxuyandan sonra ağılları başlarına gələcək. Lakin qalan bütün obrazlar, ad oxşarlıqları filan təsadüfidir. Erkin Qədirli obrazının da gerçək Erkinə dəxli yoxdur. Oliqarx obrazı da tamamilə uydurmadır, Təranə obrazı da, satılmış jurnalist obrazı da. Onlar hamısı yığma obrazlardır. Əgər oliqarx yaratmışamsa çalışmışam ki, o, Kəmaləddin Heydərov, Ziya Məmmədov qədər sıxıcı, darıxdırıcı, boş olmasın. Əgər bədii mətnə personaj kimi oliqarx gətirirəmsə, çalışıram ki, onu koloritli yaradım. Real oliqarxlarımız isə hamısı boz, darıxdırıcıdır. Ona görə də fantaziyamı işə salmalı oluram. Bəziləri deyir ki, mənim əsərimdəki oliqarx filankəsdir, amma deyil. Azərbaycan siyasi səhnəsində mənim təsvir etdiyim kimi oliqarx yoxdur axı.

- Demək istəyirsiniz ki, Kəmaləddin Heydərov, Ziya Məmmədov sizin Nüsrət Novruzov adlı qəhrəmanınız qədər intellektual ola bilməzlər?
- Təbii ki, ola bilməzlər. Nüsrət onların hamısından maraqlı və mənalı adamdır.

- Onda qəddarlıq da var axı...
- Bilmirəm onlarda qəddarlıq var ya yox, çünki əlimdə heç bir sübut yoxdur. Bəli, mənim Nüsrətim çox qəddardır, sadistdir. Mən indi necə deyim bizim oliqarxlardan hansı sadistdir, hansı yox? Topluma bilinən, toplumda tanınan tərəfləri ilə hökm verirəm. O da ki, dediyim kimi, çox mənasızdırlar.

- Mənə elə gəldi ki, siz əsərdə gənclərin yaratdıqları “Dalğa”, “NİDA” kimi təşkilatları ələ salmısınız.
- Ələ salmamışam. Mənim ən böyük oxucularım da elə həmin gənclərdir.

- Sadəlövh olduqlarını demək istəmisiniz?
- Bəzi məsələlərdə sadəlövh görünə bilərlər, bəli. Amma bir adamı da sadəlövh olduğuna görə ələ salmaq olmaz axı. Bir insan sadəlövhdürsə buna gülmək yanlışdır. Baxın, Azərbaycanda ən qeyri-adi kitab təqdimatı keçirdik. Hakimiyyətyönlü gənclər təşkilatlarından savayı, bütün gənclər təşkilatları mənim tədbirimə gəldilər, aktivlik göstərdilər. “Nida”, “Azad Gənclik”, “Müsbət dəyişiklik”, “Dalğa” kimi təşkilatların, müsavatçı və cəbhəçi gənclərin iştirakı ilə, 200 nəfərin qatıldığı super bir təqdimat partisi keçirdik. Hökumət əlindən gələni edir ki, vicdanlı insanlar, əsl vətəndaşlar usanıb çıxıb getsinlər bu ölkədən. Əgər bu gənclər sabah ölkədən çıxıb getməsələr, bir balaca da səbr etsələr, mən Azərbaycanın gələcəyini onlarla bağlayıram, onlarda görürəm, nəinki bizim siyasi partiyalarda. Hətta hansısa məqamda onlarla məzələnsəm, ya da tənqid etsəm də, onlar bunu hansı niyyətlə etdiyimi başa düşürlər, cavab qaytarmaq yerinə öz hesablarını götürürlər. Mənim öz uşaqlarım da sabah böyüyüb onlara qoşulmayacaqmı? Əlbəttə qoşulacaq.

- Sizin gələcəyimizdir dediyiniz gənclik kafedə 5-6 oğlanla oturub içməyi, öpüşməyi, toydan əvvəl cinsi əlaqəni normal hesab edir, bakirəliyi problem saymır. Biz əhalinin 96%-i müsəlman olan, qonşuluğunda böyük bir islam respublikası olan dövlətik. Bəs bunun sonu necə olacaq?
- 96% hardan çıxıb? Kim sayıb? O gənclər haqqında da yanlış təsəvvürləriniz var. Bilmirəm gənclərlə bağlı bu fikirləri kim yayır? Hakimiyyətmi? Bəlkə də bizim mühafizəkar, öz zamanlarının çoxdan keçdiyini başa düşən və bununla barışmayan qoca “müxalifətçilər”? Bu gənclər həm də, mədəni müxalifətdir, bu çox önəmlidir. Hakimiyyətlə müxalifətin əsas fərqi ancaq müxalifətin hakimiyyətə gəlmək istəyi olmalıdır? Bizim müxalifətlə hakimiyyət arasında “siz gedin biz gələk”, “biz daha çox layiqik” söhbətindən başqa mən heç bir fərq görmürəm. Bütün sferalarda bunlar bir yerdədirlər və heç bir fərqləri də yoxdur. Bəziləri hətta bir yerdə yeyib içirlər. Söhbətlər də gəzir ki, YAP-ın filan deputatı yaxşı yeyib-içmək verən oğlandır. Bu gənclər isə təmiz, safdırlar. Onlar bu gənclərdə özlərinə qarşı təhlükə görürlər yəqin. Ona görə onlara “əxlaqsız”, “pozğun” kimi yarlıqlar yapışdırılır. Bayaq adını sadaladığım gənclər təşkilatlarının üzvləri arasında kifayət qədər təhsilli, xaricdə oxumuş, mütaliəli gənclər var. Onlara necə əxlaqsız demək olar? Düzdür, arzu olunan səviyyədə və sıxlıqda kitab oxumurlar, bu cəhətdən köhnə nəsilə çox uduzurlar. Amma bu problemlər də zamanla aradan götürülər.

- Bu gənclər öpüşmə, plakat qaldırma, kitab oxuma, şərf taxma aksiyaları kimi fəaliyyətlə nə qədər qabağa gedə bilərlər?
- Bəs nə etsinlər ki? Mitinq qərarı veriləndə bunlar həm də mitinqlərə çıxan gənclərdir. Bütün siyasi aksiyalarda da aktiv iştirak edirlər. Ola bilər ki, təşkilat olaraq qatılmırlar, amma öz üzvlərinə sərbəstlik verirlər. Siyasi partiyalar nəylə məşğuldur ki, gənclərdən daha böyük fədakarlıq gözləyirsiniz?

- Konkret olaraq onların arasında Azərbaycanda lider siyasətçi ola biləcək birini görürsünüz?
- Niyə də yox?

- Söhbət liderdən gedir.
- 20-22 yaşlı bir gənc haqqında lider demək bir qədər çətindir, başa düşürəm. Amma Turqut Qəmbər, Ülvi Həsənli, Zaur Qurbanlı, Ramin Hacılı, Səxavət Soltanlı, Əbülfəz Qurbanlı və s. kimi onlarla gələcəyin siyasətçisi olan gənc yetişir ölkədə. Axı Obama da, Klinton da, digər Amerikanın yüksək vəzifəli məmurları da gəncliklərində müxtəlif subkulturalara giriblər, qruplaşmaların üzvləri olublar. Marixuana da çəkiblər. Bunu təsdiq edən fotolar da var. Onların gəncliyi də dolu keçib. Etiraz aksiyaları ilə, öpüşlə, rokla, sekslə. Gənclik, tələblik illəri məhz belə yaşanmalıdır. Əgər bir universitetin, tələbə yataqxanasının həyətindən xadimə səhər 50 prezervativ süpürmürsə, orada gənclikdən söhbət belə gedə bilməz.

Ümumiyyətlə, bu əxlaqsız söhbətini bitirmək lazımdır. Ayıbdır. Biz sakit oturmuşuq, ümumi iş naminə dinmirik, amma bunlar ağını çıxarıblar. Kimdir əxlaqsız? Mən, yoxsa Antalyada civi ilə tutulan adam? Mənəm əxlaqsız, yoxsa porno kaseti çıxan adam. Mən yaxalanmışam Üç palma restoranında? Yoxsa mən yatıram baldızımın qızıyla? Mən müğənni saxlayıram? Mən gedib holdinqlərdən pul yığıram, reketlik edirəm? Ağzımızı açdırmasınlar, vallah özlərinə pis olar. İndi hamı molla olub, hacı olub, dindən danışır. Qoşulublar Hacı İlqara, cənnətə vəsiqə qazanıblar. Cırt! Yenə də bunların zibilinin üstünü biz örtürük. Porno kasetləri çıxanda, birinci mən yazı yazmışdım Demokrat qəzetində, müdafiə etmişdim. Şəxsi həyatlarıdır, özləri bilərlər. Sadəcə şüşəli evdə oturub, adamları daşlamasınlar. Mən o görüntüləri çəkənlərə də, yayanlara da nifrət edirəm. Amma qardaşım, siz bizə əxlaqsız deyə-deyə öz kefinizi də çəkirsiniz axı. Burdan civilərlə mazaxlaşırsız, səhər də dindar olursunuz, əxlaqlı olursunuz, camaata ağıl öyrədirsiniz. Vızqırdın, rədd olun gedin siz allah. Gör bunlar kimə əxlaqsız deyirlər. 11 ildir ailə başçısıyam, iki övlad böyüdürəm, evimə bir qəpik haram pul girməyib. Mənim əxlaqsızlığıma dair bir sübut qoysunlar ortaya. Yaxud Seymurun, Aqşinin, Ağaların, Elnurun əxlaqsızlığına dair dəlil gətirsinlər.

- Söhbət ondan gedir ki, siz açıq-saçıq yazırsınız, amma onlar edirlər...
- Bəli yazıram. Hətta ola bilsin hardasa, nəsə etmişəm də. Amma özümü mələk göstərmirəm, belə bir dərdim yoxdur. Heç vaxt, heç yerdə deməmişəm ki, fahişələrlə cinsi əlaqəm olmayıb. Bunlar isə saflıqdan danışırlar, həccə gedirlər, nə bilim İranı tərifləyirlər. Bunların sürdüyü həyat tərzi ilə gəlin mənimkini müqayisə edək. Son vaxtlar çox maraqlı bir söhbət də çıxıb ki, guya gənclər Əli Əkbərin kitablarını pornoqrafik olduğuna görə oxuyurlar ki, ehtiraslansınlar. Orada erotika, porno olmasa idi o kitabları heç kim oxumazdı. Bu sözləri demək üçün adam nə qədər sarsaq olmalıdır. Axı internet dövrüdür, DVD dövrüdür. Azərbaycanın oxuyan gəncliyi bu qədərmi debil, bu qədərmi yanıqdır ki, o qədər imkanları qoyub gəlib mənim kitablarımı oxusun, mənim kitablarımdan ehtiraslansın? İnsafınız olsun da, bir adam necə ola bilər ki, 500 səhifəlik kitabı pornoya görə oxusun? Hər kəsi öz arşınları ilə ölçürlər.

- Bəs siz Azərbaycanda kimi oxuyursunuz?
- Demək olar ki, AYO-çuların hamısını, çünki maraqlı nəsə yazsalar onlar yazacaqlar. Ən yeni ədəbiyyat seriyasından çıxan kitabların 2-3-ü istisna olmaqla hamısını oxumuşam. O dəfə klassiklərdən oturub Ənvər Məmmədxanlını oxudum. Özüm də bilmirəm necə oldu. Məmməd Səid Ordubadini, onun tarix janrında yazdıqlarını çox-çox bəyənirəm. Həmidə xanımın “Xaitərlərim” əsəri. Yeri gəlmişkən, Mehriban Vəzirin tərcüməçisi olduğu, Həmidə xanımın “Xaitərlərim” əsərinin biri Kitab klubunda, obiri isə Müsavatın qərargahında müzakirəsi keçirildi. Hər ikisində də İsa bəyin maraqlı çıxışları oldu. Firudin Allahverdinin, Seymur Baycanın da çox maraqlı çıxışları oldu. Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Cavanşirin bu əsərini hər kəsə şiddətlə tövsiyə edirəm. Bu kitab çox dəyərli kitabdır. Hətta hər bir azərbaycanlının oxuması vacibdir.

- Bu gün guruldayan 60-70-cilərdən kimi oxuyursan?
- Elçin mənlik deyil, çox quru və sünidir. Anarda oxunmalı şeylər var. Amma hər ikisi urbanistik yazıçılardır. Ən azı buna görə sağ olsunlar ki, əsərlərindən peyin iyi gəlmir. Yenə də onlar dünənki gündür. Necə ki mən onların yaşına çatanda, yəqin ki, dünənki gün olacam.

- Və sənə də hər sözü deyə bilərlər?
- Artıq başlayıblar.

- Normal qarşılayırsan?
- Bəli, amma ortada hələ məhsul yoxdur. Biz 60-cılarla davaya başlayanda bizə xuliqan deyirdilər. Hərəmizin 3-5 köşəsi, 1-2 şeiri vardı, maksimum da bir hekayəsi. Ağzımıza gələni yazırdıq. Sonra özümüz anladıq ki, ortaya məhsul qoymaq lazımdır. Artıq başladıq ciddi işlərlə məşğul olmağa. Açığı 2006-cı ildən bəri mənim bunların ünvanına nə isə deməyə, daş atmağa, sataşmağa, tənqid etməyə vaxtım yoxdur. İzləyə də bilmirəm ki, bu Anargil nə ilə məşğuldur. Heç maraqlı da deyil. Öz auditoriyam var, indi AYB ilə dava edə bilmərəm. Bunlar çox maraqsızdır mənim üçün.

- Elçin Hüseynbəyli müsahibələrindən birində sizinlə bağlı “yüksək” fikirlər səsləndirmişdi. AYB-nin yanında olan gəncliyin istedadını yüksək qiymətləndirmişdi. Məqsəd Nuru sizdən, Seymurdan daha istedadlı hesab etmişdi.
- Mən Məqsəd Nurun istedadına şübhə etmirəm. Məqsəd Nur AzTV-də paytaxt sakinləri süjetini hazırlayıb efirə buraxan, sonra da paytaxt meri haqqında roman yazan adamdır. Hakimiyyətin yanında olub, ondan pul qazanan, bu yaxınlığın nemətlərindən faydalanıb sonra da müxalif görünmək istəyən şəxslər mənə gülməli görünür, amma yenə də mənim heç kimlə işim yoxdur. Ola bilsin ki, 2-3 il əvvəl daha sərt danışardım. Bu gün isə mümkün deyil. Necə danışa bilərəm, əgər beynimdə yeni layihə dolaşırsa, oxuyub bitirməli olduğum 3-4 kitab qalıbsa, məişət problemləri də bir yandan. Beynimin hansısa köşəsində, adlarını çəkdiyiniz insanlara ayıra bilərəm? Bunun yolunu bilirsiniz?

- Yəni indi Elçin Hüseynbəyli, Qulu Ağsəs, haqqında danışmaq istəmirsiniz?
- Onlar haqqında mən nə danışa bilərəm axı? İnsandırlar həyatlarını yaşasınlar, mən də yaşayım.

- Siz bilmirsiniz ki, Qulu Ağsəs nə yazır?
- Xeyr.

- Ümumiyyətlə o adda şair olduğunu bilirsniz?
- Var, bilirəm. Biz hətta bir-iki dəfə çayxanada oturmuşuq.

- Amma nə yazdığını bilmirsiniz?
- Yox, mən onların nə yazdıqlarını bilmirəm.

- O cümlədən Elçin Hüseynbəylini?
- Qətiyyən oxumamışam. Fəxr edirəm deməzdim. Bəlkə də oxumalıyam. Bilirəm, şərhlər gələcək ki, oxumamısansa nə danışırsan. Ümumiyyətlə şərhlər çox maraqlıdır. Əsər üçün material verirlər. Sizin saytda şərhçilər arasında kifayət qədər alçaldılmış və təhqir edilmiş insanlar var. Komplekslərdən əziyyət çəkən, 300-500 manat maaşa görə, ofis, şirkətlərdə alçaldılaraq, təhqir edilərək işləməyə məcbur edilən, enerjilərini şərh yazmaqla boşaldan adamlar var ki, mənimlə bağlı da şərhlər yazırlar. Adamlar çox qəribədir. Görürsən ki, əvvəldən sona qədər it kimi oxuyub, sonra da deyir ki, bunu oxumağa dəyməz. Ya da bu nədir oğurluq eləmisən filan. Pastiş deyilən bir termin var. Musiqi aləmindən ədəbiyyata transfer olunan bir kəlmədir. Hansısa bir mətnin harmonik şəkildə başqa mətnə calaq edilməsidir. Bu isə oğurluq sayılmır. Bu yaxınlarda yaşlı biri mənə deyir ki, bəy, siz tələsmisiniz 20 il sonra yazılmalı əsəri indi yazmısınız. Haqlıdır hardasa, razılaşa bilərəm. Bu ədəbi priyomları, texnikanı bilməyən insanlar çox rahatlıqla roman haqqında danışa bilirlər. Seymur Baycan əsərində Peçorinin monoloqunu verir və deyir ki, bu Peçorinin monoloqudur. Şərhdə isə yazırlar ki, “Peçorindən oğurlamısan, o Peçorində var”. Ay debil, müəllif zatən bunu kitabda qeyd etməyibmi?

Təsəvvür edin ki, mənim romanımda Laləzar adlı bir personaj var. Onun klitoru 17 santimetrə qədər uzanır və o, kişilərə təcavüz edir. Bu tibb aləmində nadir rast gəlinən hadisələrdəndir. Mən özüm də yazı prosesində bildim bunu. İlkin adlı stamatoloq dostum facebookda yazmışdı bu faktı. Mən də həmin personajıma, Laləzara İlkinin razılığı ilə, bu faktı tətbiq etdim. Bir ay sonra kitab çıxır və bir debil şərhdə yazır ki, mən bilirəm, sən bunu İlkin Hüseynin statusundan oğurlamısan. Ay debil, mən facebook-da İlkin Hüseynin statusunun altından yazmışam ki, “bunu romana salacam”. Daha bunun nəyi oğurluqdur? Oxucunun nazı ilə oynamaq, onu başa salmaq çox çətin məsələdir.

- Siz bunu heç istəmirsiniz də?
- İstəmirsiniz deyəndə mənim hövsələm çatmır. Siyasətçi, diplomat deyiləm ki, elə möhkəm əsəblərim olsun. Söhbətimizin əvvəlinə qayıtmaq istəyirəm. Mən İsa Qəmbəri yaxından tanıdıqca siyasətçiləri daha yaxşı başa düşməyə başladım. Bu öz yerində, amma bu o demək deyil ki, liderlər mənim və dostlarımın tənqidlərindən sığortalanıblar.

- Debatlarda hövsələsiz görünmüşdünüz...
- Debatlar başlayanda dedilər ki, ateistlər aqressivləşib. Özü da inanan, ya da şübhələnən onlarla adama da bu savadsızlar ateist adı qoydular. Nə isə... Çox haqsız ittihamlar oldu. Yeri gəlmişkən mənim Hacı İlqarla heç bir ədavətim yoxdur. Ola bilsin ki, mənim sevmədiyim dövlətə - İrana - çox dərin məhəbbət bəsləyir. Bu onun dininin, məzhəbinin şərtidir. Başa düşürəm, çünki islam mənə yad bir din deyil, mən uzun müddət bu dinin mənsubu olmuşam və bu dinin təhsilini almışam. Biz Hacı İlqara o zaman etiraz etdik ki, o dünyəvi bir qurumda öz klerikal görkəmi ilə əlinə mikrofon alıb məclis apardı. O görüntü bizi rahatsız etdi. Aşura ondan sonra gəldi. Mənim son zamanlar başa düşdüyüm bir şey var. Xalq Cəbhəsinin o dövrə aid video materiallarına baxandan sonra çox şeyi başa düşdüm. Hər yerindən duran nə isə qışqırır, birinin ağzından tüpürcək axır, o biri dombalaq aşır. Belə bir qərara gəldim ki, Elçibəy Heydər Əliyevin yox, bunların əlindən qaçıb. Bunlar yalan deyir, Heydər Əliyevin günahı yoxdur burda. Mən həmin videolarda iki təmkinli, narahat, ağıllı sima görürdüm: Elçibəy və İsa Qəmbər. Elçibəyi elə öz komandası çərlədib öldürdü. Heydər Əliyevin nə Elçibəyin qaçmasında, nə xəstələnməsində, nə vəfat etməsində, nə onun əzablar çəkməsində heç bir xidməti olmayıb. Onun haqqında sifilis, SPİD yazan da bunlar olub.

- Səninlə razıyam.
- Bir məsələyə də toxunmaq istəyirəm, son vaxtlar 54, 35 bəyanatları ilə bağlı yazılır pozulur. Yazığım gəlir o şəxslərə. Adını müxalifət qoymuş qəzet imza atanlara zəng edib ya əmr edərək, ya yalvararaq, ya hədələyərək “imzanı geri götür” fəaliyyəti yürüdür. Bəyanatı imzalayanlara ağzına gələni yazanlar arasında Adnan Hoca adlı Harun Yəhyanın Azərbaycandakı cariyəsi də var. Bəyanata imza atan əlli dörd şəxsin arasında bir nəfər də olsun Harun Yəhya qədər tərbiyəsiz, əxlaqsız adam yoxdur. Amma bunlar hələ danışa da bilirlər. Dilləri uzundur nədənsə. Ay balam, Harun Yəhya gündə 54 rus civisi ilə efirə çıxıb oğraş-oğraş danışa bilirsə, burda 54 vətəndaş bəyanat imzalaya bilməz? Harun Yəhya görəsən nə qədər türmədə yatıb əxlaqsızlıq üstə? Onun Bakıdakı cariyəsi, bunu bizə açıqlaya bilərmi?

- Hazırda nə yazırsınız, hansı əsər üzərində işləyirsiniz?
- İlk dəfə olaraq öz ənənəvi ampluamdan kənara çıxmağı düşünürəm. Tarixə müraciət edəcəyəm. Hər bir azərbaycanlı üçün çox dəyərli olan tarixi fakt haqqında əsər. Keçmişlə bu gün arasında körpü yaradacaq əsər. Bu kitab artıq hər kəsin rahatlıqla ailə üzvləri ilə birgə oxuyacağı kitab olacaq. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Adını hələ müəyyənləşdirməmişəm. Əlbəttə ki, əsərin siyasi konteksti də var. Qəribə görünə bilər, amma bu kitab müsəlmanların da müxalifətçisindən mühafizəkarına, demokratından liberalına qədər, hətta hakimiyyət nümayəndələrinə qədər hər kəsin sevə-sevə oxuyacağı roman olacaq.

- Nə vaxta hazır olacaq?
- İlin sonuna kimi ümid edirəm hazır olar.

Elbrus Ərud