“Ən müxtəlif dairələrlə isti münasibətlər qalmaqdadır” - Mübariz Pənahov

en-muxtelif-dairelerle-isti-munasibetler-qalmaqdadir-mubariz-penahov-
Oxunma sayı: 2469





Mübariz Pənahovun “Qafqazinfo”ya müsahibəsi:

Azərbaycanda onun haqqında çox yazıb, çox danışıblar. Ancaq heç kim gördüyünü, onun özünün danışdığını yazmayıb, kim nə eşidib, necə eşidibsə eləcə də götürüb yazıb. Ancaq bu gün “Qafqazinfo”nun əməkdaşı həmin şəxsdən, ötən əsrin 90-cı illərinin əvvəllərində, dövlətçiliyimizin formalaşmasının ən ağır vaxtlarında Naxçıvanda ictimai – siyasi proseslərdə fəal iştirak edən, müstəqilliyimizin lap ilkin dövründən dövlət quruculuğu işlərinə dəstək verən, Heydər Əliyevin silahdaşlarından biri Mübariz Pənahovdan müsahibə alıb. İndi həmin müsahibəni əlavə şərhlər vermədən oxuculara təqdim edirik.

- Bu gün nəyə görə ictimai-siyasi proseslərdə kənarda qalıbsınız, mətbuatda az-az görünürsünüz?
- Bilirsiniz, bunun elə bir ciddi səbəbi yoxdur. Sadəcə olaraq ümumi vəziyyət tamamilə dəyişib, ölkəmiz ciddi inkişaf yolu keçərək bütün göstəricilərə görə bölgəmizin liderinə çevrilib. 20 il əvvəl isə situasiya tamam başqa idi və özünü əsl vətəndaş hesab edən hər bir kəs hadisələrin içində olmalı idi. Müəyyən qara qüvvələr Heydər Əliyevi təkləməyə, onu Azərbaycanın xilası naminə başladığı yoldan sapdırmağa cəhdlər edirdilər və bunun üçün ən müxtəlif yollara, çirkin üsullara əl atırdılar. Təbii ki, ağır dövr idi. Cəmiyyətdə mürəkkəb proseslər gedirdi. O zaman nəinki Əliyevçi olmaq, hətta o böyük insanla ünsiyyət qurmaq belə təhlükəli idi. Amma Allaha şükürlər olsun ki, cəmiyyətin sağlam hissəsinin dəstəyi hesabına bütün təhlükəli proseslər aradan qaldırıldı, dövlətimiz sabit, dayanıqlı inkişaf yoluna çıxa bildi. Düşünürəm ki, elə əsl Əliyevçilər də həmin dövr Ümummilli Liderimizin ətrafında olanlar, zamanın sınağından çıxanlardır. O ki, qaldı mətbuatda çıxışlara, təəssüflər olsun ki, mətbuat orqanları sırasında da ciddiləri çox deyil, barmaqla sayılacaq qədər azdır. Bu və bir sıra digər səbəblərdən, söz naminə, yalnız gündəmə gəlmək xatirinə fəaliyyəti isə qeyri-konstruktiv hesab edirəm. Bu gün öz şəxsi işlərimlə, biznes fəaliyyəti ilə məşğulam. Tikib-yaratmaq, qurmaq-bundan gözəl nə ola bilər? Ölkəmizin indiki, dinamik inkişaf mərhələsində pozitiv proseslərə qoşulmaq, cəmiyyətin ümumi tərəqqisinə dəstək vermək hər bir azərbaycanlı, o cümlədən də mənim üçün şərəfli bir işdir.

- Mübariz müəllim, səhv etmirəmsə, uzun illər ərzində Naxçıvanda, Şərur rayonunda bir idman hərəkatına da dəstək vermisiniz, bir çox layihələrin təşkilatçısı olmusunuz.
- Açığı, mən idmana çox ciddi yanaşıram və onu gənclərimizin yalnız sağlam həyat tərzi keçirmələrinin təminatçısı yox, həm də yeni formalaşan müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanıdılması yolunda bir vasitə hesab edirəm. Vətənpərvərliyə aparan yollardan biri də budur, çünki idman təkcə sağlam bədəndə sağlam ruh yaratmır, həm də dövlətçilik, vətənpərvərlik fəlsəfəsinin mayasını təşkil edir. Bütün həyatım boyu idmanla bağlı olmuşam, o cümlədən də müstəqilliyimizin o ilk mürəkkəb illərində. Hələ sovet dönəmində müxtəlif respublikalarda, şəhərlərdə iştirak etdiyim yarışlarda, SSRİ çempionatlarında gördüyüm idman komplekslərinə, zallara qısqanclıqla yanaşır, bizdə niyə bu səviyyədə olmasın,- deyə düşünürdüm. Elə bu düşüncələrimlə də 1991-ci ildə Şərurda ilk İdman-Sağlamlıq mərkəzini yaratdım. O zaman avadanlıqlar Ukraynadan gətirilib quraşdırıldı. Öz zamanına görə həmin mərkəz bütün ciddi tələblərə cavab verirdi. Amma vaxt ötür, hər şey dəyişir o cümlədən də idman texnologiyaları. Bu baxımdan da ümumi texnoloji tərəqqi prosesindən geri qalmamaq üçün Şərurda böyük bir Əl Oyunları idman meydançası və Ümummilli Liderimiz Heydər Əliyevin 80 illik yubileyi ərəfəsində «Gənclik» İdman Kompleksi inşa etdim, onları Avropadan gətirilmiş ən müasir tipli avadanlıqlarla təmin etdim. Nəticələr isə gözlədiyimizdən də artıq oldu. Çoxlu sayda, kütləvi şəkildə gənclər idmanın ən müxtəlif növləri ilə, - sərbəst güləş, yunan-roma güləşi, cüdo, sambo, boks, stolüstü tennis,-məşğul olmağa başladılar. Hemçinin fitnes zalı yaradıldı ki, bu da əhalinin ümumi sağlam həyat tərzi keçirməsinə təkan vermiş oldu. Bundan başqa bir neçə il də Naxçıvan Futbol Federasiyasına rəhbərlik etdim. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, o illəri yeni formalaşmaqda olan gənc nəsildə idmana maraq, onun hər hansı növü ilə ciddi məşğul olmaq istəyi xeyli yüksək idi. Mən də idmanın şahı və onun ən populyar növü olan futbol federasiyasının başçısı kimi bu prosesi maksimum qədər dəstəkləyirdim. Bu baxımdan idmanın kütləviliyini artırmaq zərurəti yarandı və konkret fəaliyyət proqramı işlənərək reallaşdırıldı. Xatırlatmaq yerinə düşər ki, qısa dövr ərzində Muxtar Respublikanın demək olar ki, bütün bölgələrində idman kompleksləri inşa olundu, sırf futbol meydançaları yaradıldı. Bütün bu işlər imkan verdi ki, idmanın, o cümlədən də futbolun coğrafiyası genişlənsin, onunla məsğul olanların sayı çoxalsın. Davamlı olaraq Muxtar Respublika çempionatı keçirilməyə başlandı ki, həmin yarışlarda da daimi şəkildə ən müxtəlif strukturları, o cümlədən Universitet, Milli Ordu hissələri, Naxçıvan Sərhəd Dəstəsi və MR bölgələrini təmsil edən 10 kollektiv mübarizə aparırdılar. Burada xatırlamaq yerinə düşər ki, rəsmi yarışlarla bərabər mən həm də uşaq futbolunun da inkişafına böyük diqqət yetirirdim. Bu sahədə mütəxəssislərin ümumi rəyləri əsasında «UŞAQ FUTBOLU» adlı bir kitab-dərslik də yazıb çap etdim və bütün idman ictimaiyyətinə təqdim etdim. Maraqlı və vacib olanı odur ki, bu kitabda həm uşaq futbolçularının hazırlanması metodikası, həm də ümumrespublika yarışlarının keçirilməsi strukturu tam əyani şəkildə göstərilib. Bütövlükdə idmanla bağlı xüsusi olaraq qeyd etmək istəyirəm ki, müstəqilliyimizin sonrakı illərində Azərbaycanda başlayan Olimpiya Hərəkatı, MOK-a cənab İlham Əliyevin rəhbərlik etməsi sanki bizim ürəyimizdən xəbər verdi. Möhtərəm prezidentimiz qısa zaman ərzində böyük işlər həyata keçirdi, nəhəng layihələr reallaşdırıldı. Mən bu dövrü Azərbaycanın Olimpiya dövrü adlandırardım. Azərbaycanın hər rayonunda, şəhərində müasir idman kompleksləri tikildi, bütövlükdə idmana və idmançılara böyük qayğı göstərilməyə, ölkəmizdə ən yüksək səviyyəli yarışlar keçirilməyə başlandı. Nəticə də özünü çox gözlətmədi, idmançılarımız Olimpiadalarda və dünya çempionatlarında medallar qazandılar, paytaxtımız Bakı isə Olimpiya oyunlarına ev sahibliyi etməyə namizəddir ki, bu da dünya idman hərəkatının zirvəsi sayıla bilər.

- Son zamanlar internet saytlarında cüdo üzrə veteran idmançılar arasında keçirilən Avropa və Dünya çempionatları yarışlarında qalib olduğunuz video kadrları yer almışdı
- Bəli, belə çəkilişlər mövcuddur və onlar əsasən həmin yarışların təşkilatçıları tərəfindən təbliğ olunur. Mənə gəldikdə isə qalibiyyət də var, məğlubiyyət də. Lakin bu əsas məqsəd deyil. Məqsəd idmanı daha da populyarlaşdırmaq, daha çox insanları sağlam həyat tərzi keçirməyə çağırmaqdır. Mən özüm isə bu gün də idmanla fəal, peşəkar səviyyədə məşğul oluram, formamı saxlamağa çalışıram. Veteran idmançılar arasında doğma Azərbaycanımızı layiqincə təmsil etmək Avropa və Dünya çempionatlarında və digər beynəlxalq yarışlarda ölkəmizin yüksək idman nüfuzunu dəstəkləmək mənə zövq və əlavə stimul verir.

- Azərbaycanın son illər müxtəlif sahələrdə əldə etdiyi uğurları necə xarakterizə edərdiniz?
- Əgər bir ifadə ilə demək olarsa, Azərbaycan iri addımlarla irəliləyir. Əgər biz bu gün BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçiliriksə, «Böyük səkkizlərin» tədbirlərinə dəvət alırıqsa, elə bu əldə olunan uğurların təsdiqi deməkdir. Dünyanın iqtisadi güc mərkəzlərinin böhrana boyun əydiyi bir zamanda Azərbaycanın iqtisadi reytinqi yüksəlir, ölkəmizə sabit bir bölgə olaraq on milyardlarla sərmayə cəlb edilir ki, bu da ümumilikdə çox dinamik inkişafın və sabitliyin əyani təsdiqidir. Qafqaz bölgəsində lider olmaqla onun iqtisadiyyatının 80 %-ni özündə əks etdirən müstəqil Azərbaycanın iştirakı və dəstəyi olmadan heç bir iri layihələri reallaşdırmaq mümkün deyil. Bütövlükdə isə bu sadalananlar əsası dahi Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu konsepsiyasinin, xarici siyasət kursunun, iqtisadi islahatların müasir dövrün tələblərinə tam cavab verdiyinin və xalqımızın maraqlarına uyqun olduğunun təsdiqidir.

- Siz uzun illər Naxçıvanda çalışmısınız, ictimai həyatda fəal mövqeyiniz olub. Son vaxtlar Bakıda yaşayırsınız, Muxtar Respublikadan sanki bir qədər ayrı düşmüsünüz…
- Bilirsiniz, mən doğma Azərbaycanımızın ayrılmaz tərkib hissəsi və bir gözəl parçası olan Naxçıvanda doğulub boya başa çatmışam. Usaqlığım da, gənclik illərim də, sonrakı həyatım da həmişə Naxçıvanla bağlı olub. Qəlbim də həmişə bu torpağa sevgilə, Azərbaycançılıqla, vətənpərvərlik hisslərilə vurub, bu ideyanın daşıyıcısı olmuşam. Söhbətimizin əvvəlində də dediyim kimi, 20 il əvvəl bütövlükdə ölkədə, o cümlədən Naxçıvanda da çox mürəkkəb proseslər cərəyan edirdi və təbii ki, həmin dövr üçün formalaşmış situasiya adekvat davranış tələb edirdi. Və təbii ki, xalqımızın bütün fəal övladları kimi mən də öz həmfikirlərimlə ictimai-siyasi proseslərə qoşuldum. Bütün o fəaliyyətin kökündə də dövlətçilik ideyalarına xidmət, Ümummilli Lider Heydər Əliyevə hədsiz inam və bu yolun xalqımızı işıqlı yola çıxaracağına əminlik dururdu. Sonrakı mərhələlərdə də hansı sahədə iş tapşırılıbsa, çalışmışam ki səy və bacarığımı əsirgəməyim, göstərilən etimadı doğruldum. İstər dövlət işlərində, istərsə də ictimai fəaliyyətimdə həmişə bir amalla çalışmışam,-xalqımızın maraqlarına xidmət etmək, ətrafımdakı insanlarla sağlam münasibətlər qurmaq. Bir məqamı da qeyd edim ki, Naxçıvanda çalışdığım illərdə rəhbərliklə heç bir narazılıq, hər hansı bir problemlərimiz olmayıb.

- Səhv etmirəmsə, Siz 11 il (1993-2004) Sədərək Gömrükxanasına rəhbərlik etmisiniz.
- Bəli. Bu həmin dövr idi ki, Naxçıvan iqtisadi və kommunikasiya blokadasında yaşamağa məcbur idi. Həyat, yaşamaq, adi tələbatları belə ödəmək çox çətin idi. Bu baxımdan da qonşu ölkələrlə, xüsusilə qardaş Türkiyə ilə əlaqələrin dəyəri və əhəmiyyəti son dərəcə yüksək, hətta mən deyərdim ki, regionun yaşaması, işğalçı Ermənistanın təzyiqlərinə dözməsi üçün həlledici rola malik idi. Bu günün ucalığından və ötən dövrü bir daha təhlil edərək o qənaətə gəlirəm ki, gömrükxanaya rəhbərlik etdiyim dövrdə xeyli işlər görə bilmişəm. Fəxrlə deyə bilərəm ki, işlədiyim bütün illər boyu həmişə xalqın yanında olmuşam, Muxtar Respublika əhalisi ilə yüksək səviyyədə ünsiyyətim olub, Naxçıvanın ən ağır vaxtlarında bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirmişəm, əhalinin rifahi naminə çalışmışam. Bu o illər idi ki, bütövlükdə regionda ən adi gündəlik tələbat malları, un, ərzaq çatışmır, digər tərəfdən də Ermənistanla müharibənin ağırlıqları əlavə problemlər yaradırdı. Amma biz bütün çətinliklərə sinə gərdik və ümumi böhran vəziyyətin aradan qalxmasına öz töhfəmizi verdik. Elə məhz həmin fəaliyyətin nəticəsi idi ki, 1995-ci ildə seçicilər mənə yüksək etimad göstərərək I çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçdilər. Tam əminliklə deyə bilərəm ki, deputat olduğum illərdə də insanlardan ayrı düşmədim, daim onların qayğıları ilə maraqlandım və Heydər Əliyev siyasi kursunu, o böyük insanın amallarını həyata keçirməyə çalışdım. Bilirsiniz, vəzifə heç kəsə əbədi verilmir. Və hər bir insan hansı sahədə çalışmasından asılı olmayaraq öz amalına, ideallarına, tutduğu mövqeyə sadiq olmalı, öz rəhbərinə sədaqət nümayiş etdirməlidir. Fəxrlə qeyd edə bilərəm ki, bütün fəaliyyətim boyu sadaladığım dəyərlərə sadiq olmuşam və öz yolumu düzünə, dolanbacsız getmişəm. Bu baxımdan da, elə fürsətdən istifadə edərək bildirirəm ki, mən bu gün də öz mövqeyimdə qalıram və heç kəslə nə umu-küsüm, nə də hansısa həll olunmayan məsələm var. Naxçıvanla, onun rəhbərliyilə, ən müxtəlif dairələrilə isti münasibətlər qalmaqdadır. Belə vəziyyət insani münasibətlərin, sadə dəyərlərin hər şeydən yüksək olduğunu və heç bir konyukturadan asılı olmadığını təsdiqləyir. Bəzilərinin boş-boş cəhdləri isə, Konfutsinin sözlərilə desək, qaranlıq otaqda qara pişik axtarmağa oxşayır. Bu isə həmişə çətin olur. Və əgər otaqda pişik ümumiyyətlə yoxdursa, tamamilə mümkünsüz olur. Fəaliyyət üçün xarakter lazımdır. Xarakteri olan hər kəs isə həyatda, ictimai fəaliyyətdə öz yerini tutur. Axı insan, Viktor Hüqonun sözləri ilə desək, xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün dünyaya gəlir. Cəmiyyətdə elə qüvvələr var ki, həmişə ara qatmağa, söz gəzdirməyə meylli olurlar. Sanki İuda İskarioat rolu elə onlar üçün bir davranış modelidir. Xətləri isə Qebbels xəttidir,- «Şayiə və yalan nə qədər ağlasığmaz olsa, ona bir o qədər tez inanarlar». Necə deyərlər, məqsəd üçün bütün vasitələr məqbuldur, xüsusilə qara məqsədlər üçün.

Bu gün bizim güclü, müstəqil dövlətimiz, onun dünyada böyük siyasi nüfuza və çəkiyə malik Prezidenti İlham Əliyev kimi lideri var. Artıq Azərbaycan da 20 il əvvəlki kimi deyil. Biz bu gün daha qüvvətliyik, daha böyük gücə və nüfuza sahibik. Əlbəttə, bütün bu uğurlar asan əldə edilməyib. Vətənin güclü vaxtı, dünyada hər kəsin sənin dövlətinə hörmət etdiyi bir vaxtda onu sevməyə nə var ki… Ən çətini odur ki, ölkənin zəif vaxtında, mürəkkəb mərhələlərində çiynini yük altına verəsən, proseslərə rəhbərlik edəsən. Necə deyərlər, tarix heç nə öyrətmir. Amma onun dərslərini unudanları ağır cəzalandırır. İrəli baxmaq lazımdır. Dünən bizim kölgəmizdir, həmişə arxamızca sürünür. Bu gün bizim hələ tarixə qovuşmayan keçmişimizdir. Gərək bu günü də ləyaqətlə yaşamağı bacaraq. Necə deyərlər, keçmişə güllə atsaq, gələcək bizi top atəşinə tutar.

- Mübariz müəllim, ailəniz haqqında nə deyərdiniz?
- Bilirsiz, ailə hər kəs üçün bir ocaqdır. İnsan həyatının ən müxtəlif mərhələrində, - istər uğurlu, yüksəliş məqamlarında, istərsə də çətin illərində,- hər kəs gücü, enerjini, həyat eşqini ailədən alır. Uşaqlıqdan çətinliklərə, əməyə öyrəşmiş insanam. Özüm də zəhmətkeş, sadə ailədə böyümüşəm, tərbiyə almışam. 9 uşaq olmuşuq, gənclik illərimdən həmişə ailəyə dəstək olmağa çalışmışam. İndi özüm də xoşbəxt ailə başçısıyam. Allah hamıya qismət eləsin, 3 oğlum, 1 qızım var. Bu günkü məqsədim də onların əsl Azərbaycan vətəndaşı kimi böyümələri üçün çalışmaq, insani dəyərlərə sadiq, sağlam amallı tərbiyə etməkdir. Deyə bilərəm ki, onların uğurlarından razıyam. Yaxşı çalışırlar, təhsil almağa, inkişaf etməyə meyillidirlər, idmanla məşğul olurlar. Şah İsmayıl Xətaının sözləri ilə desək, üç şey əmanət qoyub bizə ulu babalarımız, -dilimiz, Vətənimiz və qeyrətimiz. Biz də çalışmalıyıq ki, bizdən sonra gələn nəsillər də eyni dəyərlərin daşıyıcısı olsunlar, Vətənə fayda verə bilsinlər və onu daim qoruyaraq daha da inkişaf etdirsinlər. Nikbin olmalıyıq, gələcəyə doğru əminliklə irəliləməliyik. Bu əminliyi isə bizə yeni, gənc, sağlam nəsillə vəhdət təmin edə bilər. Hər yeni nəslin qarşısında isə həyat özü yeni, həlli çox vacib olan bir vəzifə qoyur, - formalaşmış irsi qoruyaraq cəmiyyəti daha da kamilləşdirmək.

Elbrus Ərud