Hakimiyyət kimdən “can qurtarmaq” istəyir?

hakimiyyet-kimden-can-qurtarmaq-isteyir
Oxunma sayı: 6500


Son vaxtlar hakimiyyət daxilində baş verən proseslər mediada diqqətlə izlənməkdədir. “Hizmət” hərəkatı (nurçular) ilə əlaqələrə görə işdən uzaqlaşdırılan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovla başlayan dəyişikliklər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbəri Elşad İskəndorovun işdən çıxarılması ilə hələ ki yekunlaşdı. 

Amma hakimiyyətin siyasi kursundakı dəyişikliklər təkcə nurçuların, medianın iddia etdiyi kimi, “Ərdoğanın siyahısı” ilə təmizlənmə ilə yekunlaşmır. Buna paralel olaraq daha diqqətçəkən proseslər baş verməkdədir ki, onların təhlili hakimiyyətin əslində daha ciddi dəyişikliklərə hazırlaşdığının anonsu sayıla bilər. 

Bu dəyişikliklərin gözlənildiyi barədə xəbəri təxminən 20 gün əvvəl “Yeni Müsavat” da yazmışdı. Manşetdən yayımlanan “Hakimiyyətdaxili savaşın səbəbi bilindi” yazısında bildirilirdi ki, iqtidar qarşıda gözlənilən dəyişikliklərin əsl səbəbini gizlətməyə çalışır. Yəni iqtidar prosesin birmənalı olaraq nə nurçular, nə rusiyapərəstlər, nə də çox şişmiş məmurlardan can qurtarmaq kimi izah edilməsini arzulamır. İndi baş verənlərin təhlili də göstərir ki, iqtidar sanki şahmat taxtasında çətin kombinasiya qurur. Məsələn, gənc kadrların işdən çıxarılmasının “köhnə qvardiyanın” qalibiyyəti kimi qələmə verilməsinin qarşısını almaq üçün “vurulanlar” işsiz qoyulmur. Elnur Aslanov Rabitə və Yüksək İnformasiya Texnologiyaları Nazirliyində işə götürüldü. Elşad İskəndərov isə diplomatik fəaliyyət hesab olunan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edildi. 

FHN şefinin baş nazirlik uğrunda savaşda Ziya Məmmədova qalib gəldiyi haqda xəbərlər tirajlanan kimi isə gözlənilmədən Prezident Administrasiyası rəhbərinin oğlu Kəmaləddin Heydərova müavin gətirildi. Rusiya xəttinin hakimiyyətdə möhkəmləndiyi barədə xəbərlər artdığı bir vaxtda da ordudakı həbslərin və “təmizləmənin” Rusiya təhlükəsi ilə bağlı olduğuna dair iddialar ortaya atıldı. 

Son günlər bəzi rayonlarda icra başçılarının dəyişdirilməsinə də yeni siyasi prosesin tərkib hissəsi kimi baxmaq lazımdır. “Yeni Müsavat”a daxil olan məlumata görə,   böyük ehtimalla oliqarx məmurların rayonlara kurasiyasının-qubernatorluq sisteminin ləğvinə başlanılıb. Bunun kökü prezident seçkiləri ərəfəsi Qubada və İsmayıllıda baş verən olaylarla izah edilir. Hakimiyyət icra başçılarının birbaşa Prezident Administrasiyasına tabe olması, yalnız mərkəzdən gələn təlimatlar əsasında işləməsini planlaşdırır. Yəni icra başçıları oliqarxlar qarşısında öhdəliklərdən azad edilir və tam olaraq mərkəzi hakimiyyətə tabe etdirilir. 

Məlumatlara görə, icra başçılarının dəyişdirilməsi yayın sonunadək yekunlaşacaq və oliqarxların adamlarının icra başçısı təyin edilməsi praktikası tam aradan qaldırılacaq. Yeni icra başçıları istisnasız olaraq Prezident Administrasiyasının və YAP rəhbərliyinin birgə təqdimatı ilə təyin ediləcək ki, bununla da oliqarxların kadrların rayonlara təyinatına müdaxiləsi aradan qaldırılacaq. “Bəs hakimiyyət niyə oliqarxların rayonlarda mövqeyinin zəiflədilməsini istəyir” sualı ətrafında da gəzişmə edərkən diqqət gözlənilən müəmmalı hazırlıqlara yönəlir.

Son aylar ölkə daxilində “qaykaların yenidən sıxılması” da ciddi müzakirə mövzusudur. Hakimiyyət 2013 seçkisini yola verib və ən azı yaxın 4 ildə iqtidar üçün hansısa ciddi təhlükə gözlənilmir. Müxalifət tam hərəkətsiz vəziyyətə salınıb, aksiyalar keçirilmir və bu düşərgədəki böhran getdikcə daha da dərinləşir. Belə bir vəziyyətdə isə Sədərək gömrük-keçid məntəqəsinin keçmiş müdiri Mübariz Pənahovun Bakıya gətirilərək ARDNŞ-in Təhlükəsizlik İdarəsinin rəis müavini təyin olunması maraqlı suallar doğurur. “Laba” ləqəbi ilə tanınan M.Pənahov Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu vaxtlarda onun mühafizəsinin təşkilində iştirak edib. M.Pənahov 10 il Sədərək gömrük-keçid məntəqəsinə rəhbərlik edib və 2004-cü ildə Naxçıvan rəhbərliyi ilə münasibətlərində yaranmış anlaşılmazlığa görə vəzifəsindən istefa verərək Bakıya köçüb. Onun indi siyasi proseslərdə iştirak payı olan  ARDNŞ-də vəzifəyə gətirilməsinin təsadüfi olmadığı barədə də iddialar var. Medianın çoxdan unutduğu M.Pənahovun məhz indi önə çəkilməsi təsadüfi sayılmır. Hakimiyyət bir vaxtlar “vuran qolu”, klassik Heydər Əliyevçi  hesab olunan adamları yenidən görəvləndirməsi iqtidar daxilində yeni güc mərkəzinin yaradılması iddialarını gücləndirib. Yeri gəlmişkən, bugünlərdə  hakimiyyətin  xüsusi təyinatlı “Aslanlar” dəstəsi yaratdığı barədə də məlumatlar yayılıb. Müxalifət bu xəbərlə bağlı reaksiya versə də, rəsmi strukturlar yeni bir güc mərkəzinin yaradılmasının səbəbləri barədə mövqe bildirməyiblər.

Müxalifət zəiflədilsə də, indi hədəfdə müstəqil gənclər hərəkatları və xarici donorların maliyyələşdirdiyi barmaqhesabı sayılan QHT-lərdir. İqtidar “qollarını çirmələyib” sanki ölkədə son atəş nöqtələrini, müqavimət mərkəzlərini tapıb zərərsizləşdirməyə başlayıb. NİDA-çı gənclərə məhkəmənin ağır cəza verməsi və buna etiraz olaraq keçirilən aksiyada saxlanılanlar barədə də müxtəlif müddətlərə azadlıqdan məhrum edilməsi qərarı hakimiyyətin gəncləri susdurmaq niyyətində israrını göstərir. Paralel olaraq jurnalist Rauf Mirqədirovun həbsi ilə başlanan “erməni işi” də böyüyür və burda da hədəf xaricdən maliyyələşən QHT-lərdir. Burada da “niyə” sualına cavab axtararkən “hakimiyyət yaxın aylarda nəyə hazırlaşır” müəmmasına cavab vermək lazım gəlir.

Bu mövzuda rəyini öyrəndiyimiz ekspertlər də birmənalı fikir yürütmək istəmirlər. Bəzi ekspertlərin ehtimalına görə, hakimiyyət 2015-ci ilədək artıq zamanını doldurmuş nazirlərlə vidalaşmaq niyyətindədir. Amma iqtidar çalışır ki, bu proses domino daşının yıxılması effekti verməsin və təmizlənmə əlavə başağrısız ötüşsün. Bu səbəbdən də ilkin olaraq rayonlar oliqarxiyanın nəzarətindən çıxarılır və getdikcə bu “budama” prosesi hakimiyyətin daha dərinlərinə sirayət edə bilər.

Gözlənilən dəyişikliklərin səbəbləri barədə daha bir  ehtimal isə Qarabağ məsələsi ilə bağlıdır. Burada ekspertlərin rəyi haçalanır. Bir qrup hesab edir ki, qəfil hərbi əməliyyatlar başlaya və işğal olunmuş Qarabağ ətrafı rayonlar azad oluna bilər. Bu səbəbdən də hakimiyyət daxilində komandanı gücləndirir. Bu iddia ilə razılaşmayanlar isə hakimiyyətin daxildə müqavimət mərkəzlərinə basqılara diqqət çəkərək iqtidarın Qarabağla bağlı hansısa razılaşmalara imza ata biləcəyi ehtimalını qabardırlar...

Bir şey dəqiqdir ki, hazırlıq başlayıb. Amma nəyə hazırlıq? Bu sualın cavabını yaxın aylarda mütləq biləcəyik...

“Yeni Müsavat”