“Həll olunmuş krossvord kimiydi...” – Qismət

hell-olunmus-krossvord-kimiydi-qismet-
Oxunma sayı: 1318






Amatör üçün qeydlər


Saymısanmı,
nə qədər ölü var
telefonun yaddaşında ?

Sayacaqsan, darıxma.
darıxma, biləcəksən
saymaqdı işi-peşəsi insanın
vaxtı, siqaret kötüklərini, boşalmış şüşələri...
hə, fani qardaşım,
demək ömür başdan-sona mühasibatdı.
diqqətlə bax,
dünənkidi bütün üzlər,
sözlər hamısı sitatdı.

indi, yəni ikiyə 10 dəqiqə işləmiş
"inqa" -deyən bir uşaq doğulur hardasa
bir qadın ölür hardasa
"Allahu Əkbər"- deyən
amma ki, təkrardı, təkrar
ölüm də, doğuluş da, fani qardaşım.

eşidirsənmi, çığırırlar
"Azadlıq", "Həqiqət", "Sevgi"
eşidirsənmi ?

Niyə fani qardaşım, niyə
"Azadlıq" da, "Həqiqət" də, "Sevgi" də
dırnaq içindədi, dırnaq içində ?


ADSIZ

ey əllərinizi çəkin yaxamdan,
sizinləyəm çəkin əllərinizi yaxamdan
neyləyim ki, həsrətsiniz, iztirabsınız
neyləyim ki, sizi məhəbbət göndərib
neyləyim ki, mən də faniyəm...


“Sakit ev”

Bu şeiri heç vaxt tanımadığım Əlinin xatirəsinə ithaf edirəm

Ölümün qiyməti düşmüşdü həmin il
hərə gücü çatan bir ölüm bəyənib
kreditlə can verirdi
dünya dəyişmə məntəqəsində...

seçki qutusundan Kasıblıq çıxmışdı
televizorda görmüşdüm...

Əli onda bir siqaret yandırıb
mızıldanmışdı:
- Ölsək də yaşamalıyıq...

Biz onun sözündən çıxmamışdıq...

96-cı il idi.
Dayımın saçları vardı, özü də qara...
Evimiz bayram tonqalı kimi yanmışdı,
kül olmuşdu.
Qapıda fövqəladə hallar dayanmışdı
həyətə adamlar doluşmuşdu.

Əli də gəlib çıxmışdı
yanğınsöndürənlərin
deşik şlanqında bir alma yuyub,
əlini çiynimə qoyub
“möhkəm ol”-demişdi,”alma istəmirsən?...”

qəribə adam idi
əvvəldən bilsə evimiz yanacaq
pop-korn alıb gələrdi.

Bir sözü əlli dəfə deyərdi:
“Lotodan cek potu aparacam”
Gülərdim.
“Gülmə”, - deyərdi, “yuxuda görmüşəm”
Yalan demirdi
yuxuda görmüşdü...

hamı danışırdı ki,
ölkəmiz çiçəklənir
öz gözləri ilə görənlər var idi.
Mən televizorda görmüşdüm...

16 yaşımız vardı.
Əli təzə-təzə “Prima” çəkirdi.
Cibimizdə boşluq doluydu
Boşluğu ha xərcləyirdik bitmirdi.
Bir də görürdün saat 10 olurdu
amma Çimnazın qızı Leyla
dərsə getmirdi.
Əli “əsəbləşirdi” :
“Bu qız axırda sinifdə qalacaq ! ”
O qız axırda sinifdə qalırdı,
görüşürdülər...

Əlini harda itirdim, yolumuz necə ayrıldı?
xatırlamıram...
bir gün zəng çatmadı
sonra kimsə dedi: Rusyetə gedib.
aeroportda görmüşdülər...

Ötən il,
yanımdan ferrari kimi ötən il
buludlar ürəyini boşaldan gecə
“Sakit ev” kafesində Əlini gördüm.
Küncdəki masada
öz-özüylə oturmuşdu
Oturub susmuşdu.
Dəyişməmişdi heç
yenə saçaqlı pendirə limon sıxırdı
“Xırdalan” pivəsi içirdi, “Prima” çəkirdi.
saçları çoxdan qırmızı kitaba düşmüşdü.
Məni görən kimi
masaya dirsəklənib ayağı durdu,
boynumu qucaqladı
“Nə yaxşı səni gördüm” – dedi, “ nə yaxşı...”
sonra yerinə çökdü.
Handan-hana dilləndi: İçirsən?
“Çay” - dedim. Güldü.
Uzun-uzun susduq.
Baxdım Əliyə, diqqətlə baxdım
həll olunmuş krossvord kimiydi...

“Bilirsən, görmüşəm, öləcəm” - dedi.
“Gic-gic danışma, nətər görmüşəm” - dedim
Gözünü gözümə zilləyib dedi:
“Televizorda görmüşəm...”

Alman hesabı

o gün, hə, o gün
sən dodağında qırmızı qətiyyət,
əynində “qadın hüquqları və qaşqabaq”
gəlmişdin görüşə,
mən boğazıma qara bir ciddiyət taxıb,
təraş olub,
bəyəndiyin ətirdən də vurmuşdum.

O gün idi, hə, o gün
13-ü cüməyə düşmüşdü,
“Araz” kafesində ayrılmaq üçün görüşürdük,
Azərbaycan kimi...

ofisiant,
bizi görən kimi öskürmüş,
sifətinə gülüş, dilinə hazır rusca sözlər geyinib
gəlmişdi yanımıza.
Mən “Günah anandadı !” salatı ,
yanında “Sən məni başa düşməzsən” qızartması istəmişdim.
Sən “Özün bilərsən” şorbası demişdin,
bir də “Mən yaxşı yaşamaq istəyirəm” püresi.
Sükutun qədəhinə
qırmızı, kəmturş ittihamlar süzülən kimi,
hörmət quşunun boğazı üzülən kimi,
hesabı istəmişdik.

O gün, hə, o gün,
13-ü cüməyə düşmüşdü
Ucuz bir ayrılığın hesabını ödəmişdik
alman hesabı.
Sən masadan
“Sənə qalmamışam” deyərcəsinə çantanı götürüb
getmişdin.
Mənsə addımlarımın
saatını çox geri çəkmişdim,
amma qürurumdan,
-çinarlara qohum qürurumdan-,
sən bir Meduza kimi uzaqlaşarkən,
dönüb baxmamışdım arxanca.

arada düşünürəm o günü:
dönüb baxmışdınmı arxamca?
Baxmışdınsa axı nədən
o gün o küçədə
bircə heykəl vardı,
Nizaminin heykəli.