“Həyat yoldaşımla halallaşmağa da qoymadılar” – Həkim qurbanları-XII

heyat-yoldasimla-halallasmaga-da-qoymadilar-hekim-qurbanlari-xii
Oxunma sayı: 5658

Son zamanlar Mərkəzi Neftçilər Xəstəxanasında baş verən pasiyent narazılıqları artmaqdadır. Bu nəticəyə bizə müraciət edən insanların şikayətlərindən sonra gəlmək olar. İnsanlar xəstəxana həkimlərinin (əlbəttə ki, bütün həkimlərə şamil edilmir) əməliyyat pulunu sünü artırması, səhv diaqnozun qoyulması kimi hallardan şikayətlənirlər. Hətta xəstələr arasında tibbi sığortayla müalicə alan neftçilər də var. Təəssüf ki, xəstəxana divarları arasında bir qisim həkimin səhlənkarlığı ölüm hallarının da yaşanmasına səbəb olur. Bəli, bu arzuolunmaz aqubəti heç kəs istəməsə də, bu baş verir. Hər halda, xəstə yaxınlarının iddiaları buna zəmin yaradır.

Qarayev Qoşqar(40 yaş) iki il əvvəl Mərkəzi Nefçilər Xəstəxanasında bir neçə həkimin məsuliyyətsizliyi üzündən həyatını itirib. Poliqrafiya sahəsinin tanınmış simalarından olan bu şəxs düzgün qoyulmayan diaqnoz və vaxtında müdaxilə edilməməsi səbəbindən ölüb. Bu barədə bizə mərhumun ailə üzvləri, eləcə də həyat yoldaşı Mahirə xanım məlumat verib. Xanımın bir neçə gün ərzində xəstəxanada müşahidə etdikləri, şahid olduqları insanı dəhşətə gətirməyə bilməz.

Əslində hər şey mərhumun bel ağrılarından şikayətlənməsi ilə başlayıb. O, yerli həkimlərdən birinə müraciət edib, həkimsə onun müayinəsi üçün Bakıda lazım olan tibbi avadanlığın olmadığını bildirib. Amma Qoşqar Qarayev şiddətlənən ağrılarının başqa yolla sənğiməsinə nail olub. O, Elçin adlı bir həkimin xüsusi “metod”u ilə (belindən daş asmaqla) ağrılarına müvəqqəti də olsa son qoyub. Həyat yoldaşı Mahirə xanım bu “müalicə”dən sonra yoldaşının əvvəllər ayaqlarının da tutulduğu halda, sonradan rahat gəzdiyini deyir. Mahirə xanım söhbətinə davam edir: “Onun yaxşılaşması qısa müddət ərzində oldu. Amma yenə də onun onurğa sütunundakı vəziyyəti bilmək məqsədiylə başqa ölkəyə getmək lazım idi. Biz 2010-cu ilin fevralında tibb sahəsi daha çox inkişaf etmiş ölklələrdən olan Türkiyəyə üz tutduq. Yoldaşım oranın nüfuzlu “Doğan” Xəstəxanasında həkim müayinəsindən keçdi. Amma türkiyəli həkim onun problemini dəqiq öyrənmək əvəzinə, Qoşqarın artıq çəkidən əziyyət çəkdiyini dedi. Bu həkimə çox inandıq, buna görə də onun məsləhətinə qulaq asdıq. Qoşqar 15 günün içində 20 kq cəkidən azad oldu. Yoldaşım və mən də onun çəkisi azaldıqca həm təəccüblənirdik, həm də sevinirdik. Qısa müddətdə onun belə tez arıqlamasının heç səbəbini də axtarmadıq. Sadəcə həkim verdiyi sözə əməl etdi. Biz evimizə, Bakıya qayıtdıq. Martın 10-u idi, yoldaşım dedi ki, başım ağrayır. Dözülməz və keçməyən ağrı səbəbindən təcili tibbi yardım çağırmalı olduq. Hətta qan qusdu, həkimlər ağciyərinə su yığıldığını dedilər. Bir neçə xəstəxananı yoldaşımla “gəzdikdən” sonra Mərkəzi Neftçilər Xəstəxanasına gəldik. Ağciyər Xəstəlikləri şöbəsində müalicə almağa başladı. Daha sonra da müayinə edilərkən böyrəyinin süzmədiyi ortaya çıxdı. Əslində əvvəllər yoldaşımın böyrəklə bağlı problemi olmasa da, böyrək xəstəlikləri onların ailələrinin irsi xəstəliyidir. Elə o öldükdən sonra da bildik ki, onun əsas problemi böyrək çatışmazlığı olub. Nə isə... Həkimlər isə narahatçılığımızdan və maddi imkanımızdan sui istifadə edərək bizə torba-torba dərmanlar aldırırdılar. Təki yoldaşım sağalsın deyə susurduq. Bir neçə gün keçdi. Palatada vəziyyəti normal görünürdü, hamı ona baş çəkirdi, yoldaşımla görüşürdük, deyib-gülürdük. Novruz bayramı günləri idi. Bir gün gəldim ki, həkimlər təşvişə düşüb, yoldaşımı təcili reanimasiya şöbəsinə yerləşdiriblər. Səbəbini soruşanda dedilər ona dializ (böyrək çatışmazlığı zamanı aparata qoşulmaqla qanın yuyulmas) olunmalıdır. Onu görmək istədiyimi dedim. Onlarsa görüşməyimə icazə vermədilər, guya yoldaşım məni görsəydi həyəcanlanıb daha pis olacaqdı. Hətta yalvardım ki, onu heç olmazsa bircə dəfə uzaqdan görüm, amma yenə də insafa gəlmədilər. Vəziyyətinin pis olduğunu biləndə, onun heç olmazsa başqa yerdə müalicə etdirmək istədik. Hətta biz Almaniyada olan yaxınımızın dəstəyi ilə onun təyyarə (bu bizə 61 min avroya başa gələcəkdi) ilə oraya aparılmasını belə planlaşdırmışdıq. Bu məqsədlə artıq alman pilotu belə tapmışdıq. Amma yerli həkimlər bizim xəstəmizi tez bir zamanda aparmağımıza barmaqarası baxırdılar, heç inanmırdılar da . Halbuki, biz yoldaşımın Almaniyanın hansı xəstəxanasına yerləşdirilmasi məsələsini də dəqiqləşdirmişdik. Amma təssüf ki, həkimlər mənim yoldaşımla görüşməyimə imkan yaratmadılar, vəziyyətinin son anda ağırlaşdığını belə bizdən gizlətdilər. Orada gözlədim, martın 22-si sakitcə gəlib dedilər ki, artıq keçinib.”

Danışdıqca acısını, itkisini təzələyən Mahirə xanım ən çox həkimlərin onu həyat yoldaşıyla halallaşmasına imkan vermədiklərinə görə təəssüflənir. O, yoldaşının ölüm xəbərini eşidəndə buna inanmadığını deyir. Hətta xəstəxanadan reanimasiyada yerləşdirilən izləyici kameralara baxmağı tələb etsə də, ona görüntülərin pozulduğunu deyiblər. Çarəsiz qalmış mərhumun ailəsi itkisi ilə barışmalı olub.

Mahirə xanım həmin andakı vəziyyətiylə əlaqədar, bir az da yaxınlarının “qismət beləymiş” təsəllisi ilə nə Səhiyyə Nazirliyinə (guya ora ümüd yeridir ki), nə də hər hansı aidiyyatlı orqana şikayət belə etməib. Amma sonralar özünün əldə etdiyi məlumata görə, həyat yoldaşı böyrək çatışmazlığından və həkimlərin dializ proseduruna düzgün əməl etməməsi səbəbindən dünyasını dəyişib. Mərhumun analizinin nəticəsində də böyrəkdə keratinin miqdarı yüksək olub.

Əslində mütəxəsislərin fikrincə, ağciyərə su yığılması böyrək çatışmazlığı zamanı baş verə biləcək vəziyyətdən biridir. Burada kompleks müalicə tələb olunur ki, onu da mükəmməl şəkildə həyata keçirdikdə, xəstənin vəziyyətini normala qaytarmaq olur.

Təəssüf ki, Neftçilər Xəstəxanasının aidiyyatlı şöbəsi ilə əlaqə yaratmaq mümkün olmadı. Oradan tutarlı cavab alınması da sual altındadır.

Mahirə xanımınsa iki il keçsə də, acısı köhnəlməyib. O, həyat yoldaşının ölümündə məsuliyyət daşıyan həkimlərin araşdırılmasını və cəzalandırılmasını istəyir.

Mərhumun ölümündə bir məqam da var. O da əvvəllər kilolu olan Qoşqar Qarayevin birdən-birə qısa müddətdə çəkisinin xeyli azaldılmasıdır. Mahirə xanım bu məsələdə isə bunları deyir: “Qoşqarın vəziyyəti pisləşəndə türkiyəli həkimlə də əlaqə saxladıq. Onun arıqlama proqramının yoldaşıma pis təsir etdiyini də dedik. Lakin diyetoloq-həkim bunu inkar etdi, xəstənin vəziyyətinin onunla heç bir əlaqəsinin olmadığını dedi.”

Azərbaycanda mütəxəsis dietoloq olmadığından bu məsələyə aydınlıq gətirmək mümkün deyil. Amma əldə olunan ekspert rəylərindən belə çıxır ki, orqanizmin qəfləti kilo itirməsi onun orqanlarının fəaliyyətinə ciddi təsir göstərə bilər. Qeyd edək ki, Qoşqar Qarayevdə əvvəllər böyrəklə bağlı hər hansı narahatçılığı olmasa da, arıqladıqdan sonra irsi ötürülülən və gizli qalan problemi ortaya çıxıb. Nəzərə alsaq ki, mərhumun vəziyyətinin pisləşməsi və müalicəsi arasında (martın 10-dan 22-dək) xeyli vaxt müddətində xəstənin sağalmaq şansı olub. Amma bu vaxt kəsiyindən səmərəli istifadə olunmayıb. Başqa sözlə, mərhum açıq-aydın bir qrup tibb işçisinin səhlənkarlığının qurbanına çevrilib.


P.S. Bir daha təkrarlamaq istəyirəm ki, həkim səhvinin qurbanları barədə yazmaqda məqsəd, həkim adına ləkə gətirmək deyil. Əsla. Məqsəd az maaş alsalar belə bu peşə sahiblərinin (zəhmət çəkən həkimə olunan əlavə “hörmət”in heç əleyhinə deyiləm) insan həyatına daha ciddi yanaşmağa səsləməkdir.

Raminə Eyvazqızı