İlham Əliyev Ağdərəyə getdi - Fotolar - Yenilənib

ilham-eliyev-agdereye-getdi
Oxunma sayı: 3294

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verib.

Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb.

Burada sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcək.

Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkib və yaşayış şəraiti ilə maraqlanıb.

***

Prezident İlham Əliyev Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub.

Dövlət başçısına kənddə icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verilib.

Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil edib, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Qeyd edək ki, Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.

Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülüb. Belə ki, 2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb.

Sonra Prezident İlham Əliyev kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkib, yeni evdə yaradılmış şəraitlə tanış olub.

***

Prezident İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub.

***

Prezidenti İlham Əliyev Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.

***

Prezidenti İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.