“İnanıram ki, Prezidentin bu göstərişi tezliklə həllini tapacaq” – Müsahibə

inaniram-ki-prezidentin-bu-gosterisi-tezlikle-hellini-tapacaq-musahibe
Oxunma sayı: 744


- Milli Məclis fevralın 1-dən yaz sessiyasına başlayacaq. Yaz sessiyasında da payız sessiyasındakı kimi gərgin iş gözlənilirmi? Vətəndaşları daha çox maraqlandıran Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı icazəsi tələb olunmayan tikililər və həmçinin indiyə qədər tikilmiş sənədsiz evlərin sənədləşdirilməsidir.

- Milli Məclisin 2012-ci il yaz sessiyasının başlanması ilə əlaqədar olaraq Milli Məclisin vitse-spikeri Bahar xanım Muradova və Milli Məclis Aparatının rəhbəri cənab Səfa Mirzəyev bu günlərdə jurnalistlər üçün mətbuat konfransı keçirərək demək olar ki, bu suallara tam və dolğun şəkildə cavab vermişlər.

Qeyd edim ki, yaz sessiyasında çoxlu sayda qanun layihələrinin qəbul olunması və qanunlara əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur. Qeyd etdiyim qanun layihələrinin bəziləri haqqında hüquq müdafiəçisi olaraq qısaca fikirlərimi bildirmək istərdim.

Vətəndaşları maraqlandıran Şəhərsalma və Tikinti məcəlləsi qəbul edildikdən sonra hər bir vətəndaş özünə məxsus fərdi torpaq sahəsində müəyyən şərtlər daxilində müvafiq İcra Hakimiyyətinin icazəsi olmadan belə özləri üçün lazım olan tikililəri həyata keçirə biləcəklər. Məsələn, hündürlüyü 2 metr 20 sm-dən çox olmayan hasarların, hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 70 kvadratmetr olan kənd təsərrüfatı obyektləri, hündürlüyü 5 metr, sahəsi 50 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililər, kiçik memarlıq formalarının ( köşklər, örtüklər, çiçəkliklər və buna bənzər digər obyektlər), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqları, fərdi yaşayış evlərinin həyətyanı sahəsində hündürlüyü ən çoxu 3 metr, sahəsi isə ənçoxu 50 kvadratmetr olan yardımçı tikililərin, istixanaların və oranjereyaların, hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antenna qullələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin, binaların fasadlarınmda və ya damlarında quraşdırılan lövhəsinin üz sahəsi ən çoxu 30 kvadratmetr olan reklam qurğularının tikintisinə və ya quraşdırılmasına icazə tələb olunmayacaqdır. Yəni hər bir vətəndaş heç bir icazə və razılıq almadan bu işləri görə biləcəkdir.

Mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımların uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi zamanı vətəndaş məlumatlandırma məqsədilə tikinti layihəsini müvafiq icra hakimiyyətinə təqdim edəcəkdir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətində tikinti layihəsinə (qeyd etdiyimiz normativdən kənara çıxma halları olmadıqda) hər hansı irad bidirilmədikdə artıq bu razılıq kimi qiymətləndirilir və tikinti işlərinə başlanıla bilinər.

Bu qanunun qəbulunadək icazəsiz tikinti aparmaq və ya daşı-daş üstə qoymaq qeyri mümkün idi. Bu sahədə vətəndaşlar böyük problemlərlə üzləşir, süründürməçilik və rüşvət halları ilə qarşılaşırdılar. Bu cür qanunların qəbulu ölkədə rüşvət və korrupsiyaya qarşı aparılan mübarizənin tərkib hissəsi kimi də dəyərləndirilə bilər.
Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyev artıq öz mövqeyini ortaya qoymuş və bu istiqamətdə müvafiq göstərişlər vermişdir. Çox təəssüf ki, bəzi dövlət qurumları hələ də bu məsələnin həlli istiqamətində lazımi işləri başa çatdırmamışlar. İnanıram ki, yüz minlərlə insanın böyük sevinclə qarşıladığı və dəstəklədiyi cənab Prezidentin bu göstərişi tezliklə öz qanuni həllini tapacaqdır.
Milli Məclisin yaz sessiyasında bu məsələnin ləngiməsi ilə bağlı bizlər tərəfindən fikirlər səslənəcəkdir. Əlavə olaraq qeyd edim ki, dünyaya qaz və neft ixrac edən bir ölkədə yüzlərlə yeni tikilmiş binalara qazın verilməməsi və bundan on minlərlə insanın soyuqdan əziyyət çəkməsi isə biabırçılıqdır. Bu məsələ də həll edilməlidir. Biz bunu parlamentdə qaldıracağıq.

Bundan başqa “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Təhsil krediti haqqında”, “Dağınıq skeleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihələri də bir hüquq müdafiəçisi kimi məni daha çox maraqlandıran qanunlardır və onların müzakirəsində də aktiv iştirak edəcəyəm.

- Fransa Senatında erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edilməsindən sonra Türkiyənin bəzi mətbuat orqanlarında Türkiyəyə bu məsələdə kifayət qədər dəstək vermədiyi üçün Azərbaycanı qınayan fikirlər səslənməkdədir. Bu barədə nə deyə bilərsiniz?

- Bu qanunun əleyhinə Prezident Administrasiyasının yüksək rütbəli şəxsləri, həm Türkiyənin, həm də Azərbaycanın mətbuat orqanlarına müsahibələr vermiş, eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyi öz etiraz notasını Fransanın Azərbaycandakı səfirini nazirliyə dəvət edərək ona təqdim etmişdir. O cümlədən də Milli Məclisin rəhbərliyində təmsil olunan şəxslərin və çoxsaylı millət vəkillərinin bu barədə fikirləri çoxsaylı mətbuatda işıqlandırılmışdır.

Mən də bu barədə çoxsaylı müsahibələr vermiş, yerli televiziyalarda canlı yayımda iştirak etmiş və həmçinin müsahibələr vermiş, İctimai TV ilə TRT-nin ortaq layihəsi olan canlı radio yayımında öz fikirlərimi bildirmişəm.

Bir daha qeyd edirəm ki, Fransa Senatının qəbul etdiyi bu məlum qanun İkinci Dünya Müharibəsindən sonra Avropada qəbul edilmiş ən mürtəce, antidemokratik və hüquqa zidd bir qanundur. İnsanların sərbəst düşüncə, fikir və söz azadlığına qarşı yönələn bu qanun heç də Fransa xalqının mövqeyini əks etdirmir.

Bu qanun Fransanın da qoşulduğu müxtəlif beynəlxalq konvensiyalara, BMT-nin və müvafiq beynəlxalq təşkilatların məramına və nizamnaməsinə ziddir.

Digər tərəfdən isə Fransa Senatı öz səlahiyyətləri çərçivəsindən kənara çıxaraq hakimiyyət bölgüsünün bir qolu olan Fransa Məhkəmə Hakimiyyətinin səlahiyyətlərini mənimsəyərək cəza nəzərdə tutan qanun qəbul etmişdir. Demokratik dövlətlərdə isə vətəndaşların qanunla cəzalandırılması səlahiyyəti məhkəməyə aiddir.
Mən hələ dekabrın 18-21 tarixində Türkiyənin paytaxtı Ankara şəhərində Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri Daimi Komissiyasının iclasında çıxış edərkən təklif etdim ki, TÜRKPA-nın Hüquq komissiyası Fransa senatında qondarma erməni soyqırımı ilə bağlı müzakirə olunan qanun layihəsinə etirazını bildirən qərar qəbul etsin. Eyni zamanda bu qərar beynəlxalq ictimaiyyətə, Fransanın müvafiq qurumlarına və mətbuata açıqlansın. Təklif komissiyanın digər üzvləri tərəfindən də dəstəklənmişdi.

Tədbir çərçivəsində bizim Türkiyə Böyük Millət Məclisinin başqanı Cəmil Çiçəklə görüşümüz zamanı o, komissiyada qaldırılan təklifə görə öz təşəkkürünü bildirmişdi.
Belə hesab edirəm ki, Türkiyə mətbuatında gedən bəzi yazıların heç bir əsası yoxdur. Siyasət təmkin və səbrli olmağı, düşünülmüş ağıllı qərarların qəbulunu tələb edir. Bu məsələdə isti başla və düşünülməmiş qərar qəbul etmək Azərbaycan üçün gözlənilməz nəticələrə gətirib çıxara bilər.

Bir şey şübhəsizdir ki,Türkiyə Azərbaycanın yanında olduğu kimi Azərbaycan da həmişə Türkiyənin yanındadır!

- Senatın bu qərarından sonra Fransanın ATƏT-in Minsk Qrupunda fəaliyyətini davam etdirməsinə münasibətiniz necədir?

- Senatda qəbul edilmiş məlum qanun bir daha onu göstərdi ki, Fransa hakimiyyəti erməni lobbisinin təsiri altındadır. Senatın bu qərarı, ATƏT-in Minsk Qrupunda həmsədrlərdən biri olan Fransanın yarıtmaz mövqeyini bir daha şübhə altına alır və Fransanın Minsk Qrupunda qalmasını məqsədəuyğun hesab etmirəm.