“Məni bir halda susdurmaq mümkündür” – Müsahibə

meni-bir-halda-susdurmaq-mumkundur-musahibe
Oxunma sayı: 1093




Redaksiyaya çatanda saat axşam 18-i ötmüşdü. İçəridə ancaq baş redaktor vardı, bir də tək müxbir. Heyət çoxdan evə getmişdi. Ölkənin iddialı saytlarından birində – Qafqazinfo-da iş prosesinin bu qədər erkən bitməsi təəccüblü idi düzü. Amma yeganə təəccüblü məqam bu deyildi ki...

“525-ci qəzet”ə qonşu olan saytın ofisi onun özü qədər böyük, əzəmətli görünmür. İki kiçik müxbir otağı və baş redaktorun kabineti. Səliqəli, təmirli redaksiya isə bu günə çatana qədər xeyli əziyyət çəkib. Bunu baş redaktor Elbrus Ərudun müsahibəsindəki hər cümlə sanki çığırır.

Tədbirlərdən, hadisə yerlərindən çiyin-çiyinə xəbər hazırladığımız, bəzən rəqib bicliyi ilə öyrəndiyi xəbəri həmkarlarından gizlədən Elbrus artıq ölkənin saylan - seçilən saytlarından birinin rəhbəridir. Məsuliyyəti də artıb, qayğıları da, sevincləri də. Biz də heç bir güzəşt etmədən (o, hansı müsahibinə nə vaxt güzəştə gedib ki - S.T) “siz” müraciətini kənara atıb, bütün iynəli-iynəsiz suallarımızı baş redaktora ünvanladıq. İnsafən, hamısını da cavablandırdı. Və ortaya maraqlı bir söhbət çıxdı...

- Redaksiyaya gəlmək istəyənlərə ünvanı ““525-ci qəzet”in yanı” deyə təsvir edirsən. Niyə bu qəzetin yanındasan? Sözün bir çox mənalarında....

- Məqsəd ucuz yer axtarıb tapmaq idi. Şəhərin mərkəzindən bir az kənar, amma həm də yaxşı yer. “Nizami” metrosunun yanındakı ofisdə başladıq, 1 ilimizi orda keçirdik. 2011-ci ilin sentyabrın 1-dən isə burdayıq. Əvvəlki ofisimiz bir otaqlı idi, müsahibə almaq, işləmək üçün şərait yox idi. Onda heç özümüz də bilmirdik ki, yaşayacağıq, ya yox. Müvəqqəti sığınacaq götürdük və başladıq. İndi isə mərkəzdən uzaqda olsa da, gözəl yer tapdıq. “525-ci qəzet” isə böyük tarixi olan qəzetdir. Onun yanında olmaq da maraqlıdır.

- Dedin ki, təzə başlayanda bilmirdiz ki, yaşayacaqsız, ya yox. Bəs nə vaxt bildin ki, yaşayacaqsız? Yaşayacağınıza əminlik hansı mərhələdən sonra baş verdi?

- 1 yaşından sonra...

- Nə baş verdi 1 yaşdan sonra?

- 1 yaşa qədər çətin günlər yaşadıq. Düz 4 dəfə saytı dağıtdılar. Hətta bir dəfə məni, saytı təhqir elədilər – ünvanımıza porno sayt yerləşdirdilər. Hər dəfə sayt dağılanda mən özüm də dağılırdım. İki gün sonra saytı yığırdılar, amma mənim özümə gəlməyim üçün 1 ay lazım olurdu. Dəfələrlə saytı qoyub getmək, atmaq, satmaq istəyirdim, dözə bilmirdim. O vaxt əlimə bir kitab düşdü. Məhəmməd Peyğəmbərin həyatı haqqında. Rus yazıçısı Vaxtin ömrünü Məhəmməd Peyğəmbərin həyatını araşdırmağa həsr edib. Öləndən sonra da oğlu araşdırıb. Ortaya “Muhammed” adında bir kitab qoyublar. Onu oxudum və mənəvi böhrandan həm özüm çıxdım, həm də Qafqazinfo saytı. Tövsiyə edərdim ki, işində, həyatında böhran olan insanlar bu kitabı oxusunlar. Bu kitabı oxuyandan sonra qərar verdim ki, mübarizə aparmaq lazımdır.

- Saytın yaranma tarixçəsi maraqlıdır. APA-nın 2 aparıcı əməkdaşı bir gün işdən çıxmağa qərar verir və qısa müddət sonra yeni sayt yaradırlar. APA-dan çıxanda mənə açıqlama vermişdin ki, bir yerdə uzun müddət qalmaq istəmirsən. Amma Qafqazinfo-nu yaradanda anladım ki, bu, uzunmüddətli bir planın nəticəsi imiş.

- Mən işdən çıxmamışdan 9 ay qabaq Qafqazinfo-nun domenini almışdım. Hiss edirdim ki, getmək istəyirəm. Buna içimdə mənəvi hazırlıq gedirdi. İstər-istəməz özüm axtarışlar aparırdım ki, burdan gedib nə edəcəm? Təbii ki, gedib ayrı yerdə müxbir işləyəsi deyildim ki? İşdən çıxmağa qərar verəndə iş yoldaşım, silahdaşım Elnur Məmmədli ilə danışdım. Dedi, mən də səninlə gedirəm. Dedim, hara gedəcəyimi bilmirəm. Dedi, sən hara gedirsənsə, mən də səninlə gedirəm. Qafqazinfo-nu yaratmaq istədiyimi bir neçə dosta dedim və yaratdıq. Əslində sayt yaratmaq elə də çətin iş deyil. Saytı bu ofissiz də yaratmaq mümkündür. Bir noutbuku qoltuğuna vurub, metroda, marşrutlarda bir sayt saxlamaq asandır.

- Hər halda, start məbləğ olmadan bu işi başlamaq mümkün deyil. Bunun əksinə inanmaq sadəlövhlük olar. O məbləği necə tapdın?

- Mən bir layihə hazırlamışdım. Onun nəticəsi olaraq bu kompüterləri aldım, işləmək üçün set qurdum. Saytı bir dostum hədiyyə edib. Əvvəl 4 kompüter almışam. Burada böyük məbləğdən, yardımdan da söhbət getmir. Mənim adım vardı ortada. İşdən çıxdım və sayt açmaq istədim. Hətta göz altına almışdım ki, alınmasa, qəzetlərin birində müxbir kimi davam edə bilərəm. Mən öz iş yerimi dəyişmək istəyirdim.

- Yerin pis deyildi axı. APA-nın prezident, parlament müxbiri idin, tanınırdın, müsahibələrin oxunurdu. Bəs niyə dəyişmək istədin bu yeri?

- Mən APA-nın qurucularındanam. APA mənim vətənimdir. Mən övladam, amma ömür boyu ata evində qalmalı deyiləm ki. Getmək zamanını gördüm və getdim. Getməyimi istəmirdilər, o ayrı. Dava-dalaş, qalmaqal da ola bilər. Çünki səni itirmək istəmirdilər və bu, yaxşı idi. Mənə zövq verirdi ki, məndən ayrılmaq istəmirdilər. Amma bu gün Vüsalə xanımla (V.Mahirqızını nəzərdə tutur-S.T) da, Nurşənlə də (N.Qulieyev) gözəl münasibətlərimiz var. Onlar fəxr edirlər ki, Elbrus bizdən ayrıldı və necə gözəl iş gördü. Onlar o əxlaqda, o səviyyədədirlər ki, bundan qürur duymalıdılar. Heç bir problem olmayıb, özümü göstərmək istəyirdim. Bunu min yerə yozmaq olar – yaradıcı mühit, müstəqillik çevrəsi daralmışdı, bacardıqlarımı tam edə bilmirdim, işdə ürək öz yerini adətə vermişdi. Tanımadığım insanlar gəlmişdi ora, APA-ya ancaq iş yeri kimi baxırdılar. Axı, jurnalistika ancaq iş deyil, yaradıcı məkandır, proses yalnız işə gəlib-getməkdən ibarət deyil. Elə olub ki, mən bir cümlə xəbərdən hönkür-hönkür ağlamışam, sevinmişəm, işdən qovulmuşam, işə qayıtmışam, yaşamışam da. O canlılıq itmişdi deyə düşündüm ki, getməliyəm.

- Yaxşı, bəs Qafqazinfo o sadaladığın, bəyənmədiyin məqamlardan nə ilə fərqlənir ki? Yenə eyni xəbər, yenə iş sistemi. Yeganə fərq odur ki, direktorsan və kreslon var, hə?

- (gülür) İnan mənə, bu 2 ildə rəhbər olduğumu hələ hiss eləməmişəm, eləyə bilməmişəm. Saytın təminatı yoxdur. İşçilərlə müdir kimi davranmıram, bura demokratik mühitdir. Katibəm yox, köməkçim yox, sürücüm yox...

- (zarafatla) Hələ təzədir də, olacaq...

- Yox, vallah, pulum başımdan aşmır. Qayğılarım artıb. Amma bundan əlavə, Elbrus Ərud adı var da. Döyüşüb, bu adı doğrultmalıydım. Özümü ölkə mediasında olan adamların 90 faizindən istedadlı, qabiliyyətli sayıramsa, niyə işləməməliyəm? İşləyirəm, fakt odur ki, oxunur. Əgər fərq olmasaydı, hamı yığışıb bir media orqanında işləyərdi də. Qafqazinfo çox fərqli portaldır. Burda mənim mövqeyim bir dəfə də olsun getməyib. Tutaq, mənim saytımda dindarlarla ateistlər bir-birini qırır, amma mənim hansı mövqedə olduğumu bilə bilməzsiz.

- Elbrus, nəyə görə qafqazinfo deyəndə yada qalmaqal düşür? Bəlkə orda yer alan şərhlərdən dolayıdır, bəlkə özünüz çığıran, bağıran stil seçmisiz ki, diqqət cəlb edəsiz?

- Mən diqqət çəkmək üçün əlimdən gələn hər şeyi edirəm. Zaman o zamandır ki, insanların diqqətini cəlb etmək mümkün deyil. Hamı heyrət hissini itirib. Küçədə vur özünü öldür, heç kim baxmır. Qəza edirsən, meyidin ortada, hamı sürüb yanından keçir. Xəbər saytı da, xəbər də bu şəkildədir. Minlərlə, yüzlərlə sayt var, əksəriyyəti cəmiyyətin həyatında hadisəyə çevrilməyib. Heç biri. Amma qafqazinfo yarandığı gündən gündəmə gəlib, bu gün girişi 25.000-dir. Xəbərin mənası qalmaqaldır, sakit deyil. Mənim məqsədim odur ki, insanları bir yolla saxlayım, özümü göstərim. Bilsin mən kiməm, ondan sonra getsin, gedə bilirsə. Bizdə güzəşt yoxdur, mənsə xəbərdən qorxmuram. Xəbərin gözünün içinə kimi getmək mənimçün problem deyil. Xəbəri verəndə fikirləşmirəm ki, kiminsə xətrinə dəyə bilərəm. Tutaq, aparıcı Zaur mənim ən yaxın dostum olub. Amma iki gündən bir hansısa köşə yazarı köşəsində, ya da tanınmış adam müsahibəsində onun adını mənfi planda çəkir. Heyfim gəlir, amma adını çıxarmıram.

- Yəni, diqqət çəkmək naminə hər şeyi edirsən? Səninçün qırmızı işıq, sərhəd yoxdumu?

- Qırmızı işıq mənimçün Azərbaycanın dövlət maraqlarıdır. Bu, şablon deyil, xəbərlə, odla işləyən adamın dediyidir. Dövlət maraqları olan yerdə mən hər şeyimi – saytımı, özümü, oğlumu verməyə hazıram. Məni bir halda susdurmaq mümkündür, harda ki, dövlət maraqları var. Orda dayanıram.

- Dövlət maraqları çox geniş anlayışdır. Azərbaycanda bu anlayış altında o qədər manipulyasiyalar edilir ki...

- Bilirəm. Hər bir dünya vətəndaşı üçün öz ölkəsinin, dövlətinin marağı nə deməkdirsə, mənimçün də o deməkdir. Məsələn, mən şəxsi, siyasi mövqeyimi ortaya qoyub, obyektivlikdən kənara çıxmaram.

- Bu, səninçün həm də qalxandır. Saytı yaşatmaq üçün dayanmağı da bacarmalısan. Müəyyən məqamlarda “dövlət maraqları qalxan”ından da istifadə edirsən, hə?

- Yox, elə deyil. Mənim saytımı müxalif sayt kimi tanıyırlar. Barəmdə də deyirlər ki, “ağzına gələni yazır”. Bu günə qədər bir dəfə də olsun, hökumətdən təzyiq almamışam. Saytım 4 dəfə dağıdılıb, amma bunu hökumət etməyib ki. Mənim bu ölkənin müxalifətinə də, hökumətinə də münasibətim eyni olub. Müxalif sayt olsaq da, prezidentin ad günündən xəbər vermişik, qızının toyundan fotosessiya, xəbər yayımlamışıq. Mən kiməm ki, mövqeyim Qafqazinfo-da getsin? Biz İsa Qəmbərə də, İlham Əliyevə də eyni məsafədə dayanmağı bacaran sayt olmuşuq. Azərbaycan kimi ölkədə bu, çətindir. 90 faiz media iqtidar mediasıdır, 10 faiz isə müstəqil olmağa çalışır. Sən də heç kimsən və özünü ortaya atırsan ki, müstəqiləm. Adama deyərlər ki, sən kimə gəlirsən? Amma 2 ilə yaxındı, ortaya fakt qoymuşam. Bəzən bir həftə müxalifət inciyir məndən, bir həftə iqtidar. Çünki bir həftə proseslər müxalifətin xeyrinə baş verir, bir həftə isə iqtidarın. Tutaq ki, ölkədə aksiyalar baş verən gün bunu necə verməyə bilərəm? Bunu verirəm, Aydın Mirzəzadə deyir ki, yaxşı saytdır, işləyirsiz, amma balansı yaman pozursan ha. Deyirəm, qardaşım, hadisə onların xeyrinədir. Ya da İlham Əliyev dalbadal 5-6 rayona səfər edirsə, hər rayonda bir açıqlama verirsə, mən bunu necə verməyə bilərəm? Onda da deyirlər, iqtidarın adamısan. Bilirsən, ortalıqda qalmaq çox çətin işdir. Mən ortalıqda qalmışam. Bu, mənə zövq verir. Qürurla deyirəm ki, işlədiyimiz bu günə qədər bir dəfə də olsun Azərbaycan iqtidarından “özünü yığışdır” təzyiqini eşitməmişəm. Amma müxalifətdən eşitmişəm. Hörmətli İsa Qəmbər, Əli Kərimli deyib ki, “o nədir sənin saytında şərhlər gedir? Onları yığışdır, sonra sənə müsahibə verək. Mövqeyini dəyişmisən, saytı əymisən”. Amma özümə deməsələr də, bilirəm ki, iqtidardakılar da bizim saytın müstəqilliyindən zövq alır. Bu yaxınlarda İlham Əliyevə misirli jurnalist sual vermişdi ki, sizin ölkəni Misirə bənzədirlər. O da əks arqumentlərdən biri kimi demişdi ki, ölkədə azad internet media var. İnan mənə, elə bildim, bunu deyərkən, məni, Qafqazinfo-nu nəzərdə tutur. Rəsmi səfərlərdən, tədbirlərdən yazı verirəm, altına şərhlər yazırlar ki, bəsdi, ayıbdı, yazmayıb bunu...

- Yeri gəlmişkən, Qafqazinfo-dakı şərhlər senzurasız gedir. Belə təəssürat yaranır ki, istənilən adam istənilən sözü orda yaza bilər. Heç bir filtrasiyadan keçmir şərhlər.

- Elə deyil. Təhqirlə tənqidin sərhədini ayırmaq çətindir. Elə söz var ki, sizinçün təhqir ola bilər, mənimçün yox. Burda bir nəfər oturur, məxsusi o baxır. Gün ərzində 2000-ə yaxın şərh gəlir. Onların ancaq 200-ü silinə bilər. O da açıq qərəz, söyüş olanda. İndi limit qoymuşuq – 500 işarədən artıq olmaz. Özüm haqqında da nə gəldi, yazırlar. Məsələn, Aynur Camalqızıdan müsahibə alıb, sayta verdik. Altından şərh yazdılar ki, Elbrus, buna görə nə qədər pul almısan? Mənim anamı söyürlər. Mən bu oxucunun aqressiyasını, köpünü almaq istəyirəm. Deyirəm, tamam da, söydün, noldu?

- Bu, saytınız üçün həm də müsahib itkisidir məncə. Şəxsən mən o siyasətçilərin, tanınmışların yerində olsam, sizə heç vaxt müsahibə vermərəm. Çünki müsahibədən, barəmdəki xəbərdən sonra şərhlərdə söyülməyəcəyimə, təhqir olunmayacağıma təminat yoxdur.

- Mən o təfəkkürdəyəm ki, biz sözümüzü yuxarıda deyirik. Şərhlər aşağıdadır. Bizim sözümüz uğurludursa, qoy aşağıdakı nə deyir, desin. Həm də o da mövqedir. İndi yavaş-yavaş mədəniləşir. Orda 3-5 adam qərəzli ola bilər. Amma o şərhlərdə cəmiyyətin necə düşündüyünü görmək olur. İnsanlar dartışır o şərh bölməsində Qoy qırsınlar bir-birini, həqiqət çıxsın üzə. Mən özüm o oxucu şıltaqlığına dözürəm. Amma ölkə rəhbərliyi, liderlər haqda təhqir, ağızdolusu söyüş yazılmasına icazə vermirəm. Mən burda hökuməti söymək üçün oturmamışam axı. Bunu istəsəm, noutbukumu qoltuğuma vurub, Fransadan, İtaliyadan söyərəm də. Mən istəyirəm, işləyim. Hətta prezidentə də müraciət etmişdim. Onu yazanda da kövrəlmişdim və yazmışdım ki, bir halda ki, siz mənim fəaliyyətimə etiraz etmirsiz, niyə mənim saytımı dağıdırlar?

- Nəticəsini gördün müraciətin?

- Hər halda ondan sonra dağıtmayıblar. (gülür)

- Şərhlərə qayıdaq. Hansı hallarda müdaxilə edirsən?

- Bəzən şərhlər emosional gedəndə reaksiya verməyə məcbur oluram. Ya da xəbərdarlıq edirəm, qızışdırıcı bir şeylər yazıram. Bilirsən, mən burda hər oyundan çıxa bilərəm. Yetər ki, saytı oxusunlar.

- “Hər oyundan çıxmaq” demişkən, mənimçün qafqazinfo bir sayt olaraq nə zaman bitdi, bilirsən? Aygün Kazımovanın qızı ilə bağlı o məlum videonu yerləşdirdiyiniz vaxt...

- (müdaxilə edir) Amma sonradan sayta baxdın da, sayt bitmədi axı səninçün.

- Çünki işim budur, xəbərlə işləyirəm, baxmağa məcburam. Amma sıradan oxucu üçün bu videonu yerləşdirən saytla müxalifətçilərlə bağlı qara piar xarakterli videoları yerləşdirən “Lider” arasında fərq azaldı. Yəni, “hər oyundan çıxmaq” deyəndə bunu da nəzərdə tutursan? Nə olursa olsun - yarıçılpaq qız şəkilləri, müğənni qızının özəl videosu - yerləşdirim, təki baxılsın?

- Yox, yox, elə deyil. Qafqazinfo Türkiyə mediası stilindədir. Mən Türkiyə mediasının vurğunuyam. Bir tərəfdə siyasi xəbərlər, o biri tərəfdə dediyiniz stildə fotosessiya. İndi insanlara quru ət yedizdirmək mümkün deyil. Bir dilim ondan, bir dilim bundan. Biz düz edirik. Top 10-a baxaq, ən çox oxunan xəbərlərin siyahısında daha çox onlar yer alır.

- Elbrus, bu, yumurta-cücə söhbətidir. Oxucu deyir, onlar təqdim edir deyə mən baxıram. Sən deyirsən, oxucu istəyir deyə mən təqdim edirəm. Bəs saytın təyinatı? Xəbər saytısan axı...

- Mən siyasi xəbərlərimi oxutmaq istəyirəm. Onu oxutmaq üçün həm də əyləndirmək istəyirəm.

- Rihannanın fotosessiyasına baxan adam İctimai Palatanın toplantısını da izləyirmi?

- Yüz faiz. Elə onlar oxuyur da bu cür xəbərləri. Biz bu gün açıqlasaq ki, sayta giriş hardandır, şoka girərsiz. Sizin xəbəriniz var ki, rəsmi qurumların əksəriyyəti internetə çıxışı bağlayıb. Milli Məclisdə facebook-a giriş yoxdu. Çünki əməkdaşların əksəriyyəti bütün gün əyləncə saytlarına baxır, çatlaşırlar. Nazirliklərdə google-də “seks, çılpaq, erotika” sözünə qadağa qoyulub.

- Aygünün qızı söhbətinə qayıdaq...

- Hə, KİV haqqında qanunda da belə bir şey var ki, həyati ictimai əhəmiyyət kəsb edən şəxs onun haqqında material niyə işıqlanıb? Bu gün də yayılsa, yenə yayaram. Axı xalq artistidir...

- Yox, xalq artistinin qızıdır. Onu məhz buna görə hədəfə çıxarmaq doğrudur?

- Xalq artistinin qızı başqaları üçün nümunə olmalıdır. Bunu da xəbər kimi yayımladım. Sonra müraciət elədilər, çıxardım. Aygün də zəng elədi. Dedim, siz mənə ana kimi müraciət elədiz deyə çıxardım. Sonra müsahibə verdi.
Söhbətin bu hissəsində daha çox mübahisə edirik. E.Ərud A.Kazımovanın qızı ilə bağlı müsahibəni verməyin doğru qərar olduğunu deyir, mən bu cür rolikin ciddi xəbər saytında yer almasının yanlışlığını müdafiə edirəm.

- Fotosessiya məsələsinə qayıdaq. Azərbaycanda kimsə özünün, ailəsinin fotosunu facebook səhifəsində yerləşdirir, siz heç bir icazə almadan onu fotosessiya kimi yayımlayırsız. Niyə?

- Düz edirik. Jurnalistikada olar-olmaz söhbəti yoxdu. Bu şəkil də, xəbərdi, paylaşıbsa, biz də yayırıq.

- Yox, axı bu adam onu bəlli çevrədəki dostları üçün yayıb, on minlərlə insan üçün yox.

- Prezidentin qızı Arzu xanımın toyundan fotosessiya verdik...

- Yox, o VİP səhifəsindən götürülmüş fotolar idi. Yəni, hamı üçün açıq. Biz başqa şeydən danışırıq.

- Bilirəm. İnanın mənə, o şəkillərə görə də çox təşəkkür etdilər mənə.

- Kim təşəkkür etdi?

- Vip səhifənin admini. Dedilər, sağ olun ki, yaxşı təqdim etdiz. İndi də insanlar öz açıqlamalarını, fikirlərini facebook, tvitter üstündən edirlər. Niyə İsa Qəmbər iki gün öncə cəmiyyətdə qalmaqala çevrilən açıqlamasını facebook-dan etdi? Deyəydi ki, yaymayın. Adnan Hacızadənin şəkillərini vermişdim. Zəng edib özünü öldürürdü, niyə vermisən? Necə bunu verməyə bilərəm? Çox şəxsi məsələ olsa, verməmək olar. Onu olmaz, bunu vermə, o birini çıxar. Hamının xətrinə dəyməsək, özümüzü çox tərbiyəli aparsaq, inanın ki, işləyə bilmərik.

- Niyə saytın özəl informasiyaları, eksklüziv müsahibələri bu qədər azdır?

- Potensialımız, müxbir saxlamaq imkanımız yoxdur. Əvvəl sırf öz materiallarımızı verirdik. Sonra sayta tələbat artdı. Oxucu səndən hər şey istəyir. Bu da portaldır, nə gördün, tulla ora. Oxucu o qədər sürətlə informasiya yeyir ki, kökəlir, şişir. Qarşısını almaq mümkün deyil. Bir ucdan deyir, ver, yeyim. Adam az qalır beynindən nəsə uydurub versin ki, təki bunun başı qarışsın. Amma özəl müsahibələrimiz, qalmaqallı xəbərlərimiz də az deyil.

- APA-da götürdüyün səs-küylü müsahibələri təkrarlamırsan artıq.

- O vaxt mən həftə ərzində bir müsahibə alırdım. İndi isə saytı saxlamaq üçün düşünürəm. Burda da kimi gördümsə, deyirəm, gəl, bir müsahibə eləyək. Fikrim-zikrim təkcə müsahibə deyil. 6-7 nəfər əməkdaşımız var. Saytın redaktor yükü Elnur Məmmədlinin üzərindədir.

- Yazıçılar Birliyinin də üzvüsən...

- Bəli, həm də prezident təqaüdçüsüyəm. Bilirəm, nəyə işarə vurursan. Mən Yazıçılar Birliyinin üzvü olaraq onlara qarşı haqlı-haqsız münasibətdə dayananlardan biriyəm. Nə gəldi, guplayıram onların əleyhinə. Yəni, mahiyyət onların əleyhinə olur, xüsusi olaraq çalışmıram. Rəşad Məcid mənim ağsaqqalımdır, mənəvi baxımdan özümü onun övladı hesab edirəm. Rəşad müəllim Yazıçılar Birliyinin katibidir, 2008-ci ildə “Yaza bilmədiklərim” kitabım çıxandan sonra məni çağırdı, getdim, üzv elədi birliyə...

- Nə sadə imiş. Çağırdı, getdin, üzv elədi...

- (gülür) İndi Yazıçılar Birliyinin üzvü olmaq dünyanın ən asan işidir. İndi Azərbaycan xalqının 90 faizi yazır nəsə. Məntiqlə hamısını da ora üzv eləmək olar.

- Bu günlərdə ikinci dəfə ata olmusan. Hətta oğluna ad tapmaq üçün facebook-da müzakirə açmışdın.

- Hə, ikinci oğlum da bu günlərdə dünyaya gəlib. Amma hələ ad tapa bilməmişəm. Anam Dəniz adı qoymaq istəyir. Heç olmasa, adda yaradıcı olmaq lazımdır. Məsələn, Artur da qoymaq istəyirəm, əzəmətli addır.

- Bəs doğurduğu assosiasiya səni qorxutmur?

- Qətiyyən. Ölkənin baş nazirinin adıdır, nəyi pisdi ki? (gülür) Ən böyük missiyamız heç olmasa bir nəfər belə olsun normal, xeyirli övlad böyütməkdir, ölkəyə faydamız bu olar.

- Qafqazinfo-nun maliyyəsi hardan gəlir? Demə ki, reklamdan. Çünki saytın yuxarısındakı reklam yeri neçə vaxtdır boş qalıb.

- Yox axı, yuxarıdakı yeri təzə açmışam. Amma indi saytda 10 reklam var. (Saytı açır, başlayrıq, reklamları saymağa – S.T) Yəni, maliyyəmizin bir hissəsi reklamdandır, bir hissəsi piar müqavilələrdən. Qurumlar, partiyaların piarı üçün müqavilələr bağlayırıq. Qafqazinfo kənardan böyük, möhtəşəm görünür. Amma inan ki, bu gün ayın 16-dır, hələ yanvarın maaşını bağlamamışam.

- Qafqazinfo-nun müxbirləri nə qədər qazana bilir?

- Azərbaycan jurnalistləri səviyyəsində qazanırlar. 400 manat alan da var, 500 manat da. Mən arzuladığım qədər maaş verə bilmirəm.

- Bəs nüfuzlu dostların yoxdu ki, hərdən sayta yardım etsin?

- Qorxurlar. Bu ölkədə bilinməyən heç nə yoxdu. Mən istəsəm, bu sayta maliyyə taparam. Sadəcə saytımı heç kimim əlaltısına çevirmək istəmirəm. 2 ildir sayt yaratmışam, amma özümə bir dəst kostyum ala bilməmişəm.

- Mən səni şəhərdə xarici maşın sürən görmüşəm.

- Düz görmüsən, amma mənim deyil, bacımındır. Mən müxbir olanda almışdım maşını, APA-da olanda. Burda biz bir tikə çörəyimizi qazanırıq. Mənim böyük amalım var. Heç kimin eləmədiyi bir işi edəcəm 2013-də. Bir müsahibə alacam.

- İlham Əliyevdən? Azərbaycan jurnalistləri bu günə qədər ancaq ondan müsahibə ala bilməyib...

- Ad çəkməyim də. Oğlaq bürcüyəm, məqsədyönlüyəm. Başım bir-iki texniki işlərə qarışıb. Mən açıq döyüşlərə girəcəm, media məkanında.

- Döyüşdə kimdir rəqibin?

- Mən bu sözü Rauf Arifoğluna demişəm. İndi də deyirəm, qoy bilsin. Mən özümə musavat.com-dan böyük rəqib tanımıram. Məqsədim də onun birinciliyini ələ keçirməkdir.

- Bəs niyə saytın adı Adil Əliyevlə, Allahşükür Paşazadə ilə hallandırılır?

- Azərbaycan xalqının mərəzidir. Heç kimi müstəqil görmürlər.

- Onlar heç pul yardımı etməyiblər?

- İndi mənim yanımda olmaq təhlükəlidir. Bir də ki, sənin adını çəkdiyin insanlar mənim ailə dostlarımdı. Yasına, toyuna getdiyim adamlardır. Onlar kifayət qədər ağıllı adamlardır. Bu günə qədər mediaya ehtiyacları olsaydı, özlərinə məxsus mediaları olardı da. Əslində, sayta baxanda onun kimə məxsus olduğu görünür. Mənə məxsusdur. Digər tərəfdən, o adamların adlarının da saytımızla yanaşı hallandırılması yaxşıdır. Buna görə çox adam çəkinir.

Sevinc TELMANQIZI
musavat.com