Minnətdarıq, nimdaş pencəkli şıq kişilər!

minnetdariq-nimdas-pencekli-siq-kisiler
Oxunma sayı: 7319

Azərbaycan Xalq Cümhuriyyətinin 104 yaşı oldu. Bu haqda, daha doğrusu, Azərbaycanın müstəqilliyini Paris Sülh Konfransında təsdiqlətmək üçün gedən nümayəndə heyəti haqqında çəkilmiş sənədli film var: “Əbədi ezamiyyət”.

Film yüksək peşəkarlıqla lentə alınıb, bu öz yerində. Həmin ekran işində çox vacib bir məqam var...

Bəlkə də kimlər üçünsə cəmi iyirmi üç ay ömrü olan bir respublikanın bugünkü həyatımızdakı əhəmiyyəti cüzidir, ancaq o filmdə qeyd olunur ki, SSRİ dağılanda məhz əsrin əvvəlində öz müstəqilliklərini Versalda təsdiqlədə bilən ölkələr azad oldu. 

Əsrin əvvəlində qanı, ömrü bahasına bizə müstəqillik dadızdıran həmin kişilər sübut etdilər ki, bir kərə yüksələn bayraq, bir daha enməz. Rusiya İmperiyası tərkibindəki ölkələrdən Versal Sülh Konfransına qatılmayanları bu gün də Rusiyanın tərkibindədir. Bu da iyirmi üç ay ömür sürən respublikanın bugünkü həyatımızdakı rolu.

Lomonosov deyirdi, biz böyük adamlarıq, azman kişilərin çiynində.

Həmin azman kişilərin – yəni cümhuriyyəti quranların, demək olar ki, heç birinin qəbri bu gün Azərbaycanda deyil.

Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy, Topçubaşov, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Əhməd bəy Ağaoğlu, Xosrov bəy Sultanov, Şəfi bəy Rüstəmbəyli, Əli bəy Hüseynzadə, Rəşid bəy Topçubaşov, Mir Yaqub Mehdiyev, Ceyhun Hacıbəyli, Məhəmməd Məhərrəmov, Əkbər ağa Şeyxülislamov, Abbas Atamalıbəyov və başqaları. Saydıqca bitməz bu adlar...

Bilmirəm, o şəxslərin qəbri Azərbaycana gətirilməlidirmi?

Bir tərəfdən onların yorğun məzarlarının həsrətində olduqları torpağa qovuşmasının rahatlığını, bu məzarların bizim torpaqda olmasının ölkəmizin mənəvi sanbalının artıracağını biliriksə, digər tərəfdən də onu bilirik ki, həmin məzarlar Azərbaycanın sərhədləridir, onların olduqları bir parça torpaq Azərbaycandır. O üzdən bu polemikanı başlatmaq tərəddüd doğrurur.

Problem isə burasındadır ki, biz cümhuriyyət dövrünü ciddi şəkildə araşdırmırıq, həmin şanlı tarix romanlar, filmlərə gəlmir, abidələrdə əksini tapmır. Biz hələ də bu və ya digər səbəblərdən həmin kişilərə ürəklə təşəkkür edə bilmirik.

Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanında yeni bir insan xarakteri ad alır, mövcud bir insan xarakteri yaxasından tutularaq bizə təqdim olunur: Təşəkkür edə bilməyən adamlar. 

Romanın qəhrəmanlarından olan Hacı Ələkbər hər kəsə təmənnasız əl tutur, etdiyi bütün yaxşılıqlardan sonra sadəcə bir cümlə deyir: “Qaytarma. Sənin olsun. Amma unutma”. 

Günlərin biri Hacı Ələkbərin meyitini bağrının başına xəncər saplanmış şəkildə yatağında tapırlar. O, hamıya əl tuturdu, yaxşılıq edirdi. Onu kim öldürə bilərdi?

Müəllif bu yerdə düşünür: Bəlkə bu qətli o adam edib ki, Hacının xeyirxahlığını dadıb, ondan “unutma” sözünü eşidib, amma unutmaq istəyib.

Bəli, bu yerdə az əvvəl qeyd olunan insan tipinin siması boy verir: minnətdar olmağı bacarmayan adam. Bu adamlar cəsur da ola bilər, qorxaq da, bir az ondan, bir az bundan da ola bilər, amma minnətdar ola bilməz.

Belə adamların yeganə yolu minnətdarlıq etməli olduğu şəxsi məhv etməkdir.

Adam tanıyıram ki, onun həyatında çox böyük köməyi keçən şəxsə təşəkkür eləməyi bacarmayıb, üç ay vurnuxandan sonra qubar çıxarıb, ölüb.

Minnətdar olmağı bacarmayan insanların çox olduğu yerlərdə həmişə təqdirəlayiq insanlar qovulur, qaçır, pərən-pərən düşür... Şair Qismət demişkən, “kişilər repressiyada, qadınlar depressiyada olur”. 

Bu xalqın və dövlətin qarşısında istənilən dövrdə böyük xidmətlər göstərmiş şəxsiyyətlərin toplumdan yeganə gözləntisi var: Təşəkkür. Çünki onları mübarizə apardıqları qüvvə qarşısında məğlubedilməz edən yeganə nəsnə tərəfdarlarının təşəkkürüdür, sevgisidir. Biz zamanından asılı olmayaraq, həmin şəxslərə təşəkkür etməyi bacarmalıyıq.

Onlar nimdaş pencəklə də xoşbəxt ola bilərlər. Onlar qırıq eynəklə də yaxşı görərlər, onlar mənzil başına avtomobilsiz də tez çatarlar, bircə onlardan təşəkkür payımızı əsirgəməyək. 

Odur ki, Azərbaycanın Xalq Cümhuriyyətinin növbəti il dönümündə həmin azman kişilərə ikiəlli təşəkkür edirik. Minnətdarıq, nimdaş pencəkli şıq kişilər!

Sərdar Amin