Qarabağ Davudoğlunun yadından niyə çıxdı?

qarabag-davudoglunun-yadindan-niye-cixdi
Oxunma sayı: 739



Fevralın 8-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun ABŞ-a başlayan rəsmi səfəri dünən başa çatdı. “Qafqazinfo”nun məlumatına görə, hələ səfər başlamazdan deyilirdi ki, bu mühüm görüşdə Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonla bir çox məsələlər müzakirə olunacaq. Müzakirə olunacaq mövzuların spketri o qədər geniş idi ki, bu Türkiyə-İsrail münasibətlərindən tutmuş, ermənilərin qondarma “soyqırımı” iddialarına, İranın nüvə proqramına, Suriya-İran-İraq münasibətlərinə, Hörmüz boğazının bağlanması təhlükəsinə, Kiprdəki sülh prosesinə qədər demək olar ki, dünya gündəmində olan bütün məsələləri əhatə edirdi. Təəssüf ki, bu konular arasında Dağlıq Qarabağın adına rast gəlmədik. Hillari Klintonun Əhməd Davudoğlu ilə görüşlərindən sonra, daha doğrusu bu səfər başa çatandan sonra ortaya çıxan detallar, müzakirə olunan məsələlərlə bağlı verilən açıqlamalar göstərdi ki, Türkiyə hökuməti fikrini-zikrini Suriyada, İranda baş verənlərə yönəldib, onu Hörmüz boğazının problemləri daha çox maraqlandırır. Maraqlıdır ki, bir həftə boyunca davam edən çoxsaylı görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü bircə dəfə də olsun yada düşməyib. Əgər müzakirə edilibsə, bəs hanı açıqlamalar?

Əlbəttə hər bir xarici dövlət kimi qardaş Türkiyənin də öz maraqları və müstəqil xarici siyasəti var. Və hər bir dövlətin, o cümlədən Azərbaycanın rəsmiləri də tez-tez xarici ölkələrə səfərlər edirlər. Həmin səfərlərdə də, öz ölkələrinin maraqlarını, daha doğrusu iki ölkə arasındakı məsələləri müzakirə edirlər. Lakin burada söhbət Əhməd Davudoğlunun ABŞ-a səfərindən və müzakirə olunan mövzularının mahiyyətindən gedir. Məhz həmin görüşlərdə müzakirə olunan mövzulara baxanda sual yaranır ki, əcəba Qarabağ onların hansından az əhəmiyyət kəsb edən məsələ olub?

Axı qardaş Türkiyə hökumətinin rəsmiləri keçirdikləri mühüm beynəlxalq görüşlərdə prioritet məsələ kimi Dağlıq Qarabağı hər zaman gündəmdə tutduqlarını deyirlər. Bunu isbatlamağa çalışırlar. O zaman indi nə baş verib? Prioritetlər dəyişdimi? Axı cənab Davudoğlunun Lavrovla yanvarın 25-də baş tutan sonuncu görüşü də təxminən belə olmuşdu. Qarabağdan danışılmamışdı. Əks halda bayaq dediyimiz kimi, bu barədə mütləq məlumat verilər, detallar açıqlanardı. Əgər Klintonla görüşdə Dağlıq Qarabağın adı çəkilibsə, yenə də gec deyil, qoy bu barədə məlumat verilsin, detallar açıqlansın. Ötənlərdə necəydi, bax elə. Onlar axı hər zaman deyirdilər ki, Dağlıq Qarabağ, Azərbaycanın haqq səsi biz üçün bütün görüşlərin tərkib hissəsidir.

Bu mövzuda çox müzakirə açmadan, sadəcə bu detalı vurğulamağın və nə baş verdiyini öyrənməyin lazım gəldiyini düşündük. Hər halda biz ABŞ səfərində iddia olunanın əslini gördük. Kaş ki, görməz olaydıq...