Ölkədə “zob” xəstəliyindən əziyyət çəkən saysız insan var. El arasında “zob” adı ilə yayılmış bu xəstəlik boğaz nahiyəsində qalxanvari vəzinin (daxildən və xaricdən) böyüməsidir. Mütəxəsislər xəstəliyin yaranmasında orqanizmdə əsasən yod çatışmazlığının səbəb olduğunu deyirlər. Tibbdə qalxanvari vəzinin böyüməsinə “boğaz uru” deyirlər. “Zob” sözü rus dilindən götürülüb və “çinədan” deməkdir. “Zob”lu xəstələrin boğazı çox halda quşların çinədanını xatırladır. Zobun müalicəsi müxtəlif yollarla həyata keçirilir. Dərman preparatlarının təyin olunması, cərrahi müdaxilə ilə xəstə sağala bilər.
Bu dəfəki qəhrəmanım zob xəstəliyini özü sağaldıb. Bunun üçün ona çay qurbağası “kömək” edib. “Qafqazinfo” maraq doğuran “müalicə üsulunu” diqqətinizə çatdırır.
“Qurbağa zəhəri “çəkdikdən” sonra öldü”
Gülnaz xanım illərdir, “zob” xəstəliyindən əziyyət çəkirmiş. Həkimlər ona dəfələrlə dərmanla müalicəni məsləhət görsə də, onun problemi tam həll edilməmiş qalıb. Sonuncu dəfə həkim ultrasəs müayinəsi etdikdən sonra zəhərli “zob” olduğunu aşkarlayıb. Gülnaz xanım sonrakı vəziyyətini danışır: “ Bizdə ailədə çox adamın qalxanvari vəzi problemi var. Həkimlər deyir ki, bu irsi xüsusiyyət daşıyır. Hətta bacım da “zob” dan qurtulmaq üçün əməliyyat keçirib. Mən isə əməliyyatdan qorxurdum. Bir gün tanışlarımdan biri dedi ki, boğaza qurbağa qoymaqla dərddən qurtulmaq olar. Əvvəlcə təəccübləndim, inanmadım. Sonra öyrəndim ki, bu üsul qədim Çin təbabətindən götürülüb. Bu üsulla sağalanlar da olub. Ürəkli davranıb qurbağa axtarışına çıxdım. Bunun üçün təmiz şirin su, çay qurbağası olmalı idi. Rayonda yaxınlarımın vasitəsiylə qurbağaları evə gətirdim. Uzandım və yaxınımın köməkliyi ilə qurbağanı boğazıma qoydum. İlk əvvəl qurbağanı əllə bir az saxlamaq lazımdır ki, qaçmasın. Sonra özü lazım olan yeri müəyyən etdikdən sonra dayanır. Üzərinə tənzif sərdik ki, tərpənməsin. Arada boğazda sancma hiss etmək olur. Qurbağa necə olursa, yalnız dayanmaqla “işini” görür. İnanmazsız, bir saatdan sonra qurbağa can verdi. Demişdilər ki, bu belə olmalıdır. İkinci gün də yenə qurbağanı qoyduq. Hər belə vəziyyətdə güclü başağrım olurdu, amma sonra keçirdi. İkinci gün də qurbağa bir saatdan çox qaldı. Bədənimdə dəyişiklik olduğunu hiss edirdim. Bir az yüngülləşmə var idi. Üçüncü gün qurbağa çox dayanmadı, bu onun göstəricisi idi ki, artıq sağalmışdım. Buna çox inanmasam da, bir həftədən sonra ultrasəs müayinəsinə getdim, həkim inanmadı. Qalxanvari vəzinin ölçüləri normala dönmüşdü. Heç özüm də inanmadım. Bu “möcüzə” idi. Zobdan qurtulmuşdum. Qurbağaların ölməsinə dilxor olsam da, qurbağa eyni zəli(zəli də müalicə müddətində içdiyi qandan şişir və ölür) kimi xəstənin sağalması üçün “özünü” qurban vermişdi. İnanmayanlar, bu üsuldan istifadə edə bilərlər. Bunun üçün “zob” unun olduğunu dəqiqləşdirməlidirlər. İndi həkimlər bu üsula gülür, istehza ilə yanaşırlar. Amma mən bunun canlı şahidiyəm. Hətta deyirlər ki, bu üsulla zobdan qurtulan xəstələr birdəfəlik sağalırlar.”
Həkimlər bu barədə həmrəy deyillər
Bu maraqlı üsulla bağlı tibb sahəsində təcrübəsi olan həkimlərin də fikri maraqlı olardı. Endokrinoloq Ayaz həkim belə bir üsulun mövcudluğuna şübhə ilə yanaşır. Deyir ki, onda çay qurbağası qalmaz ki. “Çin təbabətinin möcüzəli üsulları var, amma qurbağanın “zob” kimi qəliz vəziyyətdə yardımçı olacağına inanmıram. Bu sadəcə inancdır. Zobdan qurtulmaq istəyənlər həkimlə məsləhətləşməlidirlər.”
Diğər tibb işçisi Xalidə həkim isə həmkarı ilə razılaşmır. “Eşitmişəm bu barədə. Zobun müxtəlif formaları var. Düyünlü, zəhərli, bəsit zob. Zəhərli zob insan orqanizmində maddələr mübadiləsinin kəskin pozulmasına gətirib çıxarır, ürək-damar sisteminə mənfi təsir göstərir. Biz həkimlər dərmanla müalicə, radioaktiv yod terapiyası mümkünsüz olduqda əməliyyatı seçməli oluruq. Göyçayda bir həkim var, onun qurbağa ilə sağalan xəstələri olduğunu eşitmişəm. Bu mümkün ola bilər. Yəqin ki, bu işi bilən adam tibb sahəsində biliyə malik olmalıdır.”
Haşiyə. Zob xəstəliyinin yaranmasında orqanizmdəki yod çatışmazlığı rol oynayır.
Qadınlarda hormonal dəyişikliklər də səbəb ola bilər. Qalxanvari vəzi xüsusi hormonlar ifraz edir, bu orqanizmin bütün hissələrinə təsir edir. Buna görə də, qalxanvari vəzə hormonal sistemin “drijoru” deyirlər. Onun funksiyasının pozulması çox şikayətlərə gətirib çıxarır. Boğulma, ürək doyüntüsünün çoxalması, tərləmə, arıqlama və s. Xüsusən, Qax, Zaqatala, Şəki bölgəsində bu xəstəlikdən əziyyət çəkənlər çoxluq təşkil edir. Mütəxəsislər bildirirlər ki, yod mikroelementinin orqanizmdə olan təlabatını ödəmək üçün istifadə etdiyimiz qidanın tərkibi zəngin olmalıdır. Hər insanın yoda olan gündəlik təlabatı 150-200 mikroqram təşkil edir. Yodlaşdırılmış duzdan, dəniz , süd məhsullarından istifadə müntəzəm olmalıdır. Payız meyvələri də yodla zəngindir. İçdiyimiz suda aldığımız yodun 10%-i var. Təmiz havada da yod mövcuddur.
Bu arada qeyd edim ki, 2003-cü ildən ”Yod çatışmazlığı xəstəliklərinin kütləvi proflaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanun da qüvvədədir. Buna baxmayaraq bazarda saxta məhsullar çoxluq təşkil edir.
Raminə Eyvazqızı