Rusiyaya niyə 12 xal verdik? - Ekspertlərdən şərh

rusiyaya-niye-12-xal-verdik-
Oxunma sayı: 5761

İsveçin paytaxtı Stokholmda keçirilən “Eurovision – 2016” mahnı müsabiqəsi bitsə də, hələ də yarışmada baş verənlər müzakirə olunur.

Qafqazinfo” xəbər verir ki, xüsusilə də Azərbaycan münsiflərinin Rusiyaya ən yüksək balı (12 xal) verməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

İstifadəçilərin əksəriyyəti bildirir ki, aprel ayında cəbhədə baş verən gərginlikdən sonra şimal qonşumuza 12 balın verilməsi düzgün deyil.

Niyə Azərbaycan Rusiyaya ən yüksək balı verdi? 

 

Bu məqamda qeyd edək ki, müsabiqənin Azərbaycan üzrə münsifləri mətbuata heç vaxt açıqlanmayıb, gizli tutulub.

"Qafqazinfo" isə xarici mətbuatdan müsabiqənin Azərbaycan üzrə münsiflər heyətini adlarını müəyyənləşdirə bilib.

Heyətdə xalq artisti Brilliant Dadaşova, rejissor Gülcöhrə Şəfiyeva, dirijor Əyyub Quliyev, opera ifaçısı Fərid Əliyev, xalq artisti, baletmeyster Təranə Muradova və  aparıcı Nərgiz Cəlilova olub.

Xatırladaq ki, Azərbaycan məhz “Eurovision”a qatıldığı ildən (2008) bu günə kimi ən yüksəsk balı Ukrayna ( 77 bal) və Rusiyaya ( 67 bal ) verib. Son 3 ildə isə ən yüksək bal Rusiyaya verilir ( 12 xal).

“Eurovision”nun Azərbaycan üzrə münsiflər heyətinin üzvü, xalq artisti Təranə MuradovaQafqazinfo”ya açıqlamasında ən yüksək balı Rusiya təmsilçisi Sergey Lazarevə verdiyini söyləyib:

“Ən gözəl şou, səhnə dizaynı və mahnı Sergey Lazarevdə idi. O, yüksək səviyyədə çıxış etdi. Mən ən yüksək ballarımı “Eurovision”da ön sırada yer tutan ifaçılara vermişəm. Birinci Rusiya, ikinci Ukrayna, üçüncü Macarıstan, 4-cü yer isə Avtsraliyanı yazmışam. Bu il çox gözəl mahnı və iştirakçılar var idi. Ancaq Sergey özünü səhnədə peşəkar aparırdı. Özüm peşəkar kimi ona yüksək qiymət verdim”.

“Eurovision -2008” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən “Day after” mahnısının bəstəkarı Gövhər Həsənzadə isə bildirib ki, səsvermədə heç vaxt peşəkarlıq göstərilmir:

 

“Burada tək ifadan söhbət getmir. Amma Rusiya çox maraqlı bir musiqi parçası ilə çıxış etdi. Ancaq mənim üçün 12 ballıq çıxış Avstraliyaya idi. Yəni, mən daha çox peşəkar cəhətdən baxıram. Mahnının gücünə, səviyyəsinə və.s Radio layihəsi yox, TV layihəsi olduğuna görə, görüntü kimi Rusiya güclü idi. Səsvermədə heç vaxt peşəkarlıq göstərilmir. Burada hansısa düşüncələr və münasibətlər olur. 12 balın Rusiyaya verilməsini gözləmirdim. Mənim üçün təəccübləndirici oldu”.

 

Digər münsif üzvü, dirijor Əyyub Quliyev isə “Qafqazinfo”ya açıqlamasında münsif ballarının müzakirəsinin qeyri-etik olduğunu söyləyib:

“Münsiflər heyətinin kimliyi, qərarın müzakirəsinin açıqlamaması barədə qərar vardı. Biz nə səs vermişiksə, hamısı otağın içərisində verdiyimiz qərardır. Ordan kənara çıxarılması etik baxımdan düzgün deyil. İTV və təşkilatçıların arzusu budur ki, bu məsələni müzakirə etməyək. Heç bir beynəlxalq müsabiqədə münsiflərin qərarı müzakirə və analiz edilmir. Hər bir münsifin öz qərarı var”.

 

Eks-jüri üzvü, xalq artisti Faiq AğayevQafqazinfo”ya açıqlamasında qeyd edib ki, Avropa tamaşaçısı birinciliyi Rusiya təmsilçisinə verib:

“Biz illərdir “Eurovision” səhnəsində siyasətin hökm sürdüyündən gileylənirik. Gəlin, onların səhvini etməyək. Lazarev yüksək pilləyə laiq idi. Onun performansı , ifası və nömrə tərtibatına baxsaq, Sergey əlanın əlası idi. Onun səhnəsinin quruluşçu rejissoru yunanlıdır, dünyada bir çox ulduzlarla çalışıb. Çox yaxşı çıxış idi. Mən də həmyerlilərimi anlayıram. Onların tarixi ədalətsizlikdən doğan hiddətini bir azərbaycanlı kimi başa düşürəm. Gəlin ədalətli olaq. Bilirsiz ki, müsabiqədə səsvermə iki hissədən ibarət oldu ( Münsiflər heyəti və Avropa tamaşaçısı) . Avropalı tamaşaçılar birincliyi Lazarevə verdi”.

 

“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov isə S. Lazarevin çıxışında yeniliyin olduğunu deyib:

“Mən yarışmada İtaliyaya pərəstiş edirdim. Son iki gündə isə Bolqarıstan iştirakçısı xoşuma gəldi. Ukraynanı isə heç vaxt qalib görmürdüm. S. Lazarevin səhnə tərtibatı, mahnısı çox gözəl idi, yenilik vardı. Amma mahnının məntiqinin nə olduğunu anlamırdım. Bəlkə də məntiq var... Amma adi tamaşaçı kimi mahnını ilk dəfədən başa düşməmişəm. Azərbaycan Rusiyaya 12 xal verdi, yaxşı bir haldı. Bunu xalqımız və müsniflər həll elədi”.

Qeyd edək ki, Ermənistan münsiflər heyəti Rusiya təmsilçisi Sergey Lazarevin çıxışına 2 bal, Rusiya jüri üzvləri isə erməni ifaçı İveta Mukuçyana ən yüksək balı (12) verib. 

Elvin Elxan