Sumqayıtda 8 yaşlı qız faciəvi şəkildə ölüb.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2016-cı il təvəllüdlü Sevil Allahverdiyeva yaşadığı evin həyətində oynayarkən ipi yandırıb. Nəticədə yanan ipdən uşağa od düşüb. Valideynləri tərəfindən söndürülərək təcili xəstəxanaya çatdırılan azyaşlı aldığı yanıq xəsarətlərindən orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
***
Məsələ ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 3-də 2016-cı il təvəllüdlü şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Bildirilib ki, ona boynun, gövdənin ön səthinin, hər iki yuxarı ətrafların II və III dərəcəli termiki alov yanığı diaqnozları təyin edilib.
“Reanimasiya şöbəsində müalicəsi davam etdirilən uşağın vəziyyəti hazırda stabil ağır qiymətləndirilir”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, ilkin xəbərdə yanan azyaşlının öldüyü bildirilmişdi.