Türkdilli dövlətlərin aparıcı elm və təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri bir araya gələrək ortaq elmi platforma - Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzini təsis edilməsi barədə zoom platforması üzərindən iclas keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, iclasda Bakı Avrasiya Universitetinin (BAAU) rektoru, dosent Səyavuş Qasımov, Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dosent Zəminə Rüstəmbəyli, o cümlədən AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, həmçinin BAAU-nun professoru Mayıl Əsgərov və Özbəkistan Respublikasının Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şoxrat Sirojiddinov, Özbəkistan Respublikasının Daşkənd Dövlət Dünya Dilləri Universitetinin, Qazaxıstan Respublikasının Ə.Baytursunlu adına Dilçilik İnstitutunun, Türkiyə Respublikasının Hacəttəpə Universitetinin və Trakya Universitetinin nümayəndələri və bir qrup alimlər iştirak ediblər.
Türk dillərinin koqnitiv və psixolinqvistik aspektdən araşdırılması prosesini vahid bir mərkəzdən koordinasiya edilməsi məqsədilə yaranan qurumun təsis iclasında BAAU-nun rektoru dosent Səyavuş Qasımov və digər iştirakçılar bu qurumun türk xalqlarının dil birliyinə verəcəyi töhfəni yüksək qiymətləndirib. Rektor Səyavuş Qasımov universitet haqqında, universitetdəki elmi mühit haqqında geniş məlumat verib. Daha sonra O, çıxışında əlavə edib ki, müasir elm məkanında dilə yanaşma əhəmiyyətli şəkildə dəyişmişdir. Dil artıq formal quruluş və qrammatik sistem kimi deyil, insan düşüncəsi, idrakı, yaddaşı və mədəni təcrübəsi ilə bağlı mürəkkəb hadisə kimi öyrənilir. Bu baxımdan koqnitiv dilçilik və psixolinqvistika çağdaş humanitar elmlərin ən perspektivli istiqamətlərindən biridir. Türk dünyası üçün isə bu istiqamətin xüsusi əhəmiyyəti vardır. Çünki bu sahə vasitəsilə biz yalnız dillərimizin struktur yaxınlığını deyil, həm də ortaq düşüncə modellərini, anlayış sistemlərini və semantik əlaqələri daha dərindən araşdıra bilərik. Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzinin yaradılması məhz bu ehtiyacdan doğan vaxtında və strateji addımdır. Bu mərkəz türk dillərinin müasir metodlarla öyrənilməsinə, koqnitiv dilçilik və psixolinqvistika sahəsində ortaq elmi platformanın formalaşmasına, türkoloji tədqiqatlarda yeni yanaşmaların güclənməsinə mühüm töhfə verə bilər.
Sözügedən mərkəzin layihə müəllifi Mayıl Əsgərov təsis olunacaq mərkəzin məqsəd və fəaliyyət proqramını təqdim edərək koqnitiv dilçiliyin müasir dünya elmindəki mövqeyindən, türk dövlətləri arasında bu sahədə qurulacaq ortaq şəbəkənin əhəmiyyətindən danışıb. Kafedranın müdiri dosent Zəminə Rüstəmbəyli isə universitetin Filologiya fakültəsində magistratura pilləsində koqnitiv dilçilik və psixolinqvistika dilçilik istiqamətləri üzrə tədris olunan fənlərdən, koqnitiv dilçilik və psixolinqvistika istiqamətləri üzrə doktorant və dissertantların apardıqları elmi araşdırmalardan bəhs edib.
Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın nüfuzlu universitetləri və dilçilik institutlarının iştirak ilə yeni beynəlxalq elmi-tədqiqat qurumunun təsis iclası olduqca faydalı olub. Təsis iclasının sonunda Mərkəzin gələcək fəaliyyət planı təsdiqlənərək növbəti elmi toplantının vaxtı müəyyən edilib.




Son xəbərlər
Son Xəbərlər