Yeni filmi 2 həftədə rekord qırdı - Fotolar

yeni-filmi-2-heftede-rekord-qirdi
Oxunma sayı: 7609

Türkiyənin “Emmi” mükafatlı aktyoru Haluk Bilginerin aktyor Feyyaz Yiğitlə baş rollarını paylaşdığı “Yan-yana” filmi cəmi iki həftə ərzində böyük tamaşaçı auditoriyasına çataraq rekord qırıb.

“Qafqazinfo” xəbər verir ki, film ilk həftəsonu nəticələri ilə müqayisədə 52,9 faiz artım göstərərək, açılış həftəsində ən çox yüksəliş edən filmlər sırasında zirvəyə yüksəlib.

Premyerası zamanı 200 min nəfərdən çox izləyici toplayan “Yan-yana” bu kateqoriyada ən yüksək artım göstəricisi olan “Ayla” filmini geridə qoyub.

“Ayla” filmi ilk həftəsonunda 312 min, ikinci həftəsonunda isə 466 min izlənərək 49 faiz artımla yadda qalmışdı. “Yan-yana”da isə bu göstərici 52,9 faiz olub.

Filmin ümumi nəticələri də diqqət çəkir. “Yan-yana” noyabrın 14-də yayımlanmasından bu günə qədər 1 milyon 109 min 310 tamaşaçı tərəfindən izlənib və 259 milyon TL-dən çox gəlir əldə edib.

Qeyd edək ki, filmdə paraşüt qəzası nəticəsində boynundan aşağısı iflic olan varlı bir adam – Refik (Haluk Bilginer) ilə səmimi və sözünü əsirgəməyən Ferruhun (Feyyaz Yiğit) yolları kəsişir. Bir-birinə tam zidd olan bu iki xarakterin qarşılaşması gözlənilməz şəkildə yeni bir dostluğun yaranmasına səbəb olur.