Abbaszadə, yoxsa Cabbarov?.. - İllərdir vəziyyət dəyişmir

abbaszade-yoxsa-cabbarov-
Oxunma sayı: 4714

Bir neçə gündür ki, sosial şəbəkədə ötən illərin məzunlarının builki imtahanlarda aşağı nəticələr göstərməsi müzakirə olunur. “Qafqazinfo” xəbər verir ki, belə ki, TQDK-nın may ayının 15-də 2 və 3-cü qruplar üzrə ötən ilin məzunları üçün keçirdiyi qəbul imtahanında abituriyentlərin 75,58% 200-dən az, 91,33% isə 300-dən aşağı bal toplayıb. Cəmi 8 nəfər (0,06%) 600-dən çox bal toplayıb.

Qeyd edək ki, artıq əvvəlki illərin məzunlarının aşağı nəticə göstərməsi bir növ ənənə halını almaqdadır. Hər il məsələ bu şəkildə gündəmə gəlsə də, nəticə dəyişməz olaraq qalır. Bəziləri bu məsələyə haqq qazandırsa da, geniş ictimaiyyətin fikri ondan ibarətdir ki, ötən illərin məzunları cari illə müqayisədə daha yüksək nəticə göstərməlidirlər. Hesab edilir ki, onların oxumaq üçün daha çox vaxtları var. Üstəgəl, artıq imtahan vermə prosesini bir dəfə keçərək həmin günün həyəcanını yaşayıblar.

Qafqazinfo” illərdir təkrarlanan problemlə bağlı bir neçə şəxsin mövqeyini öyrənib.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, 15 mayda əvvəlki illərin 2 və 3-cü qrup məzunları üçün keçirilən qəbul imtahanlarında abituriyentlərin aşağı səviyyədə nəticə göstərməsinə heç bir halda haqq qazandırmaq olmaz: “Birinci ona görə ki, onlar əvvəllər imtahanlarında iştirak ediblər və təcrübələri var. İkincisi, onların daha çox və ciddi şəkildə hazırlaşmaları üçün kifayət qədər vaxtları var. Bu gün Azərbaycanda qəbul imtahanlarında iştirak edən abituriyentlər orta məktəblərdəki bilik və bacarıqları ilə imtahanda iştirak etmirlər. Onlar repititor yanında öyrəndikləri ilə imtahana gedirlər. Yəni, bu gün hansısa məktəb tərəfindən ortaya qoyulan qəbul imtahanlarında toplanılan yüksək bal və uğur orta məktəblərin uğuru deyil, bu repititorların uğurudur. Amma zəif nəticələr, uğursuzluq orta məktəblərindir. Buna görə də, qəbul imtahanlarının may ayında keçirilməsi doğru deyil. Çünki abituriyentlərin demək olar ki, hamısı ali məktəblərə hazırlaşmaq üçün repititorların yanına gedir. Həmin müəllimlər də 5-6 illik tədris proqramını iyun-iyul ayında bitirir və qalan vaxt ərzində abituriyentlər öyrəndiklərini təkrar edir. Lakin, may ayında imtahan verən abituriyentlər qəbul proqramlarını mənimsəyib qurtara bilmir. Bundan başqa, sualların ağırlıq dərəcəsi may və iyul ayında keçrilən imtahanlarda fərqli olur. İyulda keçrilən qəbul imtahanlarında daha sadə və asan olur.

Həm də TQDK qəbul imtahanlarından əvvəl 5 dəfə sınaq imtahanı keçirir. Bu zaman abituriyentlərin bilik səviyyəsini müəyyən edilməsi mümkündür. Ona görə də, bunu nəzərə alsaq, sualların ağırlıq dərəcəsini aşağı salmaq olardı. Bu çox ciddi problemdir. Təssüflər olsun ki, heç bir nüans nəzərə alınmır”.

Ali məktəbə iki dəfə imtahan verən, keçmiş abituriyent Həcər Abbaslı qeyd edib ki, ikinci dəfə imtahan verərkən birinciyə nisbətən yüksək nəticə göstərib: “Mən əvvəl Azərbaycan Pedaqoji Universitetinin tarix fakülətəsinə daxil olmuşdum. Sonra təhsilimi birinci kursdan yarımçıq qoyub Bakı Dövlət Universitetinə hazırlaşmaq barədə qərar verdim. Qeyd edim ki, bu aşağı nəticələr orta məktəblərin verdiyi keyfiyyətsiz təhsillə bağlıdır. Mənimlə bir yerdə ikinci dəfə imtahan verən dostlarım da yüksək nəticələr göstərmişdilər. Birinci dəfə 400 bal toplayanlar ikinci ili 500, 600 bal nəticə göstərmişdilər. Bu abituriyentlərin bilik və hazırlıq səviyyəsindən asılıdır. İndi abituriyentlər oxumağa kifayət qədər maraq göstərmirlər. Mənim üçün bu məsələ prinsipial idi. Əgər insan özünü qiymətləndirə bilirsə, o mütləq daha da yaxşı nəticələr göstərəcək. Bunun üçün də qarşına yüksək hədəflər qoymusan. Nəzərə alaq ki, mən repititor yanına getməmişdim, özüm hazırlaşmışdım”.

Millət vəkili Zahid Oruc Azərbaycanın təhsil sistemində köklü dəyişikliklərin baş verməkdə olduğunu vurğulayıb: “Nazir Mikayıl Cabbarov hər bir halda məktəbin məhz təhsil siyasətinin subyekti olduğunu göstərmək naminə idarəçilik sistemini dəyişdirmək üçün addım-addım o mühüm məqsədə yaxınlaşmaqdadır. Bütün orta təhsil müəssisələrinin hamısı icra hakimiyyətlərinə tabedirlər. Onlar əksər hallarda bunun üzərindən öz maraqlarını yürütməkdədirlər. Nəticədə, şagirdlərimizin, gələcək abituriyentlərimizin ümumbilik səviyyəsinə mənfi təsirini göstərmiş olur. Burada proqramların vəziyyətindən, həmçinin dərs yükündən, metodiki vəsaitlər, yaxud repititorluq sisteminin məktəblərədən ayrılıb digər yerlərə köçməsindən bəhs etmək olar. Atılan addımlar ona görə gətirib çıxarmalıdır ki, məktəb direktorları müəyyən şəffaf proseslərdən seçilib idarəetməyə gəlsinlər. Nəticədə də həmin müəssisələr alqı-satqının, ticarətin kimlərinsə maraqlarının subyekti olmasın. İndiki reallıqda Təhsil Nazirliyi buna çalışır. Tabeçilik müvafiq hökumət qurumuna birbaşa olmalıdır. Ortada başqa həlqələr olmalı deyil. Heç şübhəsiz ki müasir qabaqcıl təhsil proqramlarını elan etməklə biz bu vəziyyəti dəyişə bilərik. Son iki ilin bu cür yekunları da əvvəlki illərin məhsullarının qiymətləndirilməsidir. Hazırkı rəhbərlikdən bu vəziyyətə görə cavabdehlik tələb etmək mənəvi cəhətdən düzgün olmazdı”.

Millət vəkili əlavə edib ki, abituriyentlərin qiyməti həm də müəllimlərin qiymətidir: “Azərbaycan təhsil sistemində 20 şagirdə bir nəfər müəllimin düşməsi normasını biz bərqərar edə bilmirik. Bu həm də o deməkdir ki, müxtəlif sahələrdən orta bilik daşıyıcıları gəlib müəllim adı altında dayanıblar. Qiymətləndirmə həm də onların biliyinin nəticəsidir. Nə qədər ki öyrədənlər peşəkar olmayacaqlar, biz bu nəticələrlə üz-üzə qalacağıq. Hər halda təhsil sistemində dəyişikliklər həm də ona imkan verəcək ki, yüksək peşəkar müəlllimlərlə biz təmin olunmuş olaq. Artıq Müəllimlər İnstitunun ləğvi və onun Pedaqoji Universitetə birləşdirilməsi ilə müəllim formalaşdıran bir ali təhsil ocağımız olacaq. Bu proses dərinə işlədikcə gələcəkdə 75 faizlik savadsız şagird istehsal edən məktəblərdən də azad olmuş olacağıq”.

Günel Türksoy