Ağcabədi rayonunda doğuş zamanı ana ölüb, uşaq sağ qalıb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı vəfat edib.
Doğulan oğlan uşağı isə xilas edilib və sağdır.
Hazırda faktla bağlı araşdırma başlanıb, ölümün səbəbi araşdırılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 05:00 radələrində 2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm., çəkisi 2 200 qram olan körpə (kişi cinsli) dünyaya gəlib. Əməliyyatdan sonrakı dövrdə saat 06:30-da ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq saat 06:45 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Hazırda körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər