Azərbaycanda oktyabrın 9-da baş tutacaq prezident seçkilərindən əvvəl əfv sərəncamının veriləcəyi dəqiqləşir. “Qafqazinfo” xəbər verir ki, budəfəki əfv sərəncamı əvvəlkilərindən fərqlənəcək. Belə ki, hazırda həbsdə yatan, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı Rafiq Eliyevin, “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun, Sabirabadda tutulan hüquq müdafiəçisi İlham Əmiraslanovun, Qarabağ qazisi Oruc Məmmədovun, jurnalist Əvəz Zeynallının, siyasi baxışlarına görə həbs edildiyi bildirilən bir çox gənclərin, adları beynəlxalq hesabatlara düşən və həbsləri pislənilən şəxslərin də azadlığa buraxılacağı gözlənilir.
Belə demək mümkünsə, yaxın vaxtlarda iqtidarın mahiyyət baxımından böyük əhəmiyət kəsb edəcək bağışlama həyata keçirəcəyi gözlənilir.
Artıq eks-nazir Fərhad Əliyevlə qardaşı Rafiq Əliyev əfv üçün müraciət ediblər. Fərhad Əliyev xüsusi açıqlama ilə çıxış edərək budəfəki seçkilərdə dövlət başçısı İlham Əliyevi dəstəkləyəcəyini də açıqlayıb. Hilal Məmmədov isə bu günlərdə dövlətçiliyin dəstəklənməsi məzmununda bəyanatla çıxış edib. Bundan başqa, Qarabağ qazisi Oruc Məmmədovun həyat yoldaşının bu günlərdə ölkənin birinci xanımına və dövlət başçısına müraciəti yayılıb. O, həyat yoldaşının bağışlanmasını istəyib. Digər adları çəkilən şəxlərin də müxtəlif vaxtlarda əfv üçün müraciətlər etdiyi haqda məlumatlar var.
Qeyd edək ki, adıçəkilən şəxslərin həbsdən azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətin də tövsiyələri olub. Ekspertlər seçki ərəfəsində bu cür siyasi əfvlərin olmasını Azərbaycan iqtidarına həm daxildə, həm də beynəlxalq aləmdə müsbət imic gətirəcəyi qənaətindədirlər. Edilən müraciətlər və verilən tövsiyələr artıq iqtidar tərəfindən dəyərləndirilib. Yaxın günlərdə veriləcək əfv fərmanı ilə bağlı artıq hazırlıqlara başlanıb.
Bu arada Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova musavat.com-a açıqlamasında komissiyasının iclaslarının başladığını açıqlayıb. O qeyd edib ki, sentyabrın 3-dən iclaslara başlayıblar, lakin ərizələr çox olduğu üçün hələ bir neçə dəfə yığışmalı olacaqlar: “Ərizələr çoxdur, ona görə hələ bir neçə dəfə yığışmalı və bu ərizələrə baxmalı olacağıq. Hələ bir neçə iclasımız olacaq. Yekunda siyahılar prezidentə təqdim ediləcək. Amma qabaqda hələ iş çoxdur”.
Hüquq müdafiəçisi, deputat və Ədliyyə Nazirliyi yanında İctimai Komitənin sədri Çingiz Qənizadə də “Qafqazinfo”ya açıqlamasında sözügedən gözləntini inkar etməyib. Onun sözlərin görə, yaxın vaxtlarda baş tuta biləcək əfv sərəncamında tannımış şəxslərin adlarının olacağı istisna deyil:
“Bu həm ölkəmizin nüfuzu baxımından yüksək qiymətləndirilən bir addım, həm də cəmiyyətin barış içində olduğunu təsdiqləyən fakt olacaq. Hələlik ərizələr qəbul edilir. Təbii ki, bu sərəncamın verilməsi cənab prezidentin səlahiyyətinə aid olan məsələdir” .
Qeyd edək ki, Azərbaycanda sonuncu “Amnistiya Aktı” bu ilin mayın 7-də qəbul edilib, əfv sərəncamı isə 2012-ci ilin iyunun 22-də verilib.
Son xəbərlər
Son Xəbərlər