Azərbaycanlılarla erməniləri birləşdirən məkan – - Ureki

azerbaycanlilarla-ermenileri-birlesdiren-mekan-
Oxunma sayı: 7812


Sərin meh, sakitlik, isti qum və dəniz... Bunları bir arada görmək istəyən üçün Ureki ən münasib yerdi. Bu kiçik qəsəbə Gürcüstanda, Batuminin yaxınlığında yerləşir.

İlk baxışda diqqətçəkən heç nə yoxdu, hətta bir az Bakı kəndlərini də xatırladır. Astaraya bənzədənlər də var. Amma cəmi bir gün qalmaq kifayət edir ki, Urekinin fərqli bir məkan olduğunu “kəşf” edəsən.

Dənizlə meşə örtüyünün vəhdətində yerləşən bu kiçik qəsəbə cibinə uyğun dincəlmək istəyənlər üçün də əlverişlidir...

Urekidə bir həftə dincəlmək üçün 350-400 manat kifayət edir. Cəmi 27 manata qatarla Tbilisiyə, 15 lariyə isə (7 manat 50 qəpik) Urekiyə çatmaq mümkündür. 3 nəfərlik otaqlar 1 dəfə yemək daxil olmaqla günü 60 manata başa gəlir. Yəni, bir nəfər üçün 20 manat. Günorta və axşam yeməyi üçün əlavə 20 lari ödəmək lazım gəlir.

Azərbaycanla müqayisədə kafe və restoranlardakı qiymətlər də münasibdir.

Maqnitli qumsallıq

Qəsəbə Qara Dənizin sahilində yerləşir. Elə dənizin sahili də qara qumla əhatə olunub. İnsanlar çimərlik paltarındaca rahat şəkildə qəsəbəni dolaşa bilir. Burda hər addımbaşı erməni və azərbaycanlıya rast gəlmək mümkündür. Qara qumu müalicəvi hesab edənlər də var. Deyilənə görə, qum maqnitlidir və sümük boşluğu, revmatizm, göbələk və s kimi xəstəliklərə çox təsir göstərir.

İstirahət üçün Gəncədən gələn Aynur adlı xanımın sözlərinə görə, ötən il on gün qum vannası qəbul etməklə oğlunun ayağındakı əyrilik düzəlib.

Sahilboyu görünən qumsallıqda bir dənə də olsun həsir komaya rast gəlinmir. Kafelər də dənizdən kənar məsafədədir. Burada cəmi 5 lariyə (2 manat 50 qəpik) çətirlə birgə şezlonqun (“lejanka”) kirayə götürmək mümkündür. Üstəlik bu avadanlıqlardan bütün gün ərzində istifadə etmək olar.

Orta sahibkarlar ölkəsi

Ümumiyyətlə, Gürcüstanda orta sahibkarlıq sürətlə inkişaf edir. Sadə insanların rahat şəkildə öz bizneslərini qurması üçün imkan yaradılır. Elə demokratiya da məhz bu sahibkarların hesabına saxlanılır.

Urekidəki bütün otel və qonaq evləri, restoran və kafelər hansısa məmura deyil, adi vətəndaşlara məxsusdur. Üstəlik, bu biznesi ailə üzvləri idarə edir. Əsasən də qadınlar.

“Luka” otelinin sahibəsi İnqa deyir ki, bu biznesə qoşulmaq elə də çətin deyil. Gürcüstanın qanunları vətəndaşlığından asılı olmayaraq, hər kəsə torpaq almağa və biznes qurmağa imkan verir. Sahibkarlar da yalnız vergini və kommunal xərcləri ödəyirlər. Hansısa sahə müvəkkilinə, məmura rüşvət vermək kimi anlayışlar artıq onlar üçün yaddır.

Soyuq savaş

Urekidə addımbaşı erməniyə rast gəlmək mümkündür. Elə azərbaycanlılar da çoxdur. Yerlilər deyir ki, onların davası əsasən restoranlarda mahnı üstündə düşür. Urekidə dincələn bir azərbaycanlının sözünə görə, bu günlərdə restoranların birində ermənilərlə əlbəyaxa olublar. Əvvəlcə bir-birinin bəhsinə mahnı sifarişi veriblər. Sonra azərbaycanlılardan biri müğənniyə 100 dollar ödəyərək, bütün gecəni yalnız Azərbaycan mahnıları oxumasını rica edib. Bu da restoranda əyləşən ermənilərə xoş gəlməyib. Nəticədə dalaşan tərəflər restoranı tərk etmək məcburiyyətində qalıblar.

Urekidə işləməyə gələn ermənilər də az deyil. Qəsəbənin mərkəzində şaurma satan Qarik deyir ki, birinci dəfədir burada işləyir. Ancaq alveri pis getmir. Ona görə də hər il gəlməyi düşünür. Azərbaycanlıları çox sevdiyini, hər gecə onlarla “Maral, maral” mahnısına oynadığını deyən Qarik Azərbaycanı da çox görmək istəyir: “Biz sadə adamlarıq. Qarabağ siyasətçilərin problemidir, bizim yox. Şəxsən mənim üçün o torpaqların kimə aid olması maraqlı deyil. Azərbaycanı çox görmək istəyirəm, heyif ki, bizi ora buraxmırlar. Sosial şəbəkələr vasitəsilə çox dost tapmışam. Hətta burda da dostlarım var. İki azərbaycanlı müştərim var, sağ olsunlar, hər dəfə şaurma alanda 5 lari də çaypulu verirlər”.

Çimərliyin ətrafındakı daşların üzərində də “Azərbaycan-Qarabağ” sözlərinə rast gəlmək mümkündür.

Otel sahibləri erməni və azərbaycanlı müştərilərdən o qədər də razı deyillər. Məsələn, İnqa deyir ki, ötən il bir azərbaycanlı onun otelində qalmaqdan imtina edib. Səbəb kimi də ermənilərin həmin oteldə qalmasını göstərib: “Mənə dedi ki, sizin mühit xoşuma gəlmir. Niyə burda ermənilərə yer verirsiz? İzah etməyə çalışdım ki, davanız sizin problemdir, bizim yox, qulaq asmaq istəmədi, getdi. Eyni problemi erməni ilə də yaşamışam, o da azərbaycanlılarla bir yerdə olmaq istəməyib”.

İnqa bəzi azərbaycanlıların varlı, amma xəsis olduqlarını düşünür: “Biz gürcülər kasıbıq. Ancaq sövdələşdiyimiz işi mütləq həyata keçiririk. Azərbaycanlılarsa əvvəlcədən yer tuturlar, onlara güvənib başqa müştəri götürmürük, ancaq bir gün qalıb, səhərisi deyirlər ki, ucuz yer tapmışıq, gedirik. Ya da pulu ödəmədən gedirlər. Ona görə də bəzi qonşularım deyir ki, gələn ildən azərbaycanlı müştəri qəbul etməyəcəklər”.

Qatarda

Urekiyə getmək və qayıtmaq üçün qatardan da istifadə etmək mümkündür. Batumiyə gedən sürət qatarı bu ərazidən keçir. İqtisadi baxımdan zəif, qaza, neftə görə Azərbaycana möhtac bir ölkədə sürət qatarını görüb, qibtə etməyə bilmirsən. Elə daxili reyslər üzrə işləyən qatarlar da daha təmiz və yenidir. Bu qatarlarda işləyən konduktorlar da nəzakətli davranışı ilə seçilirlər.

Ancaq eyni sözləri Tbilisi-Bakı qatarına şamil etmək olmur. Öncə gömrük-keçid məntəqələrindəki fərqli münasibət təəssüf doğurur, gürcü sərhədçilərin xoş rəftarından sonra azərbaycanlıların bağırtısı, sərt tərz sərnişinin qanını qaraldır. Daha sonra konduktorlar...

Bu dəfə də belə oldu, hələ sərnişinlər vaqonlara daxil olmamış boynundan asdığı vəsiqəyə “konduktor Arifə Əliyeva” yazılmış xanım cavan oğlanlara üz tutdu: “Hörmətinizi əsirgəməyin, bu gecə burdasız. Əliniz cibinizdə olsun”.

Bu hal qatar yola düşəndən sonra da davam etdi. Tez-tez sərnişinlərdən yarızarafat-yarıgerçək pul istəyən xanım onların arasında jurnalistin (yazı müəllifi – A.E) olduğunu bildikdə əhvalını heç dəyişmədi də: “Elə jurnalistlərdən çox pul almaq lazımdır. Onlar tez-tez gəlir bizim idarəyə, rəis də hərəsinin cibinə 100 dollar basıb yola salır”.

P.S. ... Sözlər, rəftarlar çəkic kimi adamın beyninə döyəcləyir, acı reallıq qatarın səsini batırır. Təəssüflə sərhəddin o tayındakı həyatı düşünürsən. Və öz-özünə deyirsən: “Nə yaxşı dincəlməyə buranı, Nabranı yox, Urekini seçdim”...

Aynur Elgünəş