“Biləsuvarda işlər lazımi səviyyədə deyil” - - Prezident

bilesuvarda-isler-lazimi-seviyyede-deyil-
Oxunma sayı: 3501


“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında çıxışında deyib. İ. Əliyev bildirib ki, artıq Biləsuvar Rayon Xəstəxanasının əsaslı təmiri ilə bağlı göstəriş verilib və bu zonanın bütün rayonlarında ən yüksək səviyyəli tibbi xidmət təşkil edilir: “Nəzərə alsaq ki, bir müddət bundan əvvəl Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir, hazırda rayonda iki müasir tibb mərkəzi vardır. Bu, onu göstərir ki, burada müalicə, diaqnostika, bütün terapevtik tədbirlər yüksək səviyyədə təşkil edilir. Bu, bir daha demək istəyirəm ki, dövlət siyasətimizin təzahürüdür, Cəlilabada olan münasibətdir. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev Cəlilabadın inkişafına daim böyük diqqət göstərmişdir, dəfələrlə Cəlilabadda olmuşdur.

Bu gün Cəlilabadın yeni dövrü davam edir. Bu gün biz müstəqil dövlətdə yaşayırıq, bizim taleyimiz öz əlimizdədir. Əlbəttə ki, müstəqillik dövründə görülən işlər göz qabağındadır. O cümlədən Cəlilabadda əvvəlki dövrdə də böyük işlər görülmüşdür, Olimpiya Mərkəzi tikilmişdir, parklar salınır, kənd yolları tikilir. Bu gün bir kənd yolunun açılışını da qeyd etdik. Rayon sakinlərinin xahişini nəzərə alaraq Cəlilabad-Yardımlı yolu tikilir. Həm iki rayonu birləşdirir, eyni zamanda, yolun üstündə yerləşən onlarla kəndi əhatə edirik. Onlarla kənd yeni yoldan istifadə edəcəkdir.

Bütün işlər, iqtisadi-sosial, infrastruktur layihələri ardıcıl şəkildə aparılır. Mənə verilən məlumata görə, qazlaşdırma prosesi də gedir. Düzdür, rayon hələ ki, tam şəkildə qazlaşdırılmayıbdır, ancaq hesab edirəm ki, yaxın bir il ərzində bütün kəndlər, şəhər də daxil olmaqla yüz faiz qazlaşdırılmalıdır. İçməli su layihəsi gələn ilin sonuna qədər başa çatacaqdır, Cəlilabad şəhərinin təmiz içməli su ilə təminatı həll ediləcəkdir. Tibb mərkəzləri. Yəni, rayonda bütün sosial infrastruktur yenilənir, tikilir və bundan sonra da biz bu siyasəti davam etdirəcəyik.

Cəlilabad böyük rayondur, əhalisi də çoxdur. Əlbəttə ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər görülür, vaxtaşırı Prezidentin ehtiyat fondundan vəsait ayrılır, dövlət investisiya proqramında məsələlər öz həllini tapır. Növbəti illər üçün Cəlilabadda bu günə qədər həll edilməyən məsələlər də öz həllini tapacaqdır. Xüsusilə biz müxtəlif layihələri gələn ilin investisiya proqramına salacağıq. Gələn il növbəti regional inkişaf proqramı qəbul ediləcəkdir ki, oraya da bu günə qədər görə bilmədiyimiz məsələlər salınacaqdır.

Rayonun hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər görülür və qeyd etdiyim kimi, səhiyyə, təhsil, infrastruktur, iqtisadi inkişafla bağlı bütün məsələlər öz həllini tapır. Deyə bilərəm ki, son illərdə Cəlilabadda görülən işlər ölkəmizin ümumi dinamikasını göstərir. Mən son 10 il ərzində Prezident kimi dəfələrlə Cəlilabadda olmuşam, əvvəlki dövrlərdə də olmuşam. Amma Prezident kimi bu, mənim altıncı səfərimdir. Demək olar ki, rayonda iki ildən bir, bəlkə ondan da tez oluram. Keçən il də olmuşam. Əlbəttə ki, bu səfərlər imkan verir ki, vəziyyətlə dərindən tanış olum, eyni zamanda, insanları narahat edən problemləri də mən gərək sizdən eşidim. Əlavə nə edilməlidir, həllini gözləyən hansı əlavə məsələlər var ki, biz gələcəkdə onları həll edək. Əlbəttə, bu səfərlərdə, hər bir səfərdə biz hansısa bir önəmli obyektin açılışında iştirak edirik.

Bu xəstəxana doğrudan da, bir memarlıq əsəridir. Bir daha demək istəyirəm ki, bu xəstəxana insanların sağlamlığı üçün tikilibdir və insanların, vətəndaşların sərəncamına verilir. Eyni zamanda, bu xəstəxana həkimlərin iş yeridir. Həkimlər də başqa kateqoriyalı işçilər kimi keyfiyyətli iş yerləri ilə təmin edilməlidir. Burada iş şəraiti çox gözəldir, yüksəkdir. İstənilən şəhərdən, hətta Bakıdan buraya gəlib işləmək istəyənlərin hesab edirəm ki, sayı az olmamalıdır. Ancaq mənə verilən məlumata görə, yerli həkimlər də peşəkardırlar. Həkimlər daim öz peşəkarlığını artırmalıdırlar ki, dünyada gedən yeniliklər Azərbaycanda tətbiq edilsin. Çünki tibb elmi sürətlə inkişaf edir, burada ən müasir avadanlıq quraşdırılıbdır. Əsas odur həkimlərin təkmilləşdirilməsi prosesi daim getsin ki, insanlara keyfiyyətli tibbi xidmət göstərilsin. Həkimləri, vətəndaşları, Cəlilabad rayon sakinlərini təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.