Britaniya Assancla bağlı qərarını verdi - “Demokratiya üçün qara gündür”

britaniya-assancla-bagli-qerarini-verdi
Oxunma sayı: 1697

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel “WikiLeaks”in qurucusu Culian Assancın ABŞ-a ekstradisiya olunmasını təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “WikiLeaks” yayıb.

Məlumatda qeyd olunur ki, iyunun 17-sini “mətbuatın azadlığı və Britaniyanın demokratiyası üçün qara gün” hesab etmək olar. 

Xatırladaq ki, Culian Assanc 2019-cu ildən Londondakı Belmarş həbsxanasındadır. Onu ABŞ ərazisində 175 il həbs cəzası gözləyir.

Belə ki, 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən, ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edən Culian Assanc, Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin öldürülməsi, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayıb.

O, 2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” Assancı bu ölkənin səfirliyində həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanca qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb.