“Həddimizi aşdığımız, yekəxanalıq etdiyimiz zamanlar olub”

heddimizi-asdigimiz-yekexanaliq-etdiyimiz-zamanlar-olub
Oxunma sayı: 5155

Vergi qaçaqmalçılığında itiham olunan sosial media fenomeni Dilan Polat uzun müddət sonra səssizliyini pozub.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, o, instaqram hesabında həyat yoldaşı, iş adamı Engin Polatla öz adından açıqlama yayaraq haqlarında çıxan xəbərləri təsdiqləyib.

“Bizim də hər kəs kimi səhvlərimiz var. Ticarəti fəaliyyətimizi davam etdirərkən cəmiyyət qarşısında bəzən həddimizi aşdığımız, yekəxanalıq və lovğalıq etdiyimiz zamanlar olub. Bütün bunlara görə öncə Allahın hüzurunda xəcalət çəkirik. Sizin qarşınızda isə düşüncəsizliklərimiz və nəzakətsiz davranışlarımız olub. Bu zaman kəsiyində biz bəzən müxtəlif insani zəifliklərə görə həddimizi aşdığımızı daha yaxşı dərk etdik. Biz Allah dərgahında xalqımızdan üzr istəməyimizin, lovğalıqdan, ifratçılıqdan uzaqlaşmalı olduğumuzun fərqindəyik”, - D. Polat vurğulayıb.

O daha sonra əlavə edib: “Haqqımızda prokurorluq tərəfindən araşdırma aparılır. Sözügedən istintaq məxfi şəkildə aparılır. Bu araşdırma ilə bağlı Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) ilkin hesabatı hazırlanıb. MASAK-ın hesabatına görə, bizə qarşı vergi öhdəliyindən başqa heç bir ittiham (çirkli pulların yuyulması, qanunsuz mərc və s.), sübut və fakt yoxdur. Hazırda bütün bank hesablarımız, biznesimizin fəaliyyət göstərdiyi platformalar və tətbiqlərlə bağlı tədbirlər görülüb”.

Qeyd edək ki, bir müdddət öncə Dilan Polatla ərinin var-dövləti müsadirə edilib. Cütlüyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilib.

Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.

Dilan Polat tez-tez lüks həyat tərzi və həyat yoldaşının bahalı hədiyyələri ilə gündəmə gəlir. Bir müddət əvvəl D. Polat iş ortağı olan əri Engin Polatla birlikdə dostlarının, eyni zamanda işçisinin toyuna zibil torbası ilə dolu pulla qatılmışdı. Həmin məclisdən bir neçə gün öncə isə həyat yoldaşının ad günü üçün hazırlatdığı 60 min TL-lik (4320 AZN) tortla da gündəmə gəlmişdi.

Onun sonuncu dəfə qatıldığı “Müge ve Gülşenle 2.Sayfa” proqramında qızıl tozu qatdığı qəhvəni içməsi, eləcə də bəzən hər hansı ticarət mərkəzində gün ərzində 750 min TL xərcləməsini və hər ay 1 milyon TL-lik yardım etməsini açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, bunun ardınca Maliyyə Cinayətlərini İstintaq Şurası (MASAK) hərəkətə keçib. Qurumun hesabatında ikiliyə məxsus şirkətlər arasında şübhəli münasibətlərin olması və mövcud olmayan şirkətlərə hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışmaqları qeyd olunub.