Naxçıvan velosipedə keçir - Fotolar

naxcivan-velosipede-kecir
Oxunma sayı: 11951

Xəbər verdiyimiz kimi, “Qafqazinfo”nun əməkdaşları bu yaxınlarda Naxçıvanda olub. Naxçıvanla bağlı bir neçə reportaj saytda yayımlansa da, indi isə Muxtar Respublikanın sosial həyatından diqqətimizi çəkən bir neçə məqamı vurğulamaq istəyirik.

Müşahidələrimiz zamanı şahid olduq ki, Naxçıvanda xüsusi nizam intizam, təmizlik hökm sürür. Hər həftənin 6-cı günü iməciliklər, ağacəkmə kampaniyaları təşkil olunduğu üçün hazırda şəhərdə bir toz tərpənsə, görmək olar. Ara küçələrdə belə yol kənarlarına atılmış zibil, sellofanlar görmək mümkün deyil.

Maxta kəndində evinə qonaq olduğumuz ağbirçəkdən yaşını soruşduğumuz zaman maraqlı cavab aldıq: “Nə bilim, a bala, yaşayırıq da”. Dediyindən elə anladıq ki, yaşının bir əsri adlamasına ya çox az vaxt qalıb, ya da ki artıq adlayıb.

Şəhərin düz mərkəzindən, ən ucqar kəndinə kimi elə bir müəssisə, idarə və yaxud bina yox idi ki, qarşısında gül kolları olmasın. Özü də dekarativ, xarici güllər yox ha, dədə-babadan gördüyümüz tikanlı gül kolları.

Şəhərin mərkəzi yollarında, dayanacaqlarda cəmi 2-3 adam gözə dəyər, ya dəyməz. Sakinlərin küçələrdə az olmasının səbəbini soruşduqda isə iki cavab aldıq: Birincisi, Naxçıvan əhalisi çox əməkpərvərdir, hamı işdə-gücdə olduğu üçün küçələrdə elə də adam görmək mümkün deyil. İkincisi isə, çox insan işləmək, yaşamaq üçün yaxın Türkiyə və digər ölkələrə köçüb, ona görə əhalinin sayı azdır.

Kənd sakinləri yaşından asılı olmayaraq 60 yaşlısı da, uşağı da, cavanı da-hamı minik vasitəsi kimi velosipeddən istifadə edir. Statistika üçün desək, yolda qarşımızdan keçən 9 nəfərin 6-sı velosipedlə, biri atla, biri isə piyada oldu.

Köç zamanı Həcdən keçdiyi üçün hacı təxəllüsünü alan leyləklər burada da məscidin dörd bir yanını məskən seçib. Məscidə boylanan hacı leyləklər. Har zaman qarşılaşmaq imkanımız olmayan belə bir mənzərə kənd mərkəzindəki həyətlərdən aydın görünür. İlanların düşməninin “marlar ölkəsi”ndə belə çox olması da başqa bir maraqlı haldır.

Mağaza, gözəllik salonu və digər bu kimi obyektlərin heç birinin üzərində xarici adlara rast gələ bilməssiniz. Hətta öyrəşdiyimiz ağ yaşıl-rəngli aptek yazılarına da. Marketlər Elman, Gülzar, Ruslan və s. apteklər də əczaxana adlanır. Bir sözlə, Naxçıvan küçələrində “Haus” , “Beauty” , “Crystal” və s. xarici adlı obyeklərə rast gəlmək qeyri-mümkündür.

Əsas məşğuliyyət əkinçilik və maldarlıq olan kəndlərdə suvarma üçün Arpaçayın suyundan istifadə olunur. Regionun ən ucqar kəndinin belə müasir və tam təmirli təhsil ocaqları var.

Günel Hacı

Fotolar: Nuran Məmmədov